Modern.az

“Mənim köçkün taleyim” xaricdə nümayiş etdiriləcək

“Mənim köçkün taleyim” xaricdə nümayiş etdiriləcək

Aktual

6 İyul 2016, 21:35

Humanitar Tədqiqatlar İctimai Birliyi bu ilin mayından başlayaraq azərbaycanlı məcburi köçkünlər haqqında “Mənim köçkün taleyim” adlı sənədli filmin çəkilişinə başlayıb.  Filmin senari müəllifi, təşkilatın sədri Əvəz Həsənovun Modern.az saytına verdiyi məlumata görə, oktyabr ayına qədər davam edəcək eyni adlı layihə əsasında işğal olunmuş rayonlardan olan məcburi köçkünlərin tarxçəsi,  çətin həyat tərzi və son illərdə onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımları əks etdirən sənədli film hazırlanacaq.

45 dəqiqəlik sənədli film işğal olunmuş rayonlar haqqında insanların xatirələrindən, münaqişənin onların həyatına vurduğu maddi və mənəvi zərərlərdən bəhs edəcək. Onların  həyatı, şəxsi uğurları və işğaldan azad olunacaq doğma torpaqlarında öz həyatlarını necə təsəvvür edəcəkləri tamaşaçıların diqqətinə çatdırılacaq. Təşkilat may ayından etibarən Azərbaycanın müxtəlif rayonlarına səfər edərək, sənədli filmin qəhrəmanı olacaq maraqlı tarixçəsi və həyat tərzi olan məcburi köçkünlərin axtarılıb tapılması işini yekunlaşdırıb. Filmin qəhrəmanları arasında yaradıcı insanlar, ahıl qadınlar,  döyüş yoli keçmiş məcburi köçkünlər, eyni zamanda müharibədən sonra Bakıda doğulub boya-başa çatmış məcburi köçkün gənclər vardır.

Oktyabrın əvvəllərində filmin Bakı şəhərində təqdimatı keçiriləcəkdir. Təşkilat tərəfindən film yaradıcılarının işini və qəhrəmanlarının həyatını əks etdirən internet səhifə yaradılıb ki, burada məcburi köçkünlərlə bağlı maraqlı sənədli faktlar toplanacaqdır. Film hazır olduqdan və İngilis dilinə tərcümə edildikdən sonra Almaniya, İngiltərə və Belçikada təqdimatı keçiriləcəkdir. Artıq Humanitar Tədqiqatlar İB özünün beynəlxalq partnyorlarını bu barədə məlumatlandırıb və hazırlıq işlərinə başlanıb.

Qeyd edək ki, filmin çəkilişi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı