Modern.az

Azərbaycan kinosunun ƏCNƏBİ QƏHRƏMANLARI - “Uzaq sahillərdə”ki Karranti kim idi...

Azərbaycan kinosunun ƏCNƏBİ QƏHRƏMANLARI - “Uzaq sahillərdə”ki Karranti kim idi...

11 Noyabr 2013, 13:57

Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.

Modern.az saytı “Azərbaycan kinosunun əcnəbi qəhrəmanları” adlı rubrikasında oxuculara milli filmlərimizdə əsas rolların ifaçıları olmuş xarici aktyor və aktrisalar haqqında məlumatın təqdimatına davam edir. 

Rejissor Tofiq Tağızadənin İmran Qasımov və Həsən Seyidbəylinin ssenarisi əsasında çəkdiyi məşhur “Uzaq sahillərdə” filmi Azərbaycan tamaşaçılarının sevə-sevə baxdığı ekran əsəridir. 1958-ci ildə çəkilən kinolent Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin II Dünya Müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr olunub.


Filmdə yadda qalan obrazlardan biri də Karrantidir. Alman faşistlərinə xidmət edən amerikalı Karranti partizanların arasına soxularaq, “Mixaylo” adı ilə tanınan azərbaycanlı kəşfiyyatçı qəhrəman Mehdi Hüseynzadənin öldürmək məqsədi güdürdü. O, bir dəfə məqsədinə yaxınlaşaraq “Mixaylo”nu bıçaqlasa da, Mehdi bu yaradan xilas ola bilir.

“Uzaq sahillərdə” filmi çəkilərkən Karranti roluna rusiyalı altyor Lev Bordukov dəvət olunur və o, tapşırığın öhdəsindən məharətlə gəlir. Aktyor Lev Bordukov Karranti obrazını peşəkarlıqla canlandıraraq, onu tamaşaçıların yaddaşına həkk edir.


“Uzaq sahillərdə” filmi çəkilərkən maraqlı bir hadisə də baş verir. Bir gün Karranti rolunda çıxış edən aktyor Lev Bordukov xəstələnərək çəkilişə gələ bilmir. Filmin yaradıcı heyəti bu ekstremal vəziyyətdən çıxış yolu taparaq, problemi belə həll edir:

Karranti ilə Mehdinin görüşdüyü səhnədə filmin II rejissoru Rüfət Şabanovu Karranti roluna çəkirlər. Əlbəttə ki, çəkiliş zamanı R.Şabanov arxadan və yan tərəfdən lentə alınır ki, üzü görünməsin. Bu epizoddan sonra Lev Bordukov öz rolunu oynamağa davam edir. 


Lev Bordukov 1933-1941-ci illərdə Moskva Bədaye Teatrının (MXAT) aktyoru olub. 1940-cı illərin sonu 50-ci illərin əvvəllərində Tambov teatrında çalışıb. 1941-66-cı illər ərzində 6 filmə çəkilib. Əsasən, hərbi, macəra və dram janrlarının aktyoru kimi tanınır.

Aktyor Lev Bordukov “Uzaq sahillərdə” filmindən başqa Azərbaycanda daha iki filmdə rol alıb. O, 1966-cı ildə çəkilmiş “İstintaq davam edir”də Xouk-Martinov rolunu  canlandırıb.
1967-ci ildə lentə alınan “Poçt qutusu” filmində isə rusiyalı aktyor məhkəmə sədri rolunda oynayıb.

Qeyd edək ki, Rusiya KİV-ləri Lev Bordukova demək olar ki, həddindən artıq xəsisliklə yanaşıblar, onun barəsində heç bir ətraflı məlumat verilmir.

Yeri gəlmişkən, “Uzaq sahillərdə” filminin texniki heyətində çalışmış Şahin Qalabəyli Lev Bordukovla bağlı bağlı Modern.az-a iki maraqlı əhvalat danışıb:


- “Uzaq sahillərdə” filminin Soçi çəkilişlərində gündəlik pulları vermirdilər. Orda bir aktyor vardı Karrantini oynayan Lev Bordukov. Çox yeyib-içən oğlan idi. Gedib şəhərin baş poçt idarəsinə. Telefonçu qızı tovlayıb deyib ki, “çəkiliş üçün təcili teleqramma vurmalıyam”. Qız razılaşıb. Teleqramda filmin direktoru Teymur Hüseynova deyir ki, “aktyorların pulunu verməsəniz “qara pişik bandası” (Stalinin ölümündən sonra SSRİ-ni qorxuda saxlayan quldur dəstəsi) ilə iş birliyinə girəcəm”. Teleqram Teymur Hüseynova çatanda, gedir milisə. Araşdırılır, qısa zamanda qızı tuturlar. Qız nə qədər desə də ki, aktyor ondan xahiş edib, eşidən olmur, işdən qovurlar.


Lev Bordukov çox itoynadan biri idi. Bir gün yenə Soçidə sərxoş olur. Yolla gedəndə görür “Soçi KQB” yazılıb. Bunun da alman formasının cibində Kanarisin şəkli olur. Başlayır yanındakına ki, “axşam türk sualtı qayığı gəlib bizi apacaq”.Qapıçı da bunu eşidir. İçəri salırlar. Kimdən soruşanda deyir, “Mən Amerika kəşfiyyatçısıyam”. Kanarisin şəklin tapanda Moskvaya zəng edirlər ki, “biz kəşfiyyatçını tutmuşuq, bəs gəlin həll edin”. Moskvadan deyirlər ki, “səhərə kimi qalsın, təyyarə ilə göndərərsiniz”. Sərxoş adam səhərə qədər yatır. Bir də ayılır ki, səhərdir. Özünü öldürür ki, mən çəkilişə getməliyəm. “KQB-şnik”lər deyir nə çəkiliş?! Deyir “mən aktyoram, “Uzaq sahillərdə” filmində çəkilirəm”. Zəng edirlər mehmanxanaya. Heyət də bunu gözləyir. Deyirlər ki, göndərin gəlsin. KQB-şnik”lər deyir nə gəlmək, təyyarə gəlir bunu Msokvaya aparmağa. 15 sutka verməli idilər ona, başını qırxmalı idilər. Rejissor yalvardı-yaxardı ki, çəkilişdi başını qırxmayın. Düz 15 gün onu konvoyla çəkiliş meydanına gətirib-apardılar.



A.Qorxmaz 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı