Modern.az

Deputat “Sabahın alimləri”ndən yazdı

Deputat “Sabahın alimləri”ndən yazdı

Aktual

15 Fevral 2023, 11:23

Əziz həmvətənlər!

 

Ölkəmizdə gənc nəslin bilik və bacarıqlarının artırılması, istedadlı gənclərin üzə çıxarılması istiqamətində önəmli layihələr həyata keçirilir. Bu yöndə məktəblilərin yerli və beynəlxalq olimpiadalarda iştirakının təmin olunması, STEAM layihəsi, “Sabah” qrupları və digər layihələrin əhəmiyyətini vurğulamaq olar. Belə önəmli layihələrdən biri də “Sabahın alimləri” müsabiqəsidir.

 

Ötən gün “Sabahın alimləri” XII respublika müsabiqəsinin açılış mərasimi keçirilib və məndə bu tədbirə dəvət olunmuşdum. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilən “Sabahın alimləri” XII respublika müsabiqəsinin məqsədi elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdləri aşkar etmək, onlarda natiqlik və ünsiyyət kimi müxtəlif bacarıqları inkişaf etdirmək, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumtəhsil məktəbləri arasında əlaqələri genişləndirməkdir.

 

Budəfəki müsabiqə üzrə qeydiyyatdan keçən 486 layihədən 163-ü sərgidə iştirak etmək hüququ qazanıb. Müsabiqədə üç gün ərzində şagirdlərin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarəolunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqat layihələri dəyərləndiriləcək, qaliblər sırasından seçilən məktəblilər ABŞ-də keçirilən sərgidə ölkəmizi təmsil edəcəklər.

 

Əlbəttə ki, məktəblilərin, o cümlədən müxtəlif bölgələrdən olan şagirdlərin bu tipli müsabiqələrdə iştirakı çox sevindirici haldır. Bu fakt göstərir ki, böyük şəhərlərlə yanaşı bölgələrdə təhsilin inkişafına xüsusi diqqət yetirilir. Amma təmsil etdiyim Bərdə rayonunun məktəblilərinin bu layihələrdə iştirak etməməsi məni çox narahat edir. Həm beynəlxalq olimpiadalarda, həm də “Sabahın alimləri” və digər müsabiqələrdə Bərdə məktəblilərinin iştirakı yox səviyyəsindədir. Hər tədbirdə olanda mən ümid edirəm bu dəfə Bərdədən olan gənclərimizin nailiyyətlərini görəcəyəm. Çox təəssüf ki, layihələrdə iştirak üçün müraciət, ödül alanlar arasında Bərdəmizi təmsil edən şagirdlərə rast gəlmirəm...

 

Lakin mən hesab edirəm Bərdədə yüksək təhsilli, bilikli şagirdlərimiz kifayət qədər çoxdur. Onların da bu tipli layihələrə cəlb olunması üçün müvafiq addımlar atılmalıdır, lazımi dəstək, stimulverici proqramlar həyata keçirilməsi zəruridir.

 

Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, Qarabağ Regional Təhsil idarəsinə yeni müdir təyin olunub və fəaliyyəti ümidvericidir. Mən Gündüz müəllimə uğurlar arzulayıram və əminəm ki, Bərdə məktəblilərinin növbəti bilik və bacarıqların ifadəsi olan layihələrdə iştirakının təmin olunması üçün ciddi təşəbbüslər göstəriləcək.

 

 

Fatma Yıldırım

Milli Məclisin deputatı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı