Bakıda özünü İŞİD üzvü kimi təqdim etmiş şəxsin qaçırdığı 8 yaşlı Hüseyn Ramazanlının atası Elnur Ramazanlı övladının hazırkı durumu ilə bağlı açıqlama verib.
E.Ramazanlı Modern.az saytına övladının məktəbli olduğunu, amma məktəbə getmədiyini deyib:
“Hüseyn məktəblidir, amma bir müddət evdə qalacaq. Çünki, uşaq da, elə biz də psixoloji sarsıntı keçirmişik. Buna görə də, uşağı psixoloq müayinəsindən keçirəcəyəm”.
E.Ramazanlı övladını girov götürən şəxsin layiqli cəza alacağına inandığını bildirib:
“Hazırda məsələ ilə bağlı cinayət işi açılıb. Cinayətkarın öz layiqli cəzasını alacağına inanırıq”.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, mayın 10-da Sabunçu rayonundakı yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlı 12-ci Polis Bölməsinə müraciət edib.
O bildirib ki, 8 yaşlı oğlu Hüseyn mayın 9-da evdən çıxıb və geri qayıtmayıb.
Məlum olub ki, uşaq özünü İŞİD üzvü kimi təqdim etmiş şəxs tərəfindən qaçırılıb. O, E.Ramazanlının mobil telefonuna dəfələrlə zəng edib, oğlu Hüseyni girov götürdüyünü deyib, azad edilməsi müqabilində 30000 manat pul istəyib. Əlavə edib ki, polisə bu barədə məlumat veriləcəyi təqdirdə uşaqğın orqanlarını çıxarıb satacaq.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Abşeron rayon sakini Elnur Məmmədov tutulub.
Şəhərcikdə tikintisi başa çatmamış ikimərtəbəli tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn tapılaraq valideynlərinə təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 144.3 (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.
8 yaşlı uşağı qaçırıb bu yarıtikilidə girov saxlayan Elnur Məmmədov mayın axırında ailə qurmağa hazırlaşırmış.Elnur girov götürdüyü Hüseynlə söhbətində deyib ki, o, adam oğurluğunu Türkiyə telekanallarında efirə gedən "Arka Sokaklar" serialından öyrənib.
Gülşən RAUFQIZI