“Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq üzrə danışıqlar davam edir. Mart ayından sonra heç bir görüş olmayıb. Amma bu yaxınlarda Aşqabadda ticarət məsələləri üzrə keçirilən forumda ÜTT-nin Yeni üzvlərin qəbulu departamentinin direktoru ilə görüşdüm. Biz razılığa gəldik ki, yaxın vaxtlarda Azərbaycan üzrə işçi qrupunun çağırılması məsələsinə baxılacaq. Baxılmalı olan bir sıra sənədlər var. Azərbaycanla ÜTT arasında növbəti görüş iyunun axırınadək baş tutacaq". Modern.az saytı xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.
Mahmud Məmmədquliyev daha sonra bildirib ki, ölkəmizlə Aİ arasında əməkdaşlığın daha da güclənəcəyinə əmindir: “2006-cı ildə Azərbaycanla Aİ arasında enerji sahəsində strateji tərəfdaşlıq sənədinin imzalanıb. Artıq bunun nəticələri görünür. Gələcəkdə də Aİ-nin enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcəyik. İndi strateji tərəfdaşlıqla bağlı yeni sazişin başlanmasına görə danışıqlar aparır. Əminik ki, gələcəkdə Aİ öz mövqeyini müəyyənləşdirəcək və saziş haqqında danışıqların başlanmasına razılıq verəcək. Bu, əlaqələrin inkişafına təkan verəcək. Aİ-yə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edirik. İnanırıq ki, Avropa İttifaqı gələcəkdə bu istiqamətdə fəaliyyəti davam etdirəcək və Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verəcək".
Modern.az