Modern.az

Erməni təxribatları nə vaxta qədər davam edəcək...

Erməni təxribatları nə vaxta qədər davam edəcək...

13 May 2023, 17:32

Brüsseldə keçirilən üçtərəfli görüş ərəfəsində Ermənistan sərhəddə təxribatarı davam etdirir. Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin Tovuzqala rayonunun Güləli, Basarkeçər rayonunun Əzizli və Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Qoşa, Kəlbəcər rayonunun Yellicə və Laçın rayonunun Minkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri hədəfə alınıb. 

 

Bundan başqa, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Xocalı, Şuşa və Laçın rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulub.

 

Mayın 10-dan başlayaraq Ermənistan ordusu Azərbaycan mövqelərini müxtəlif atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və pilotsuz uçuş aparatları ilə hücuma cəhd edib.

 

Təxribat nəticəsində Azərbaycan ordusunun 2 hərbçisi - Novruzəlizadə Orxan Elxan oğlu və Qarayev Məhəmməd Mahir oğlu şəhid olub, 1 hərbçimiz yaralanıb. Ordumuzun cavab tədbirləri nəticəsində Ermənistanın da ölü və yaralıları var.

 

Bu təxribatlar nə vaxta qədər davam edəcək?

 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, Ermənistan iqtidarı da, müxalifəti də revanş əhval-ruhiyyəsindədir:

 

"44 günlük müharibənin acı nəticələri onun üçün dərs olmadı. Ermənistanın iqtidarı da, müxalifəti də revanş əhval-ruhiyyəsi ilə, bu torpaqları yenidən işğal etmək niyyəti ilə yaşayırlar. Bunların fəaliyyətləri də, bəyanatları da bu istiqamətdədir. Hələ də anlaya bilmirlər ki, Azərbaycan xalqı ərazi bütövlüyünü təmin etmək gücündədir və bunu edir. Xaricdə bir neçə ölkənin və müəyyən siyasi dairələrin bunları dəstəkləməsi bunların reallıqdan uzaqlaşmasına səbəb olub. Azərbaycanla Ermənistanın hərbi potensialı arasında fərqin həddən artıq böyük olduğu aydın məsələdir. Azərbaycan əsgəri öz torpağında vuruşur. Ermənistan əsgəri isə özgə ərazisini tutmağa çalışır. Azərbaycanın hərbi texnikası, döyüş qabiliyyəti  kifayət qədər yüksəkdir. Ermənistanın istənilən hərbi təxribatının qarşısı çox qətiyyətlə alınıb”.

 

Deputatın fikrincə, ermənilərin mühüm görüşlər öncəsi təxribatlara əl atması adi hal alıb:

 

“Bir qayda olaraq mühüm görüşlər ərəfəsində Ermənistan Azərbaycana qarşı hərbi təxribatlara can atır. Məqsədləri Azərbaycanın onun maraqlarına zidd olan güzəştlərə getməsinə nail olmaqdır. Azərbaycanın daxili işlərinə qarışmağa razı salmaqdır. Ancaq bunların heç biri baş verməyəcək. Azərbaycan Ermənistanın təxribatlarına cavab verir. Ermənistanın Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərinin qarşısı qətiyyətlə alınır və alınacaq. Ermənistan üçün Azərbaycanın suverenliyi,  ərazi bütövlüyü qırmızı xətt olmalıdır. Ermənistan o qırmızı xətti keçdikdə ən ağır  zərbələri alacaq. indi olduğu kimi”.

 

 

Hərbi ekspert Üzeyir Cəfərov isə vurğulayıb ki, təxribatların səbəbi Brüssel görüşünün qarşısını almaqdır:

 

“Sabah Brüsseldə İlham Əliyev və Nikol Paşinyan  arasında baş tutacaq görüşü əngəlləmək üçün bütün bu təxribatlar həyata keçirilir. Gərginlik sabah Brüsseldə keçiriləcək görüşə qədər davam edəcək. Çünki Rusiya var gücü ilə çalışır ki, Brüsseldə o görüş baş tutmasın və tərəfləri mayın 19-da Moskvada bir araya gətirsin. Sabah Brüsseldə görüş baş tutandan sonra bir neçə gün faizlər olacaq. Amma Moskva görüşü öncəsi yenə də tərəflər arasında müəyyən toqquşmalar baş verəcək. Moskvada onlar öz "dərin ağılları" ilə çağırış edəcəklər. Brüsseldəki görüş və Türkiyədəki seçki mənə elə gəlir ki, bu məsələnin bir balaca səngiməsinə gətirib çıxaracaq”.

 

Hərbi ekspert qeyd edir ki, həm separatçılar, həm Ermənistandakılar Moskvanın göstərişlərini yerinə yetirirlər:

 

“Azərbaycan Ordusu düşmənə layiqli cavabını verir. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hücumu həyata keçirdiyi mövqelərinə atəş açırlar.  Azərbaycan həmin mövqeləri, hərbi texnikaları məhv edir. Şəhidlərimiz var.  Orada bir başı Moskvaya, bir başı İrəvana bağlı qüvvələr olacağı halda belə də davam edəcək. Biz bunu həmişə demişik.  Ermənilərin komanda qərargah məntəqəsi, puaları məhv edilib. Artıq adları açıqlanan ölən və yaralanan əsgərləri var. Ermənistan bunumu, istəyirdi? Xankəndidəki Ruben Vardanyan komandası da, Ermənistandakılar da Moskvanın tapşırıqlarını icra edir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi İqor  Xovayev mayın 10-da İrəvana, dünən də Bakıya elə-belə gəlməmişdi. Bunlar danışıqlar prosesində Rusiyanın dominantlığını sübut etmək üçün atılan addımlardı.

 

Son günlər verilən bəyanatlara diqqət yetirsək, problemin kökününün haradan qaynaqlandığını görərik. Azərbaycan separatçılara hər hansı əlavə üstünlüyün verilməyəcəyini dəfələrlə qeyd edir. Amma  bütün bunlara baxmayaraq, Rusiya və bəzi dövlətlər separatçılara hansısa  ümidlər verirdilər. Rusiya sülhməramlılarının komandiri Aleksandr Lentsovun guya separatçılara söz verib Bakıya gəlməsi, yəni, “gedib danışacam, gəlib postu dağıdacağıq” deməsi nəyə desəniz dəyər. Bütün bunların hamısı indi baş verənləri görüntüləyirdi.  Hadisələr zaman-zaman alovlanır. Sonra da sönür. Mənə elə gəlir ki, bu gün axşama qədər ciddi xəbərlər eşidə bilərik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir