Modern.az

Ermənistanın İsraillə bağlı TƏXRİBAT PLANI baş tutmadı

 Ermənistanın İsraillə bağlı  TƏXRİBAT PLANI baş tutmadı

Aktual

6 Aprel 2016, 22:35

 

Dünən erməni mediası informasiya müharibəsində olduqca yaxşı düşünülmüş, lakin yarımçıq yekunlaşan bir addım atmağa çalışdı. Planlaşdırlan təxribat xarakterli addım strateji cəhətdən İsrail Azərbaycan əlaqələrinə zərbə vurmağa, hər iki dost ölkə arasında məyusluq yaratmağa hesablanırdı. 

Belə ki, aprelin 4-də erməni mətbuatında yayılan xəbərlərə görə, Ermənistana səfər edən İsrail Knessetinin vitse-spikeri, İsrail-Ermənistan dostluq qrupunun rəhbəri Tali Ploskov guya Azərbaycanın apardığı əməliyyatları terrorizmlə əlaqələndirib və güclü bir şəkildə pisləyib. Həmin gün Ermənistan Milli Məclisinin vitse-prezidenti Hermine Nağdalyan Tali Ploskovun rəhbərliyindəki nümayəndə heyətinin üzvlərini qəbul edib. Fürsətdən yararlanmağa çalışan Nağdalyan, Ermənistan-İsrail münasibətlərinin dərinləşdirilməsi və daha da inkişaf etdirilməsi kimi pafoslu ifadələrlə çıxış edərək, Knesset deputatlarının səfərini yüksək şəkildə işıqlandırmağa başlayıb.

Nağdalyan parlamentlərarası əməkdaşlığın əhəmiyyətini qeyd etməklə yanaşı bu çərçivədə dostluq qruplarının da mühüm rol oynadığını bildirib. Vitse-prezident iki ölkənin müxtəlif sahələrdə, xüsusilə iqtisadi, mədəni və kənd təsərrüfatı sahələrində, o cümlədən, mülki aviasiya və turizm əməkdaşlıq üçün böyük potensiala malik olduğunu bildirib.

Həqiqətən gülməlidir ki, aprel ayının 4-də cəbhədən gərgin xəbərlərin gəldiyi bir zamanda görüş iştirakçıları turizm və kənd təsərüfatı kimi məsələlərdən danışırdılar ?! Əslində Ermənistan tərəfinin məqsədi nə idi...

- Qarabağ münaqişəsi zamanı İsrail və Azərbaycan birliyinə zərbə vurmaq;

- Tali Ploskovun etdiyi səfəri İsrailin Azərbaycana arxadan vurduğu zərbə kimi nümayiş etdirmək;

- Səfər zamanı bir neçə şəxsin düşüncəsini İsrail hökümətinin düşüncəsi kimi göstərmək;

- Qondarma soyqırım məsələsində İsrailin sanki Ermənistanın yanında olmasını göstərmək;

- Planlaşdırılan Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin gösrüşündən öncə İsrail faktorunu Ermənistana dəstək qismində göstərmək;

- Nəticədə, Azərbaycanı İsrail səlahiyyətlisinin adından “terrorizmdə” günahlandırmaq.

Təsadüfi deyil ki, görüş zamanı Nağdalyan erməni soyqırımının tanınmasını o cümlədən Knessetdə erməni soyqırımın müzakirəsi ilə bağlı inkişafın əhəmiyyətini və bu fəaliyyətdə İsrailin tövhəsini qeyd edib. Hermine Nağdalyan bu məsələdə Knessetin cavabının möhkəm olacağına inandıqlarını bildirib. Vitse-prezident qondarma erməni soyqırımının 100 illiyində İsrail hökumətinin iştirakı üçün minnətdarlığını bildirib və qarşıdan gələn "Soyqırım cinayətinə qarşı" qlobal formda İsrail nümayəndə heyətinin də iştirak edəcəyinə ümidvar olduğunu bildirib. Həqiqətən də, Nağdalyanın İsrailin qondarma erməni soyqırımına dəstək verməsini ifadə etməsi onu gülünc vəziyyətə salmaqdadır.

Xatırladım ki, Tali Ploskovun da bir vaxtlar üzv olduğu “Bizim ev-İsrail” (Yisrael Beiteinu) partiyasının lideri, İsrailin xarici işlər naziri Aviqdor Liberman 2015-ci il İsrailin qondarma erməni soyqırımını indiyədək nəyə görə tanımaması və İrəvana nədən sanballı bir nümayəndə heyəti göndərməməsi ilə bağlı suallarına sərt bir şəkildə cavablandırıb: “Şəxsən mən “erməni soyqırımı” termininin özünü də qəbul etmirəm. Çünki bu söz məndə dərhal Xolokost assosiasiyası yaradır. Halbuki II Dünya müharibəsi illərində yəhudilərin kütləvi şəkildə məhv edilməsi kimi bir hadisə bəşəriyyət tarixində heç vaxt olmayıb və ümid edirəm ki, bundan sonra da heç vaxt olmayacaq.

