Bu gün dünyanın bir çox ölkələrində Sevgililər Günü qeyd olunur. Tarixi əsrlər öncəyə qədər gedib çıxan bu bayram heç də hamı tərəfindən müsbət qarşılanmır. Hətta bəzi ölkələr 14 fevral tarixinin Sevgililər Günü kimi qeyd olunmasını qadağan edib.
Modern.az Sevgililər Gününün qadağan edildiyi ölkələrlə bağlı məlumatları təqdim edir:
Malayziya
2005-ci ildə müsəlman ölkəsində Sevgililər Gününün qeyd olunmasını qadağan edən fətva verilib. Dövlət rəsmilərinin fikrincə, 14 fevral gənclərin “fəlakət və mənəvi çürümə”sinə gətirib çıxara bilər. Bu fakt əsas gətirilərək, Malayziyada Sevgililər Gününü qeyd edən şəxslərin həbs olunmasına göstəriş verilib.
Özbəkistan
Özbəkistanda da Sevgililər Günü xoş qarşılanmır. 2012-ci ildə İslam ölkəsinin Təhsil Nazirliyinin Təhsil və Dəyərlərin Təbliği İdarəsi bu bayramı qadağan edib. Özbəkistanda Sevgililər Gününün qeyd edilməsi qanuna zidd olmasa da, buna qəti şəkildə yol verilmir və insanlara Valentin əvəzinə özbək qəhrəmanı Baburun doğum gününü qeyd etmək tövsiyə olunur.
İran
2010-cu ildə İran Sevgililər Gününü rəsmən qadağan edib. Hökumət qərar verib ki, Sevgililər Günü “degenerasiyaya uğramış” Qərb mədəniyyətini və qeyri-qanuni münasibətləri təbliğ edən bayramdır. Sevgililər Günü üçün bütün hədiyyə və əşyaların istehsalı da qadağan edilib.
Pakistan
Pakistanda Sevgililər Günü İslam dininə zidd hesab edildiyi üçün, bu bayramın qeyd edilməsi qadağandır. Qadağa İslamabad Ali Məhkəməsi tərəfindən tətbiq edilib.
Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanı uzun illər əvvəl Sevgililər Gününün qeyd edilməsini qadağan edib. Mağazalarda bu bayramla əlaqədar məhsulların satışı qadağan olunub.
Akif İsmayılov