Türkiyənin 10 vilayətində baş verən və "əsrin fəlakəti" olaraq xarakterizə edilən zəlzələdən sonra qardaş ölkə Azərbaycan yardım göndərməyə davam edir.
Modern.az xəbər verir ki, yardım kampaniyasına qoşulan Azərbaycan Milli Məclisinin qardaş ölkəyə göndərdiyi 40 generator zəlzələdən zərər çəkmiş Şanlıurfaya çatıb.
Generatorlar Şanlıurfa valiliyi və AFAD-ın koordinasiyası ilə yaradılan yardım anbarına təhvil verilib.
Milli Məclisin aparat rəhbərinin köməkçisi İlham Həsənov Türkiyənin 10 vilayətində baş verən zəlzələdən dərin kədərləndiklərini bildirib:
“Türk xalqının ağır günlərində kədərini paylaşırıq. Türk xalqının yanında olmağı özümüzə borc bilirik. Prezidentlərimizin başlatdığı bu qardaşlıq münasibətləri bu çətin gündə də özünü göstərdi və bu dostluğun davamı olaraq, biz Azərbaycan Milli Məclisi olaraq öz yardımımızı etdik. Milli Məclisin sədri xanım Qafarovanın rəhbərliyi ilə göndərilən yardımı Türkiyədəki qardaşlarımıza çatdırdıq. Bütün Türkiyəyə başsağlığı veririk”.