
Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev müasir Azərbaycan gəncliyi ilə bağlı fikirlərini Modern.az saytı ilə bölüşüb.
- Bəxtiyar bəy, bu gün Azərbaycan gəncliyinin içtimayi-siyasi fəallığını necə qiymətləndirirsiniz?
- Azərbaycan gəncliyi haqqında ümumi danışmağın tərəfdarı olmamışam. Yaş, təhsil, dünyagörüşü, ictimai-siyasi mövqelərinə və s. görə gənclər müxtəlif qruplara bölünüb.
Ancaq ümumilikdə götürsək, bütün qruplar üzrə ictimai-siyasi fəallıq bir neçə il əvvəlkinə nisbətən xeyli aşağı düşüb. Əgər 3-5 il bundan öncə bir çox gənclər təşkilatları, hərəkatları, ictimai birliklər çox fəal idilərsə, müxtəlif tədbirlər təşkil edirdilərsə, ictimai-siyasi məsələlərdə ciddi fikir dartışmaları müşahidə edirdiksə, indi onları müşahidə etmək olmur. Bu nisbi passivliyi təkcə Azərbaycanda yox, Azərbaycandan kənarda təhsil alan, yaşayan gənclər arasında da müşahidə etmək olur.
- Sizcə bu gün Azərbaycan gənci dövlətə və dövlətçiliyə nə qədər sadiqdir?
- Yenə də ümumiləşdirmək olmaz. Ancaq aprel ayının əvvəlində cəbhə xəttindəki gərginlik zamanı göründü ki, istər Azərbaycanda, istərsə də xaricdə yaşayan və təhsil alan gənclər bütün siyasi, dini və digər fərqləri bir kənara qoyaraq, Azərbaycanın ümumi maraqlarını qorumaq istiqamətində birləşə bildilər.
- Vətən sevgisi, torpağa bağlılıq baxımından Azərbaycan gəncini Amerika və Avropa gəncliyindən fərqləndirən nədir?
- Bizdəki vətənpərvərlik gənclərin bir çoxunda bir az abstrakt mövhumlar üzərinə qurulub. Vətən sevgisi təkcə vətənin torpağını və daşını yox, həm də vətəndaşını düşünməkdir. Vətənini sevən gənclik vətəndaşının rifahını, onların ədalətli, azad, inkişaf etmiş, sağlam, təhsilli bir cəmiyyətdə yaşamaqlarını istəməlidir. Vətənini daha çox sevən gənclik isə bu istiqamətdə həm özünü, həm də ətrafındakı gəncləri inkişaf etdirməlidir.
- Müasir Azərbaycan gənci Azərbaycan dövlətini çiyinlərinə alıb irəli getmək gücündədirmi?
- Azərbaycanda son illərdə müxtəlif sahələr üzrə yetişmiş peşəkar, təhsilli, dünyagörüşlü, ölkəsini sevən və onun maraqlarını heç nəyə qurban verməyəcək gənclik yetişib. Doğrudur, say və faiz baxımından çoxluqla müqayisədə, kiçik bir qrupdur, ancaq düşünürəm ki, cəmiyyəti irəli aparacaq gücdə, potensialdadır.
Qafar AĞAYEV