Modern.az

Deputatın “Türk Dünyası” kitabı təqdim olundu - FOTOLAR

Deputatın “Türk Dünyası” kitabı təqdim olundu - FOTOLAR

5 İyun 2023, 15:46

Azərbaycan Milli Elmlər Akademiyasının önündəki Elmlər Parkında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş 2-ci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı öz işinə başlayıb. Builki festivalda müxtəlif ölkələrdən nümayəndələr iştirak edir.

 

Modern.az xəbər verir ki, festivalın açılış mərasimində AYB-nin sədri yazıçı Anar, Milli Elmlər Akademiyasının vitse- prezidenti Dilqəm Tağıyev, millət vəkilləri Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, Cavanşir Feyziyev və başqaları çıxış edərək Festivalın açılışını elan ediblər. Daha sonra ayrı-ayrı müəlliflərin kitabları təqdim olunub.

 

Millət vəkili Cavanşir Feyziyevin “Türk Dünyası” adlı beşcildliyi tanınmış yazıçı-şair Əkbər Qoşalı tərəfindən təqdim olunub. Əkbər Qoşalı C. Feyziyevin müəllifi olduğu beş cilddən ibarət “Türk sivilizasiyasının təməl dəyərləri” , “Türk xalqları”, “Türk dövlətçiliyi tarixi”, “Türkşünaslıq” və “ Türk dünyasının tanınmış şəxsiyyətləri” kitablarının müxtəlif ölkələrdə 8 dildə məşr olunduğunu və bütün türk dünyasında maraqla qarşılandığını bildirib. Şair Əkbər Qoşalı kitabların məzmunu ilə bağlı geniş məlumat verdikdən sonra millət vəkilinə oxucuları maraqlandıran suallarla müraciət edib. Ədəbiyyat və Kitab Festivalının əhəmiyyətini bir daha vurğulayan Cavanşir Feyziyev türk dünyasının keçmişi, bu günü və gələcəyi ilə bağlı fikir və ideyalarını tədbir iştirakçılarına çatdırarkən deyib:

 

“1991-ci ildə müstəqilliyimizin bərpası ilə açılan yalnız fiziki-coğrafi sərhədlərimiz deyildi. Bərpa etdiyimiz müstəqillik həm də 70 il ərzində qarşımıza çəkilmiş mədəni- mənəvi buxovları, ədəbi-bədii yaradıcılıq sınırlarını aradan qaldırdı və türk dünyasının öz mənəvi birliyinə qovuşmasını təmin etdi. İndi Türk dünyasının ən qabaqcıl fikir adamları, söz və sənət adamları, ədəbiyyatçılar və bütün yaradıcı ziyalılar bu birliyin çağdaş dövrün tələblərinə uyğun yenidən şəkillənməsinə böyük töhfələr verirlər. Bu günkü Kitab festivalı da bu cür fəaliyyət dairələrinin genişləndirilməsinə xidmət edir”.

 

Moderatorun türk dünyasının gələcəyi ilə bağlı sualını cavablandıran millət vəkili qeyd edib ki, 2009- cu ildən mövcud olan Türk Şurasının əsasında 2021-ci ildə yaranmış Türk Dövlətləri Təşkilatını ümumtürk inteqrasiya proseslərində keçid mərhələsi hesab edir.

 

C. Feyziyev bildirib ki, son məqsəd təkcə mədəni- mənəvi qovuşmanı və ədəbi- bədii yaradıcılıq əməkdaşlığını deyil, həm də siyasi, iqtisadi və hərbi inteqrasiranı özündə ehtiva edən Türk Dövlətləri Birliyinin yaradılmasıdır. Belə bir birlik türk xalqlarının qlobal miyasda siyasi, iqtisadi və hərbi güc mərkəzinə çevrilməsinə və bütün türk xalqlarının təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasına gətirib çıxaracaq, eləcə də bütövlükdə Avrasiyada sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfələr verəcək”.


Türk Dünyası adlı beş cildlik kitablar toplusunun təqdimatı festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

 

image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7 image-8 image-9

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı