Rusiyanın məşhur “Valday” beynəlxalq diskussiya klubu Dağlıq Qarabağdakı separatçı rejiminin Ermənistan tərəfindən “müstəqilliyinin” tanınması perspektivi ilə bağlı ekspetlərin rəyini öyrənib.
Modern.az saytı klubun saytına istinadən xəbər verir ki,Yerevandakı Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İsgəndəryanın fikrincə, qanun layihəsi əvvəlki illərdə olduğu kimi bu dəfə də Ermənistan parlamenti tərəfindən tanınmayacaq.“Güman etmək olar ki, layihə parlamentə daxil olacaq, qəbula hazırlanacaq. Amma Qodonu həsrətlə gözləyəcəklər. Yəni məşhur pyesdəki kimi (“Qodonu gözləyərkən”i nəzərdə tutur-red) o heç zaman gəlməyəcək”,-deyə erməni ekspert söyləyib.
İsgəndəryan bildirib ki, hələlik genişmiqyaslı müharibə proqnozu vermək olmaz və danışıqların bərpasına ümid qalmaqdadır.
Politoloqun fikrincə, indiki zamanda qondarma “Dağlıq Qarabağ Respublikası”nın ("DQR") “müstəqilliyi”nin tanınması münaqişənin eskalasiyasına zəmin yaradır.
“Valday” klubunun eksperti, Azərbaycanın Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov isə deyib ki, Ermənistanın addımları işğalın davam etməsinə yönəlib.
O vurğulayıb ki, Ermənistan separatçı "DQR"in tanınması imkanına baxmaqla məqsədsiz, perspektivsiz, fitnəkar addım atır.
“Hamı başa düşür ki, Ermənistan tərəfindən separatçılığın tanınması danışıqların kəsilməsi və təmas xəttində növbəti eskalasiyanı bildirir”,-deyə Fərhad Məmmədov əlavə edib.
Direktor bəyan edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün danışıqlara hazırdır.
“Ancaq başlanğıc üçün işğal edilmiş ərazilərdən Ermənistan silahlı qüvvələri çıxarılmalıdır. Bu, başlanğıc üçün aksiomadır... Təmas xəttində təhlükəsizlik məsələsi danışıqlar prosesinin tərkib hissəsidir”.
Qeyd edək ki, Ermənistan aprel ayının əvvəllərində cəbhədə uğursuzluğa düçar olandan sonra “DQR”in tanınması məsələsi hökumət səviyyəsində gündəmə gəlsə də, rəsmi Yerevan bu addımından geri çəkildi.
Buna görə də, bu məsələnin may ayının axırlarında yenidən parlamentdə müzakirə ediləcəyi gözlənilir.
Aqşin KƏRİMOV