
İran İslam Şurası Məclisinin (parlament) Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mənsur Həqiqətpur Qarabağ cəbhəsindəki döyüşlərdən danışıb.
Modern.az saytı İran mətbuatına istinadən xəbər verir ki, deputat vəziyyətin gərginləşməsinə görə, Rusiya və Türkiyəni ittiham edib.Onun sözlərinə görə, Moskva və Ankara diqqəti Suriyadan Qarabağa yönəltmək üçün belə addımlar atıb. “Rusiya yalnız Ermənistanın tərəfini saxlayacaq. Erməniləri öz balansında nəzərə alacaq. Artıq Rusiya və Türkiyənin qarşıdurmasının şahidiyik və bu qarşıdurma Suriyadan Qarabağa çəkilib. Ona görə də Rusiya və Türkiyə arasında vəkalət müharibənin başlanması mümkündür”.
Həqiqətpur vurğulayıb ki, Azərbaycan öz işğal olmuş torpaqlarından bir hissəsini azad etməyə nail olub.
“Azərbaycan, bu gün artıq öz itirilmiş torpaqlarının azad olmasını müdafiə və müqavimət yolunda görür. Çünki yadlara ümid bağlamaq və siyasi keşməkeşlərlə məsələni həll etmək mümkün deyil. Azərbaycan, Minsk qrupunu, yaxud hər hansı üçüncü ünsürü gözləsə, Qarabağ azad olmayacaq. Çünki Minsk qurpu Azərbaycanın Ermənistana qarşı hər hansı bir hərəkət etməsini istəmir”.
Qarabağ münaqişəsinin gələcək durumunu xarakterizə edən parlament üzvü bildirib ki, Azərbaycan hal-hazırda öz mövqelərini möhkəmləndirməlidir.
“Qarabağ torpağı Azərbaycana məxsusdur və Azərbaycan öz torpaqlarının 20 faizinin işğal altında olduğunu görür”.
SSRİ-nin Qafqazda etnik transfer siyasətinə toxunan Həqiqətpur deyib: “SSRİ zamanında ruslar Moskvanın təhlükəsizliyini təmin etmək məqsədilə Qafqazda yeni etnik qarşıdurma yaratdılar.
Qarabağın kimliyinin dəyişdirilməsi üçün bu məntəqənin erməniləşdirilməsi də qeyd olunan siyasət çərçivəsində izlənilirdi. Lakin bilmək lazımdır ki, Qarabağ İslam torpağıdır.
Qarabağ, Xankəndi kimi adlar azərilərə məxsusdur və kökü İslamdır. Bu diyar çoxlu İslam alimləri yetişdirib. Bir ölkənin torpağını işğal etməklə özünü ora sırımaq və kimlikdən dəm vurmaq olmaz. Bu ərazi Azərbaycanın olub”.
Qeyd edək ki, Mənsur Həqiqətpur bir neçə dəfə Azərbaycanı ittiham edən çıxışları ilə gündəmə gəlib.
Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.
Silahlı Qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir.
Aqşin KƏRİMOV