Tərtər rayonu, Evoğlu kəndində baş verən insidentin bəzi təfərrüatları məlum olub. Söhbət qardaşın bacısını bıçaqlaması hadisəsindən gedir.
Kənd sakinlərinin Modern.az-a verdiyi məlumata görə, bu gün səhər saatlarında Cəmilənin həyat yoldaşı qayınanasıgilə (Cəmilənin ata evi) zəng edərək, qayınatası ilə birlikdə onlara gəlməsini xahiş edib. Cəmilənin atası işdə olduğundan ana, aprel ayında hərbi xidmətdən qayıdan oğlu Taleh Alızadə ilə birlikdə qızıgilə yollanıb.
Ailə söhbəti zamanı bəzi məqamlar üzə çıxıb və qardaş bacısını ağır şəkildə bıçaqla yaralayıb.
Modern.az daha ətraflı məlumat almaq üçün Evoğlu kəndinin icra nümayəndəsi Elçin Mahmudovla əlaqə saxlayıb.
E.Mahmudovun saytımıza verdiyi məlumata görə, hadisə iyulun 14-də saat 13:00-14:00 radələrində zərərçəkənin evində baş verib.
İsmayılbəyli kəndindən Evoğlu kəndinə gəlin köçən 1994-cü il təvəllüdlü Cəmilə Alızadənin qardaşı onlara qonaq gəlib. Səbəbin nə olduğunu bilmirəm. Məlum olan odur ki, söhbət vaxtı qardaş qəfildən bacısını bıçaqlayıb.
E.Mahmudov deyib ki, C.Alızadə ailəlidir:
“Cəmilə ailəlidir, 1 övladı var. Çox mədəni, normal ailədirlər. Yoldaşı, qaynanası, qayınatası ilə də münasibətləri yaxşı idi. Hazırda Bərdə Rayon Mərkəzi Xəstəxanasındadır, vəziyyəti ağırdır. Hətta vəziyyəti ağır oldğundan həkimlər onu qəbul etmək istəməyib”.
İcra nümayəndəsi qardaşın hüquq-mühafizə orqanları tərəfindən həbs olunduğunu deyib.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Gülşən RAUFQIZI