Modern.az

I qrup üzrə qəbul imtahanı keçirilib - YENİLƏNİB

I qrup üzrə qəbul imtahanı keçirilib - YENİLƏNİB

Təhsil

4 İyun 2023, 14:48

Dövlət İmtahan Mərkəzi I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.

 

Modern.az xəbər verir ki, imtahan 18 şəhər və rayonda təşkil olunub.

 

İmtahan keçirilən şəhər və rayonlarda 118 imtahan binası, 2 130 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 118 ümumi imtahan rəhbəri, 353 imtahan rəhbəri, 2 667 nəzarətçi – müəllim, 366 buraxılış rejimi əməkdaşı, 118 bina nümayəndəsi ayrılıb.

 

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

 

3 nəfərdə mobil telefon, 1 nəfərdə “ağıllı” saat aşkarlandığı, 1 nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub. İmtahandan xaric olunanların nəticələri ləğv olunur və onlar yay qəbul imtahanlarına da buraxılmırlar.

 

İmtahanda 29 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

 

İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin “Teleqram” kanalına (//t.me/stateexamcenter), digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.

 

Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm IV, həm də I ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. Abituriyentlər suallarını şərhlərdə yaza bilərlər.

 

İyunun 5-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

 

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

 

***

07:54

 

4 iyun 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.

 

DİM-dən Modern.az-a verilən məlumata görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad və Xaçmazda təşkil olunacaq.

 

İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

 

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

 

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

 

- İmtahana buraxılış vərəqəsi;

 

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

 

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

 

İmtahan keçirilən şəhər və rayonlarda 118 imtahan binası, 2130 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 118 ümumi imtahan rəhbəri, 353 imtahan rəhbəri, 2667 nəzarətçi–müəllim, 366 buraxılış rejimi əməkdaşı, 118 bina nümayəndəsi ayrılıb.

 

İmtahanda 28864 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 26108 nəfər Azərbaycan, 2756 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 18657 nəfəri oğlan, 10207 nəfəri isə qızdır. 25699 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2822 nəfər əvvəlki illərin məzunudur. 33 nəfər ali təhsil müəssisələrinin, 310 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 140 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1962‑ci ildən, ən gənci isə 2007-ci ildəndir.

 

İmtahanda 29 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

 

İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil olmaqla 31 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir