Mart ayının 1-nə Mərkəzi Bankın kommersiya banklarını kreditlə təminetmə əməliyyatlarının həcmi 6 milyard 277,7 milyon manat təşkil edib.
Mərkəzi Bank yanvar ayında kommersiya banklarına krediti 3 faizlə, fevral ayında isə 5 faizlə ayırıb. Ötən il isə faizlər 3,5 və 3 faiz təşkil edib.
Modern.az saytı kreditlərin konkret hansı banklara verilməsi ilə bağlı Mərkəzi Banka sorğu ünvanlayıb.
Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, sualın cavablandırılması qanunla tənzimlənir:
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 967-ci maddəsinə və Azərbaycan Respublikasının "Banklar haqqında" Qanununun 41-ci maddəsinə uyğun olaraq bank hesabına, hesab üzrə əməliyyatlar və qalıqlara, habelə müştəri haqqında məlumatlara, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatlara bank sirrinin qorunması rejimi tətbiq olunur”.
N.Əliyev qeyd edib ki, bu cür məlumatlar yalnız müştərinin
özü və onun nümayəndəsinə, həmçinin qanunvericiliklə müəyyən olunmuş
müvafiq dövlət orqanına verilə bilər:
“Həmin məlumatın digər şəxsə verilməsi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında mümkündür”.
Gülşən RAUFQIZI