Cəbhə bölgəsində şüurlarda artıq müharibənin başlanması kimi assosasiya olunan şiddətli döyüşlər prezident İlham Əliyevin Amerika səfəri ilə eyni vaxta düşdüyündən, bizi yaxın coğrafiyalarda baş verənlərlə müqayisənin təhdidi təqib etməmiş deyil.
Açıq kontekstə ehtiyac yoxdur: istənilən qədər şübhə və ehtimallar mövcuddur. Azərbaycan elə bir təxribata çəkilə bilər ki, Daqlıq Qarabağın müstəqilliyi qondarma siyasi prosedurlarla, məkrli siyasi planlarla tanınma səviyyəsinə yüksələ bilər.
İki kəndin, bir neçə yüksəkliyin geri alınması cəmiyyətin içinə Daqlıq Qarabağı ermənilərdən təmizləməyin mümkünlüyü inamını salsa da, qarşı tərəfin atəşkəs pozuntusu olmadan, həsrət bələyinə bükülmüş başqa kəndlər, qəsəbələr, rayonlara doğru irəliləmək Azərbaycanı ağılsızcasına daha ağır bir savaşın içərisinə çəkib aparmaq demək olardı. Çünki müharibə təkcə Qərb istiqamətindəki düşmən qonşu ilə getmir.
Əməliyyatların saxlanması qərarı qələbənin doyunca yaşanması sevincini kəm edir, lakin əvəzində qısa müddətli gərgin döyüşlər topluma nabələd olan bir çox mətləblərin üzərinə işıq salmış oldu.
Birincisi, ümumi əhval-ruhiyyədən dərhal müşahidə olundu ki, Azərbaycan cəmiyyəti keçmiş məğlubiyyətləri, daxildəki xəyanətləri unudaraq, irəliyə bəsirətli gözlə baxır.
İllərdir, itirilmiş torpaqlar, ordunun tamamən dəyişilməsi təbliğatı öz effektini beləcə mükəmməl şəkildə verib.
Çünki xəbər yayılanda ağlamaq-sızlamaq, bənizlərdə qorxu ifadəsi, əşyalarını toplayıb Bakıya, qeyri-bir təhlükəsizliyə qaçmaq deyil, əksinə, o güclü vıyıltı, qorxunc silah səsləri, küçələrdən keçirilən ağır texnikanın vahiməsi, zərbələr altında dayanmaq, mübarizlik göstərmək, dövlət siyasətinə qəti inam, bu münaqişənin üzərinə qətiyyətlə getmək həvəsi duyulurdu.
Bu tendensiyanın özü isə, iki il bundan öncə ordu rəhbərliyində gedən kadr islahatlarının tam düzgünlüyünün təsdiqidir. Çünki ön cəbhəyə ənənəvi olaraq kasıbın balası getsə də, onun daha hazırlıqlısı, silah tutmağı bacaranı, xəstəsi yox, tam sağlamı, son iki ildə vətən sərhədlərinə keşik çəkməyə başlamışdı.

Müdafiə nazirinin zabit-əsgər heyəti arasında tez-tez , özü də səmimi bir vəziyyətdə görünməsi, bir masada çörək kəsməsi, üstəlik, cəbhədə ardıcıl keçirdiyi təlim-məşq prosesinin nəticəsi son döyüşlərdəki qələbənin pozitiv sonluğu, cəmiyyətin qəfil başlanmış bu qısamüddətli müharibəyə müsbət ovqatının sevincli nöqtəsi idi.
Amma rast ki, atəşkəsdən sonra iri həcmli hesab olunan bir müharibə başlandı, davamı gələ də bilər, bizim vacib təsəllimiz keçmişin dəhşət saçan faktlarının bugünün başı üzərində dayana bilməməsidir. Ən böyük şükür bunadır.
Daqlıq Qarabağ üzərindən siyasi intriqalar hafizələrimizin bir küncündə sıxılıb qalsa da, son döyüşün, çağdaş müharibə ərəfəsinin təhlilində, həmin faktlar bizə yalnız müqayisə üçün lazım ola bilər, analogiya baxımından cəmiyyətin beynini qarışdırmağa, qələbəyə baxışlarını öləzitməyə gücü yetməz.
Cünki, birincisi, Azərbaycanda hakimiyyət maraqlarını ərazi münaqişəsi üzərindən reallaşdırmaq hesablamaları aparmaq potensialında ola biləcək siyasi müxalifət yoxdur.
İkincisi, xarici qüvvələrlə konfidensial birləşmiş, şəxsi təyyarəsini satıldığı dövlətin qapısına sürə biləcək, qeyri-müəyyən bir vaxtda dövlətin başı üzərində kəsərli silaha çevrilmiş hərbi müxalifət də yoxdur.
Ən böyük qazancımız bəlkə də budur.
Məhz indiki gərginləşən beynəlxalq situasiyada Azərbaycanda xarici maliyyəyə dayanan müxalifətin sıradan çıxması əhəmiyyətli proses kimi görünməyə başlayır.
MTN-nin iç üzünün vaxtında açılması da bizim Daqlıq Qarabağda növbəti müharibədəki ən böyük uduşumuzdur.
Ona görə ki, daim iqtidar mücadiləsi aparan müxalifət və hakimiyyətdaxili güclü qrup yan təsirlər səbəbindən və kreslo ehtirasından ümummilli məsələlərdə öz rolunu, həm də vicdanını asanlıqla dəyişə bilir.
Fərz etsək ki, ənənəvi müxalifətin əvvəlki imkanları, resursları mövcuddur, o zaman dövr bizə keçmişi təkrar yaşamayacağımızı zəmanət verə bilməz.
Laçının müdafiəsi zamanı döyüşçülərin “kimə inanaq-biri deyir döyüşün, biri deyir çıxın!” yanıqlı nidası Azərbaycanda siyasi müxalifətin əndazəni aşmasının, dövlət içində sanki bir dövlət yaratmasının, torpaqların müdafiəsində vətən qeyrətinin necə öldürülməsi faktının biabırçı tablosu idi. Bu tablonun rənglərini yenidən cızacaq elementlər hərbi və siyasi müxalifət timsalında meydanda, nə Rəhim Qazıyev, nə Surət Hüseynov, nə AMİP-çi, nə cəbhəçi, nə müsavatçı qiyafəsində var.
Müharibənin təkcə adı belə, dəhşətdir, lakin bu dəhşət, son itkilərlə bərabər qələbə ovqatının içərisində ən vacib təsəllimiz odur ki, dövlət daxildə onun hərbi-siyasi planlarını məğlubiyyətə sarı dartan, onun kürəyinə xəncər saplaya bilən heç kimsəni yerində saxlamayıb.
Vacib olanlar budur, çünki daxili çəkişmələrin, anarxiyanın, hakimiyyət böhranının olmadığı yerdə cəbhədə qələbə daha rahatdır.