Modern.az

“BakuBus”a daxil olan müraciətlər daha çox itən əşyalarla bağlıdır

“BakuBus”a daxil olan müraciətlər daha çox itən əşyalarla bağlıdır

Aktual

8 İyul 2016, 11:34

“BakuBus” MMC-nin 24 saat fəaliyyət göstərən *4242 nömrəli qaynar xəttinə gün ərzində sərnişinlər tərəfindən müxtəlif məzmunlu müraciətlər daxil olur.

 

Müraciətlər, əsasən məlumat almaq, itmiş əşyalarla, bəzən də intervallarla bağlıdır.

 

Bu haqda Modern.az saytına “BakuBus” MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev məlumat verib.

 

O bildirib ki, zəng edən insanların hər biri müxtəlif əhval-ruhiyyədə və sərnişindaşınma ilə bağlı müxtəlif baxış bucağında olurlar:

“Buna baxmayaraq qaynar xətdə vətəndaşlara xidmət edən əməkdaşlarımız bütün müraciətlərə son dərəcə ciddi yanaşır və operativ şəkildə suallara cavab verməyə çalışırlar:

“Eyni zamanda daxil olan şikayətlərlə bağlı məlumatlar hərtərəfli qeyd olunur, araşdırılması üçün aidiyyatı şöbələrə ötürülür. Bütün hallarda şikayətlər araşdırılır və müvafiq qaydada tədbir görülür.

Bu cür müraciətlər həm də bizim işimizin təkinləşdirilməsi, çatışmazılıqların operativ şəkildə aradan qaldırılması üçün son dərəcə əhəmiyyətlidir. Amma təəssüf ki, bəzən əsəbləri oyaq, yaxud digər səbəblərdən əsassız şikayətlər də daxil olur”.

M.Piriyev bildirib ki, bu cür şikayətlər əsasən sürücülərlə və itmiş əşyalarla bağlı olur:

“Yenə də bununla bağlı vətəndaşa sürücünün məsuliyyəti və hüquqları barədə ətraflı məlumat verilir.

“BakuBus” avtobuslarında itmiş əşyalarla bağlı kifayət qədər zənglər daxil olur. Fürsətdən istifadə edərək qeyd edim ki, bu əşyalar (əgər digər sərnişinlər tərəfindən götürülmürsə) son dayanacaqda avtobusa baxış zamanı aşkar olunarsa, Zığ-Hövsan yolunda yerləşən I saylı inzibati binaya göndərilir.

 

Daha sonra həmin itmiş əşyalarla bağlı “BakuBus” MMC-nin “Facebook” səhifəsində məlumat yerləşdirilir.

Əgər telefon nömrəsi və ya digər məlumatlar olarsa birbaşa əlaqə saxlanılıb tapılmış əşya vətəndaşa qaytarılır. Bəzən vətəndaşlar itmiş və ya oğurlanmış əşyalarla bağlı bizdən digər köməkliklər (videogörüntülərə baxılması) də istəyirlər. Amma istənilən halda bu kimi məsələlər zamanı polisə müraciət olunması məqsədəuyğundur.

Biz sərnişinlərin təhlükəsizliyini, rahatlığını təmin etmək və onlara göstərdiyimiz xidmətin kefiyyətini daha da yüksəltmək üçün qaynar xəttə daxil olan zənglərə xüsusi önəm veririk. Buna görə də sərnişinlər tərəfindən daxil olan müraciətlər bizim üçün çox dəyərlidir”.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı