Modern.az

Hökumətin hesabatlarında Qərbi Azərbaycana xüsusi yer verilsin - İcma sədri

Hökumətin hesabatlarında Qərbi Azərbaycana xüsusi yer verilsin - İcma sədri

Qərbi Azərbaycan

15 Mart 2024, 16:31

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında Hesabat hər cəhətdən qürurvericidir. Təkcə ona görə yox ki, bu Hesabat Azərbaycanın bütün sahələr üzrə inkişafının güzgüsüdür, həm də ona görə ki, 2023-cü il Ümummilli Liderimiz Heydər Əliyev ili idi və biz Ulu Öndərin bugünkü uğurlarımızın təməlində dayanan fəaliyyət və ideyalarını ilboyu bir daha nəzərdən keçirdik. Həm də ona görə qürurvericidir ki, həmin ilin sentyabr ayındakı antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqları separatçılardan tam təmizləndi və bütün ölkə ərazisində dövlət suverenliyimiz həmişəlik bərpa olundu.

 

Modern.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli Milli Məclisin bu gün keçirilən iclasında deyib.

 


"2023-cü il bizim üçün bir də ona görə əlamətdardır ki, biz həmin il cənab Prezidentin Qarabağ müharibəsindən sonrakı dövr üçün Azərbaycan xalqının əsas hədəfi, xarici siyasətimizin prioriteti olaraq irəli sürdüyü tarixi torpaqlarımıza Qayıdış Konsepsiyasının həyata keçirilməsi istiqamətində bir sıra uğurlu addımlar atdıq. Birincisi, Qərbi Azərbaycana Qayıdış ideyasını gündəmə gətirərək ümummilli ideyaya çevirdik, ikincisi, Qərbi Azərbaycan həqiqətlərini beynəlxalq müstəviyə çıxararaq BMT-nin, YUNESKO-nun və digər beynəlxalq təşkilatların tribunasından dünyaya elan etdik. 


2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasındakı tarixi çıxışında məhz bu vəzifələri qarşımızda qoyaraq bildirmişdi ki, “Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur”, Qərbi Azərbaycana qayıdış məsələsidir. 


Doğrudan da, 2023-cü ildə bir çox rəsmi və qeyri-rəsmi qurumlar Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının icrası ilə bağlı əhəmiyyətli addımlar atdılar.


Cənab Prezidentin tövsiyələrinə uyğun olaraq, Bakıda Qərbi Azərbaycanla bağlı böyük bir beynəlxalq konfrans, Naxçıvanda möhtəşəm festival-konqres keçirildi. Ümumiyyətlə, 2023-cü ildə ölkədə və xaricdə Qərbi Azərbaycanla bağlı keçirilən tədbirlərin sayı yüzlərlə oldu. Bu sırada bəzi Hökumət qurumlarının rolunu da qeyd etməmək mümkün deyil. Mən fürsətdən istifadə edib, Xarici İşlər Nazirliyinin, Təhsil Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyinə, Heydər Əliyev Fonduna və Ombudsman Aparatına bu işdə bizə göstərdikləri dəstəyə görə İcmamız adından xüsusilə təşəkkür edirəm. 

 

Və istərdim ki, Hökumətin gələcək hesabatlarında bu məsələyə xüsusi diqqət yetirilsin, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının icrası istiqamətində görülən işlərə ayrıca bölmədə xüsusi yer verilsin. 
Hökumət rəsmilərinin burada olmasından istifadə edərək onların hamısından xahiş edirəm, Qərbi Azərbaycana Qayıdış strategiyasının əhəmiyyətini nəzərə alaraq, Qərbi Azərbaycan qaçqınlarının hüquqlarının keçmiş məcburi köçkünlərin hüquqlarına bərabər tutulması istiqamətində də konkret əməli addımlar atsınlar.
Təbii ki, mən də hesabatı dəstəkləyirəm və lehinə səs verəcəm", - o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir