Modern.az

Kəlbəcərdəki Azərbaycan... Orada dava var...

Qarabağ

1 İyul 2024, 10:00

Kəlbəcər dünyada bənzərsizdi.

Kəlbəcər bölgələrimizin ən fərqlisidi.

Kəlbəcər ancaq özünə oxşayır.

Hər bölgədə hiss etdiyin, gördüyün bir Azərbaycan var.

Kəlbəcərdəki Azərbaycan da o biri bölgələrdəki Azərbaycana bənzəmir.

Ali Baş Komandanın liderliyi ilə 44 gündə Azərbaycan əsgərinin göstərdiyi möcüzə həm də Kəlbəcər möcüzəsidir...

Kəlbəcərdə Bayrağımız da bir başqa cür görünür, o rənglərdən dünyanın heç bir yerində yoxdur.

Kəlbəcərdəki Himnimiz də bir başqa cür səslənir, o əzəmətli, müqəddəs səsi dünyanın heç bir yerində eşidə bilmərsən.

Kəlbəcərdəki Azərbaycan bir başqadır.

Orada hər şey özünəməxsusdu...

Kəlbəcər buludlar ayağının altında qaldığı yerdən başlayır.

Səndən yuxarıda Tək Allah var...

Kəlbəcər möcüzələr diyarıdır. Kəlbəcərin günəşi, havası, suyu, küləyi, yolu, çığırı, dağı, daşı, torpağı, tozu, gül-çiçəyi, ağacı, kol-kosu, qartalı, kəkliyi, sərçəsi, canavarı, ayısı, pələngi, keçisi, dovşanı, ilanı, qurbağası, göyü, yeri, soyuğu, istisi, qoxusu, hamısı, hamısı tam fərqlidir.

Kəlbəcərdə yaşayan adamlar da bir başqadırlar.

Orada yaşayan adamlar elə Kəlbəcərin təbiəti kimidirlər.

Kəlbəcərin təbiəti çox sərtdir, di gəl ki, sərtliyi qədər də səmimidir.

Kəlbəcərin bənzərsizliyinin sirri elə səmimiliyindədir. İndiki dünyada tapılmayan səmimilk Kəlbəcərdədir.

Kəlbəcərdəki Azərbaycan bir başqadır.

Kəlbəcərdə davamlı 10-15 gün yaşadınsa, özünü oranın sakini hesab edəcəksən. Bunu indi Kəlbəcərdə çalışan insanlardan soruşa bilərsiniz.

Çalışmaq demişkən, indi Kəlbəcərdə inanılmaz tikinti, quruculuq işləri gedir.

Onlarla söhbət edirsən...

Görürsən ki, Kəlbəcərdəki tikinti, quruculuq işləri də bir başqadır.

Sıldırım qayalar üzərindən Kəlbəcərə mavi qaz xətti çəkirlər, hər an həyatları təhlükədədir, ancaq qazanc gözləmirlər.

Sıldırım qayalardan Kəlbəcərə tunellər, yollar çəkirlər, hər an həyatları təhlkədədir, ancaq qazanc gözləmirlər. Sıldırım qayalardan Kəlbəcərə işıq çəkirlər, hər an həyatları təhlkədədir, ancaq qazanc gözləmirlər.

44 Günlük Vətən Savaşından öncə qaz çəkənlər, yol çəkənlər, işıq çəkənlər fürsət axtarıb dövlət büdcəsini talayırdılar.

İndi Kəlbəcərdə tikinti, quruculuq işləri aparanlar işlərinə müqəddəs baxırlar, düşmənlə müharibə edirlər kimi çalışırlar, büdcənin manatını qoruyurlar.

Bilirlər ki, o torpaqlar öz-özünə azad olunmayıb.

Hər qaya, hər daş arxasından bir Şəhid ruhu boylanır.

Bu ruhları şad eləmək üçün mücadilə edirlər.

Amacları Kəlbəcəri abadlaşdırmaqdır, işləri tez bitirməkdir. Əslində onlar bununla kəlbəcərlilərin tez bir vaxtda yurd-yuvalarına qayıtmalarını istəyirlər.

Oranın təbiəti elədir ki, bir saat içində gün çıxır, qar yağır, külək əsir, fırtına qopur, düman gəlir, yenə gün çıxır. İndi Kəlbəcərdə tikinti, quruculuq işlərində çalışanlar gerçək savaşdadırlar.

Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan davasıdır.

Hamı o davanın yanındadır. İlham Əliyevin Azərbaycan davası 44 günlük Vətən Savaşıyla bitməyib.

O dava Azərbaycanın gələcəyinə hesablanmış ömürlük bir davadır, Vətən sevdasıdır.

O davanın sonunda Zəngəzur, İrəvan, bütöv Azərbaycan görünür.

Bəli, 44 günlük Vətən Savaşında Azərbaycan əsgərinin göstərdiyi möcüzə həm də Kəlbəcər möcüzəsidir...

O savaşdan sonra Bayrağımız da bir başqa cür görünür.

O savaşdan sonra Himnimiz bir başqa cür səslənir.

Kəlbəcərdəki Azərbaycan bir başqadır.

Orada hər şey özünəməxsusdu.

Kəlbəcər buludlar ayağının altında qaldığı yerdən başlayır.

Qartal səndən aşağıda uçur.






 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