Bakıda Fransanın Milli Bayramı münasibətilə rəsmi qəbul keçirilib. Modern.az APA-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez Fransa Milli Bayramının bu il Azərbaycanda qeyd edilməsinin müstəsna əhəmiyyəti olduğunu deyib və bu il ADR-in 100 illiyinin qeyd edildiyini xatırladıb.
Səfirin sözlərinə görə, prezident İlham Əliyevin iyulun 20-də Fransaya rəsmi səfəri iki ölkə arasında iqtisadi əməkdaşlığı gücləndirmək üçün imkan yaradacaq.
"Fransa şirkətləri qabaqcıl texnologiyaları sayəsində Azərbaycan iqtisadiyyatının əsas sektorlarında möhkəm şəkildə qurulub. Prezident İlham Əliyevin bu səfəri həmçinin təhsil sahəsində əməkdaşlığımızın müvəffəqiyyətini göstərəcək", - deyə səfir əlavə edib.
Tədbirdə çıxış edən XİN nazirinin müavini Mahmud Məmmədquliyev əvvəlcə Fransa xalqını Milli Bayram münasibətilə Azərbaycan hökuməti adından təbrik edib.
Nazir müavini prezidentin Fransaya rəsmi səfərinə toxunaraq deyib ki, səfər zamanı əsas mövzulardan olan Dağlıq Qarabağ məsələsinin müzakirəsi gözlənilir: "Gözləyirik ki, bu danışıqlar ədalətli beynəlxalq hüquq əsasında aparılacaq".