Məncə, hər bir israilli siyasətçi belə mövqedən çıxış etməlidir. Digər tərəfdən, İsrail nə 1915-ci il hadisələrini, nə də hər hansı digər faciəni,-tarixdə isə belə faciələr çox olub,- genosid kimi tanımamalıdır. Prezident Rivlini İrəvana - bu hadisələrin anım mərasiminə getmədiyinə görə qınayanları da başa düşə, onlara haqq qazandıra bilmirəm. ABŞ prezidenti Barak Obama da Ermənistana getmədi. Yəni amerikalılarla bizim mövqeyimiz üst-üstə düşdü”.

Nəhayət, yuxarıda göstərilən görüş zamanı Nağdalyan yəhudi deputatların fikirlərini mövcud gərgin vəziyyətə yönəldir. Münaqişəyə toxunan Nağdalyan Azərbaycanın son günlərdə “işğalçılıq siyasətini” daha da ağırlaşırdığını qeyd edib. Beynəlxalq ictimaiyyət tərəfindən müdaxilənin lazım olduğunu vurğulayan Nağdalyan, terrorla mübarizədə qatqı verən ölkə kimi İsrailin Ermənistana dəstək verməsini istəyib.

İsrail Knessetinin vitse-spikeri Tali Ploskov görüş zamanı parlamentlərarası əlaqələrin əhəmiyyətini, eləcə də müxtəlif sahələrdə praktiki əməkdaşlığın lazım olduğunu vurğulayıb. Bundan sonra, ermənilər vitse-spikerin guya erməni xalqına dəstək olaraq Azərbaycanın fəaliyyətlərini pisləməsi və aparılan əməliyyatları bütün regiona yönəlmiş terrorizm aktı kimi xarakterizə edərək məlumat yaydılar. Dərhal “IzRus” portalı məsələ ilə bağlı Ploskovla əlaqə yaradıb. Tali Ploskov jurnalistlərlə söhbət zamanı “terror” və ya “təcavüz” sözlərindən ümumiyyətlə istifadə etmədiyini bildirib. O, İsrailin Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş Minsk Qrupunun fəaliyyətini dəstəklədiyini qeyd edib. Bununla yanaşı, bu gün İsrailin keçmiş Baş naziri, “Bizim ev-İsrail” partiyasının lideri Aviqdor Liberman bildirib: “Biz şübhəsiz ki, Azərbaycan xalqını dəstəkləyirik. Azərbaycan rəhbərliyi özünü təmkinli aparır, amma təəssüf ki, digərləri özünü belə aparmır”.

Nəticə etibarı ilə, “Arminfo”nun başladığı və digər erməni media orqanlarının propaqandası iflasa uğradı. Xüsusi olaraq qeyd edim ki, qısa araşdırma zamanı görüş ərzində onu işıqlandıran, digər erməni medialarına nisbətən daha böyük çəkiyə malik olan News.am portalında Ploskovun həmin ifadəni işlətmədiyini gördük.

Bəs Azərbaycan və Ermənistan arasında döyüşlər gedən zaman nümayəndə heyətilə İrəvana səfər edərək, Nağdalyanla yanaşı, Ermənistan-İsrail dostluq qrupunun rəhbəri Ardak Zakaryanla, bundan bir gün öncə yəni aprelin 3- də Ermənistan xarici islər naziri Edvard Nalbadyanla görüşən, İsrail Knessetinin vitse-spikeri, İsrail-Ermənistan dostluq qrupunun rəhbəri Tali Ploskov kimdir? İsrail siyasətçisi, 53 yaşlı Tali Ploskov 30 iyul 1962-ci ildə Moldovaın Belsi şəhərində anadan olub. Ploskov 1991-ci ildə İsrailə köçənə qədər magistr təhsili alıb və şəhərin məktəb sistemində müəllim kimi çalışıb. İsrailə gəldikdən sonra o, bir şəxsi müalicəxanada tibb bacısı işləyib. Bankda işləməyə başlamazdan öncə isə, Ölü dənizdə yerləşən bir hoteldə qulluqçu kimi fəaliyyət göstərib. Maraqlıdır ki, daha sonra 2003- cü ildə siyasətə daxil olub. “Bizim ev-İsrail” partiyasının (Yisrael Beiteinu) üzvü kimi, Arad Şəhər Şurasına seçilib. 2010-cu ildə bələdiyyə başçılığına keçirilən seçkilərdə ilk qadın Sovet köçkünü olaraq şəhərin bələdiyyə başçılığı seçkilərində qalib gəlib. O, 2014-ci ildə 55% səslə, 41% səs qazanan namizəd Nisan Ben-Hama qalib gələrək yenidən başçı seçilib. 2015-ci il seçkilərinin əvvəlində yeni Kulanu partiyasına qatılıb və onun siyahısında altıncı yerdə qərarlaşıb. Nəticədə, partiya 10 yer qazanır və Knessetə seçilir. Hazırda “Kulanu”nun Knessetdə üzvü olaraq xidmət edir.

 

Şahin QOCAYEV

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı