Modern.az

Yaqub Mahmudov hansı ilklərə imza atıb? - Tarixçilərin ARAŞDIRMASI

Yaqub Mahmudov hansı ilklərə imza atıb? - Tarixçilərin ARAŞDIRMASI

23 Yanvar 2023, 17:26

Tədqiqatçılar Nazim Xəlilov və Elnur Nəciyev Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Yaqub Mahmudovun Azərbaycan tarix elmindəki xidmətlərindən bəhs edən kitab yazıblar.

Modern.az-ın məlumatına görə, “Ağır sınaqlarda sınmayan böyük alim: Yaqub Mahmudov” kitabında (Bakı, 2022) tarixçi alimin bir çox ilklərə imza atdığı qeyd olunub. 

Gənc tədqiqatçılar Yaqub Mahmudovun təşəbbüsü ilə Azərbaycan tarix elmində atılan addımları aşağıdakı kimi sıralayıblar:

1) O, tarixşünaslıqda ilk dəfə olaraq XV‐XVII əsrlərdə Azərbaycanın Avropa ölkələri ilə geniş diplomatik əlaqələr saxladığını və həmin ölkələrlə danışıqlar aparmış bir çox Azərbaycan diplomatlarının adlarını üzə çıxarıb.

2) Yaqub Mahmudov Azərbaycanın ilk tarix xəritələrini Xalq şairi Rəsul Rzanın yaxından köməyi ilə SSRİ‐də ermənilərin təsiri altında olmayan yeganə xəritə fabrikində – Kiyev Xəritə Fabrikində nəşr etdirib.

3) 1986-1990-cı illərdə onun təşəbbüsü ilə Respublika Tarix Liseyi yaradılıb, BDU-nun Tarix fakültəsində yeni ixtisaslar – “tarixçi‐arxivşünas”, “tarixçi‐şərqşünas”, “çinşünas”, “tarixçi‐arxeoloq”, “tarixçi‐etnoqraf”, “beynəlxalq münasibətlər”, “sosiologiya”, “psixologiya”, “etnopsixologiya”, “etnososiologiya” və “sosial psixologiya” ixtisasları açılıb, “Azərbaycanın maddi‐mədəniyyət tarixi”, “Dünya azərbaycanlıları: tarixi‐demoqrafiya” elmi‐tədqiqat laboratoriyaları, “Tarixi tədqiqatlarda elektron‐hesablama maşınları və riyazi üsulların tətbiqi” tədris laboratoriyası yaradılıb, qədim türk dili və folklorunun tədrisinə başlanılıb.

4) 1989‐cu ildə Yaqub Mahmudovun sədri olduğu fakültə Elmi Şurası S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edib və bu qərarın icrası ilə bağlı müvafiq məsələ qaldırılıb.

5) 1991‐ci ildə – Azərbaycanda fövqəladə vəziyyət rejiminin tətbiq olunduğu dövrdə onun rəhbərliyi ilə orta ümumtəhsil məktəbləri üçün ilk “Azərbaycan tarixi” proqramı nəşr olunub.

6) O, 1991‐1992‐ci illərdə Azərbaycan Respublikasının ilk Təhsil Qanununu hazırlayan ekspert‐işçi qrupuna rəhbərlik edib.

7) Müstəqillik dövrünün ilk “Azərbaycan tarixi” və “Orta əsrlər tarixi” dərsliklərinin (orta ümumtəhsil məktəbləri üçün) yaradılması tarixçi-alimin adı ilə bağlıdır. Onun hazırladığı “Ata yurdu” dərsliyi 2003‐cü ildə Azərbaycan tarixinə aid yeni elmi baxışa və dərslik mədəniyyətində uğurlu səhifə açdığına görə “İlin dərsliyi” seçilib.

 

8) Yaqub Mahmudovun baş redaktoru olduğu “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” (2 cilddə, Bakı, 2004-2005) cümhuriyyət tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir.

9) Onun həmmüəllifi olduğu “Qarabağ: real tarix, faktlar, sənədlər” kitabında (7 dildə) ilk dəfə olaraq Qarabağ tarixi bütöv halda - ən qədim dövrlərdən bu günədək təkzibolunmaz sənədlər və fotoşəkillər əsasında şərh olunub.

10) İlk “Azərbaycan tarixi atlası”nın (Bakı, 2007) xüsusi məzmunu Yaqub Mahmudovun rəhbərliyi və redaktəsi ilə işlənilib.

11) Onun rəhbərliyi ilə “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi reallaşıb və respublikaya Türkiyə, Rusiya, Gürcüstan, Fransa, Böyük Britaniya, Almaniya, Hindistan və digər ölkələrdən on minlərlə arxiv sənədi gətirilib.

12) Tarixçi-alimin həmmüəllifi olduğu “Heydər Əliyev” ikicildliyi (Bakı, 2013) ulu öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətinin akademik səviyyədə araşdırılması yolunda ilk təşəbbüsdür.

13) Onun həmmüəllifi olduğu “Azərbaycan Respublikasının tarixi” ikicildliyi (Bakı, 2016) Azərbaycanın müstəqillik dövrü tarixinin akademik səviyyədə araşdırılması yolunda ilk təşəbbüsdür.

14) Yaqub Mahmudovun elmi redaktor və naşiri olduğu “Azərbaycan tarixi xəritələrdə” atlası (Bakı, 2022) Azərbaycan tarixinə dair ilk fundamental atlasdır.

15) O, diplomatiya tarixi, itirilmiş torpaqlar və soyqırımları tarixi istiqamətləri üzrə elmi məktəblər yaradıb. Onun elmi rəhbərliyi ilə 67 nəfər fəlsəfə və elmlər doktoru yetişib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu