Modern.az

“Prezidenti Xocalıda dağıdılan evimə apardım” - Elman Məmmədovla MÜSAHİBƏ

“Prezidenti Xocalıda dağıdılan evimə apardım” - Elman Məmmədovla MÜSAHİBƏ

Müsahibə

28 Fevral 2024, 12:48

Fevralın 26-da Prezident İlham Əliyev Xocalıda olub. Burada İlham Əliyev soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq memorialın təməlini atıb. Milli Məclisin deputatı Elman Məmmədov Xocalı ictimiayyətinin nümayəndəsi kimi Prezidentlə görüşdə iştirak edib.


Modern.az saytı ilə həmsöhbət olan Elman Məmmədov Xocalı səfərinin təəssüratlarını bölüşüb.
 

- Elman müəllim, 32 ildən sonra doğma Xocalıya ayaq basdınız. Təəssüratlarınızı bilmək istərdik...
 

- 32 il həsrətində yaşadığım doğma yurd-yuvama qayıtdım. Ən kövrək hissləri keçirdim. Düzdür, 26 fevral soyqırımının törədildiyi hüzn günüdür. 32 il əvvəl Xocalıdan məğlub kimi çıxmışdıq. 32 ildən sonra torpaqları düşmənlərimizdən tam azad edib qalib Azərbaycan vətəndaşı kimi doğma yurd-yuvamıza qürur, fəxarət və sevinc hissi ilə qayıtdıq. Bir daha hamımızın ürəyindən keçdi və dedik ki, “şəhidlərimizin qanı yerdə qalmadı".
Bu torpaq uğrunda canlarını vermiş şəhidlərin ruhu artıq şaddır. Çünki onların qisası döyüş meydanında alınıb". 

Bax, belə hisslərlə Xocalıya qayıtdıq. Buna görə bütün əsgər və zabit heyətinə, orduya komandirlik edənlərə, müzəffər Ali Baş Komandana minnətdarıq. Azərbaycan xalqına və dövlətinə minnətdarlığımızı bildiririk. Ordunun nümayəndələrini, övaldlarını xalq yetişdirib. Ordumuz bu dövlətin və Ali Baş Komandanın gücü sayəsində düşməni diz çökdürüb qalib gəldi. Ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olundu.

- Xocalıya Prezidentlə bir avtobusda getdiniz. Prezidentə demək istədiyiniz hansı məsələni çatdırdınız?
 

- Mən və tədbirdə iştirak edən Xocalı sakinləri bütün əhalimiz adından cənab Prezidentimizə, Ali Baş Komandanımıza sonsuz məhəbbətimizi, minnətdarlığımızı və təşəkkürümüzü ifadə edirdik. Çünki bu qələbinin qazanılması onun fəaliyyəti, yürütdüyü uğurlu xarici və daxili siyasətin nəticəsidir. Qələbə cənab Prezidentin rəhbərliyi altında qurulan ordunun, vətənpərvər, mübariz və döyüşkən ruhda tərbiyə olunan gənclərimizin sayəsində əldə edildi. Bütün bunlara görə biz təşəkkür və minnətdarlığımızı bildirirdik. Təbii ki, danışıqlar, söhbətlər zamanı o ərazilərdə doğulub-böyüyən, hər yeri tanıyan adam kimi cənab Prezidentə döyüş yerləri, keçdiyimiz yollar haqqında ətraflı məlumat verməyə çalışırdım.

- Xocalıdakı evinizə gedə bildiniz?


- Memorial komplesinin təməli qoyulduqdan sonra Xocalı şəhərinin özünə gəldik. Cənab Prezident Xocalı sakinlərindən birinin evinə daxil oldu. Oradan çıxanda mən cənab İlham Əliyevə dedim ki, bu yol mənim ata-baba yurduma, evimə aparır. Prezidentimiz dedi ki, “gedək, baxaq”. Yol bir az palçıqlı və daş-kəsəkli idi. Düzünü deyim ki, Prezidentimin o yolla getməsinə qıymadım. Nəhayət bizim evin yerləşdiyi əraziyə gəldik. Babamın, qonşuların evləri və öz evimin yerini dövlət başçımıza göstərdim.
 

- Evinizin son durumu necəydi?
 

- 32 il əvvəl evim ermənilər tərəfindən darmadağın edilib, yandırılaraq viran qoyulub. Buna görə də evin yeri təmizlənib və yeni bünövrə tökülüb. Yeni evin tikintisinə artıq başlanılıb.
 

- Tikintidən söz düşmüşkən, Xocalıdakı bərpa-quruculuq işləri necə gedir?
 

- Xocalı azad olunan gündən orada cənab Prezidentin tapşırığı ilə bərpa-quruculuq işləri başlayıb. İşlər çox sürətlə və yüksək səviyyədə davam etdirilir. Bu saat Xocalıda elektrik enerjisi, qaz və su təminatı var. Çirkab sularının axıdılması üçün kanalizasiya xətləri çəkilir. Xocalı məktəbində işlər yekunlaşır. Çox az müddətdən sonra istifadə üçün tam hazır olacaq. Xocalıda vaxtilə tikdirdiyimiz xəstəxana tam bərpa olunub və istifadəyə hazırdır. İnsanlarımızın yaşaması üçün bütün işlər görülür. İşlərin çox yüksək səviyyədə görülməsi cənab Prezidentin rəhbərliyi və verdiyi tapşırıqların nəticəsidir. 
 

- Orada sizinlə bərabər başqa Xocalı sakinləri də vardı. Bir deputat kimi onlarla söhbətləşdinizmi, sakinlərin sizə müraciətləri oldumu?


- Təbii ki, öz aramızda danışdıq.  Biz onsuz da həmişə ünsiyyətdə oluruq. Bakıdan Xocalıya birlikdə getmişdik. Orada hamımız bir-birimizə gözaydınlığı verirdik, təbrikləşirdik. Hamımız yenidən Xocalıya qayıdıb, burada yaşayacağıq deyə bir-birimizə müraciət edirdik. Bundan gözəl nə ola bilər...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir