Qubada qadağan olunmuş dini təriqətləri təbliğ edən dəstə aşkarlanıb.
Modern.az saytı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyulun 6-da Quba rayonunun Talabıqışlaq kəndində yaşayan Coşqun Mirzəyevin evində rayon sakinləri Mədət Sədiyevin, Mikayıl Əmrahovun, Hafiz Gülmalıyevin, Vilayət Bağırovun, Firuz Bayramovun, Heydər Dadaşovun, Fuad Atayevin və Bakı şəhər sakini Samir Babayevin qanunla qadağan edilmiş dini təriqətlərdən birini təbliğ etmələri müəyyən edilib.
Quba RPŞ əməkdaşları tərəfindən onlar saxlanılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələri ilə protokol tərtib edilmiş, izahatları alındıqdan sonra buraxılıblar.
Daxili İşlər Nazirliyinin digər xəbərinə görə, Qubada məscidin nəzir qutusunu oğurlayan mütəşəkkil dəstə də zərərsizləşdirilib. Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 27-də şəhərdə yerləşən məscidin nəzir qutusundan, R.Tahirova məxsus ticarət mərkəzindən, M.Qonaqova və N.Mirzəyevə məxsus mağazalardan pul, məişət əşyaları, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri İlham Muradov, Nəsir Rzayev, Nicat Muradov, Murad Əşrəfov, Abdulla Abdullayev və Sumqayıt şəhər sakini Murad Allahverdiyev tutulublar.
Modern.az