Modern.az

Populyarlıq sindromu

Populyarlıq sindromu

Aktual

18 Aprel 2016, 14:05

Uzun zaman gündəmdə olub sonradan unudulmaq, istənilən adamı depressiyaya salır. Dünənə qədər ki diqqəti, bəzilərinin gözündəki həsrəti, sənə yaxınlaşmaq, əlini tutmaq, söhbət etmək həvəsinin sönməsi fəsadlar törədir. Heç kim baxmır, itirib-axtarmır, xatırlamır, dəvət etmir – bütün bunlar hər insanın çəkə bilmədiyi əzablı həqiqətdir. Bir sözlə, ümidin cənazəsini reallıq daşımır.

Populyarlıq sindromunu ən sadə misallarla da görə bilərik. Bir də təkrar edirik – ƏN SADƏ misallarla.

Mügənnilərdən başlasaq xeyli aydınlıq yaranar. Uzun illər, aylar ekranda görünməyən birisinin yenidən peyda olması onu yadımıza salır. Bəs, bu vaxta qədər onu xatırlamamağımızı necə, götür-qoy edirik mi? Axı, bir vaxtlar gündə 2-3 dəfə ekranda görünürdü. Klipləri, söhbətləri təqdim olunurdu. İndi isə onu yalnız yadımıza saldıq. Yoxluğunu hiss etməmişdik. Deməli, bu müğənninin populyarlığı gündəmdə olması imiş. Yəni bu saxta populyarlıqdır – GÖRÜNTÜ populyarlığıdır. Görürdük – tanıyırdıq. Görmədik – unutduq.

Bəs, məsələn… Akif İslamzadəni necə? Axı bu sənətkar 30 ildən çoxdur ki, oxumur. Ara-sıra, mahnı oxuyarkən deyil, söhbət edərkən görünür.  Onu unutmuşuqmu? Xeyr! O, elə bir sənət zirvəsi, elə bir irs bəxş edib ki, həmişə  yadımızdadır və POPULYARDIR. 30 ildən çox görünməyən, amma unudulmayan bu insan dünəninin, bugününün, sabahının sənətkarıdır, məktəbidir, unudulmazdır.  Bəzən hər hansı şair haqda deyirik: Elə bu şeiri ilə ədəbiyyatda qala bilər.  Akif İslamzadə «Sarı gəlin»i, «Bura vətəndir», «Görüm səni yanasan», «Aman çəkmə sürməni» və daha neçə-neçə  sənət inciləri  ilə estrada musiqisi tariximizdə əbədiyyət qazanıb.

Biz Akifi bugünkü gəncliyə misal olaraq göstərdik. Bülbülü, Rəşidi, Şövkəti, Xanı, Qədiri… və bu gün də populyar olan canlı əfsanəmiz – Zeynəb xanımı qeyd etməliyik. Populyarlıq o zaman halal olur ki, klassik məna kəsb edir.

Unudulmaq qorxusu. Dəhşətli bir hissdir. Fikir vermisinizmi, bəzi müğənnilərimiz gündəmdən düşməmək üçün ən ağılagəlməz  üsullara əl atırlar. Qalmaqalları, saçyolmaları, təpikləşmələri görməmişikmi? İtə-pişiyə konsert verməklə, taykeş ayaqqabı geyinməklə populyarlığı qoruyub saxlamaq cəhdi, unudulmaq qorxusunun təzahürləridir. Belə konsertlər digər ölkələrdə, on illər bundan əvvəl olub. Hətta Moskvada eşşəyi incəsənət  muzeyində gəzdirməyin də şahidi olmuşuq. Deməli, bizim «konsert» oğurluqdur, təqliddir, yamsılamaqdır, populyarlıq xatirinə atılmış addımdır.

Bəzən düşünürsən: nəyə görə heç də hamı yaddaşlara həkk olunmur. Bizim fikrimizcə bunun bir səbəbi də hamının yaradıcılığında işığın, parıltının olmaması və ya az olmasıdır. Cilid-cilid kitabların müəllifləri unudulub? Bəs Mirzə Cəlil, Sabir niyə unudulmur? Niyə bu gün də populyardırlar? Niyə Səməd Vurğun xalqın ürəyindən silinmir? Üzeyir Hacıbəylini yüz illər bundan sonra da unutmaq mümkünmü? Yox! Mümkün deyil! Onların yaratdıqları işıq, sənətlərindəki o sehrli PARILTI sönməzdir.

Nə  İsa Hüseynovu, nə Məmməd Arazı, nə Anarı, nə Ramiz Rövşəni… nə… nə…  nə… unuda bilməyəcəklərimizi unutmayacaqlar.

İki aktrisanı da müqayisə edək. Ad çəkməsək belə, biləcəksiniz. Onların hər ikisi populyardır. Hər ikisi obrazlar yaradır. Amma onlardan biri həm də mahnı «oxuyur». Cır səsi ilə qulaqlarımızı yağır eləyir. Gözəlliyi belə saxtadır. Onu hamı tanıyır – populyardır.

Digər aktrisa özünü gözə soxmur. Yaltaqlanmır. Oxuyub eləmir, amma sevilir. Yox, bu aktrisanın adını çəkməsək aydınlıq yaranmayacaq – bu dəfə söhbət Firəngiz Mütəllibovadan gedir. Sevilən, unudulmayan – sənətkardan.

Digərinə o qədər şeylər yazıblar ki, insan qalır mat-məətdəl: «Sən səhnəni Leylisisən. Sən səhnənin Höküməsisən. Olmaz, qardaşım! Leyla Bədirbəyli, Hökümə Qurbanova sənətini bu aktrisa ilə  müqayisə etmək olmaz! İstedadını danmırıq. Amma populyarlıq naminə «oxumasını», filanı, şişirdilmiş bacarığını qəbul edə bilmirik və bunlar qəbuledilməzdir.

Populyarlığı itirməkdən qorxmax lazım deyil. Sənət heç də hər kəsi daimi yaşatmaq zorunda deyil. Əsl sənət isə unudulmazdır.

Bir də ki, bəzi misallarda hamının adını çəkmədik. Buna ehtiyac da yoxdur. Bu millət, sənət hər kəsi öz dəyərində qiymətləndirməyi bacarır.

Populyarlıq sindromundan əziyyət çəkənlərə isə Allah özü kömək olsun!

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı