Modern.az

PKK-Ermənistan münasibətləri çat verib - TƏHLİL

PKK-Ermənistan münasibətləri çat verib - TƏHLİL

27 Sentyabr 2022, 18:08

Ermənistanın PKK terror təşkilatının iki üzvünü Türkiyəyə təhvil verməsi maraqlı məqamlar ortaya çıxarıb.


Birincisi, bu hadisə Ermənistanda kəşfiyyat və ədliyyə sistemi arasında qalmaqala səbəb oldu;


İkincisi, tarix boyu erməni terror təşkilatları ilə çiyin-çiyinə addımlayan, I və II Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşmüş PKK ilə İrəvan arasında narazılıqlar yarandı;


Üçüncüsü, bu, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində addımlarından biri olaraq qəbul edilə bilər.
 

Atilla Çiçek (kod adı “Lexenk”) və Hüseyn Yıldırım (kod adı “Alişer”) 2021-ci ilin 16 avqustunda Araz çayı üzərindən Ermənistana qanunsuz keçməkdə və silah-sursat keçirməkdə ittiham olunublar. Birinci instansiya məhkəməsi onlara 7 il həbs cəzası versə də, apellyasiya məhkəməsi terrorçuları 3 il şərti cəza ilə sərbəst buraxmaq haqda qərar qəbul edib.


Qərar 23 fevral 2022-ci il tarixində verilsə də, terrorçular sərbəst buraxılmayıb. Onlar haqda məlumat Türkiyəyə təhvil verildiyi zaman ortaya çıxıb.
 

Ermənistan Ədliyyə Nazirliyi “təhvil vermə” prosesindən xəbərsiz olduğunu deyir.

“Hayastan” fraksiyasının deputatı Qeqam Manukyan Atilla Çiçek və Hüseyn Yıldırımın Türkiyə kəşfiyyat orqanı olan Milli İstihbarat Təşkilatına (MİT) Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) təhvil verdiyini desə də, MTX bunu “böhtan” və “qarayaxma kampaniyası” adlandırıb.


O zaman terrorçuları MİT-ə kim təhvil verib?


PKK terror təşkilatının Ermənistana ünvanlanan etiraz açıqlamasında bu suala cavab tapmaq mümkündür. Terror təşkilatı bəyan edir ki, Atilla Çiçek və Hüseyn Yıldırım apellyasiya məhkəməsinin qərarı ilə sərbəst buraxılmalı olsalar da, onları Ermənistanın xüsusi xidmət orqanları “oğurlayıb” və MİT-ə verib.


Bu, Ermənistanın PKK əleyhinə ilk addımıdır və terror təşkilatı ilə İrəvanın əlaqələrində problemlərə yol aça bilər.
 

Erməni və PKK terror təşkilatları Azərbaycan və Türkiyəyə qarşı tarix boyu birgə mübarizə aparıb. Hətta yaralı PKK-çıların Emənistanda müalicə olunduğu, o cümlədən, Avropaya getmək üçün bu ölkədən istifadə etdiyi haqda məlumatlar var. Terrorçular 44 günlük müharibədə də Ermənistan tərəfindən döyüşürdü. İndi “sərbəst buraxılacağı” vədi alan terrorçuların Türkiyəyə təhvil verilməsi PKK-Ermənistan əlaqələrində çatların yaranması ilə nəticələnə bilər. Terror təşkilatının etiraz açıqlamasının mətni də bunu deməyə əsas verir.
 

Ermənistan hakimiyyəti isə bu addımla Türkiyə ilə münasibətlərin normallaşması prosesində jest edir. Mümkündür ki, Ankara-İrəvan danışıqlarında terrorçuların təhvil verilməsi məsələsi də masada olub.


Asif Nərimanlı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir