Bu gün saat 17:00 radələrində Xətai rayonu ərazisində 3 şəxsin - 35-40 yaşlarında şəxsiyyəti hələlik istintaqa məlum olmayan qadın və onun 3, 5 yaşlarında olan övladlarının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az saytı xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumata görə, ilkin araşdırmalar zamanı müəyyən edilib ki, həmin hadisəni törədən 1989-cu il təvəllüdlü Orxan Heydərovdur. O hadisəni idarə etdiyi "Chevrolet" markalı, 10 PV 731 dövlət nömrə nişanlı avtomaşınla törədib.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb. O. Heydərov həmin cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Modern.az