Bu dəqiqələrdə aldığımız məlumata görə, artıq CNN TURK kanalı yayınını davam etdirir.
05:30
Türkiyədə baş verən qiyama cəhd zamanı Milli Məclisin deputatı Cavanşır Feyziyev İstanbulda olub. Modern.az saytının əməkdaşı deputatdan baş verən olayla bağlı gördüklərini öyrənməyə çalışıb.
Cavanşır Feyziyev qeyd edib ki, Türkiyə saatı ilə təxminən 21:00 radələrində İstanbula çatıb.
“Hava limanından otelə getməyim yarım saat çəkdi. Təxminən saat 23:00 radələrində atışma səsləri gəlməyə başladı. Doğrusu, əvvəlcə bir şey anlaşılmadı. Atışma səsləri artdıqca insanlar arasında təşviş yarandı. Mən otağa qalxıb nə baş verdiyini telekanallardan izləməyə başladım. Məlum oldu ki, dövlət televiziyası olan TRT qiyamçıların əlinə keçib. Qiyamçılar dövlət telekanallarından hökumətə qarşı ultimatum verirdi. Hətta bildirildi ki, guya bu qiyamın arxasında Türkiyə Silahlı Qüvvələri dayanıb.
Digər telekanallar isə əksinə, hökumət yetkililərinin münasibətlərini sərgiləyir, hadisə baş verən yerlərdən reportajlar verirdi. Bu arada Türkiyə prezidenti Ərdoğan xalqa müraciət edərək, müstəqiliyə, demokratiyaya qarşı olan qüvvələr olduğunu, bunun Türkiyəyə təhlükə yaratdığını bildirdi və insanlara buna etiraz olaraq küçələrə çıxması çağırışını etdi. Az çəkmədi ki, İstanbulda bütün küçələr insanlarla doldu. Mənim qaldığım oteldən bunu izləmək olur.
Qiyamçılat öz məkirli əməllərini həyata keçirmək üçün qırıcı təyyarə və hərbi helikopterlərdən də istifadə etdilər. Məlumatlara görə, bir neçə polis məntəqəsinə havadan zərbə endiriblər.
Bundan başqa qiyamçılar İstanbulda Avropa ilə Asiyanı birləşdirən körpünü də tutmuşdular. Otelin pəncərəsindən körpünü daha yaxşı izləmək mümkündür. Orada atışma oldu.
Bütün ordu növlərinin komandanları xalqa müraciət edərək Türkiyə Silahlı Qüvvələrinin hər hansı qiyama dəstək vermədiyini bəyan etdilər. Qiyamın paralel dövlət tərəfindən təşkil olunduğu da dövlət yetkililəri tərəfindən dilə gətirildi.
Siz təsəvvür edin ki, Türkiyə Böyük Millət Məclisi də qiyamçılar tərəfindən havadan atəşə məruz qaldı. Deputatlat, TBMM-nin əməkdaşları yaralanıb.
Ancaq Türkiyədə gecə saat 2:00-a yaxın bütün küçə və meydanların insanlar tərəfindən dolması qiyamçıları geri oturmağa məcbur etdi. Demək olar ki, əksər yerlərdə xalq qiyamçıları zərərsizləşdirdi. Təbii ki, bu məsələdə polisin böyük xidmətləri oldu. İndi çox az, ara-sıra atışma səsləri gəlir.
Artıq TRT öz işini bərpa edib. Yüksək vəzifəli məmurlar qiyamçıların zərərsizləşdirildiyini deyir. Demək olar ki, xalq özü onları zərərsizləşdirir.
Bu dəqiqələrdə Türkiyə Prezidenti Ərdoğanın təyyarəsi Atatürk Hava Limanına istiqamət alıb. Bütün bunlar onu göstərir ki, qiyam yatırılıb.
Sadəcə bu arzuolunmaz olaydan gəldiyim qənaətimi bölüşmək istərdim.
Xaricdən idarə olunan və Türk dövlətçiliyinə qarşı olan bu qiyamın yatırılması Türkiyə vətəndaşının qələbəsidir. Bu hadisələr Türkiyə üçün növbəti bir sınaq oldu. Ancaq birmənalı şəkildə demək olar ki, həm Türkiyə iqtidarı, həm də xalq bu hadisələrdən üzüağ çıxıdı.
Qardaş Türkiyədə bu cür hadisələrin baş verməsi dünyada Türkiyəni və bütövlükdə türk dövlətlərinin nüfunuza ciddi xələl gətirir. Bu, XXI əsrdə Türk siyasətinə, Türkiyə vətəndaş cəmiyyətinə böyük zərbədir.
XXI əsrdə Türkiyə kimi demokratik bir dövlətdə siyası hakimiyyətin zor gücü ilə dəyişdirilməsi cəhdi qəbuledilməzdir. Ona görə də bu qiyamın gerçəkləşməsi sıfıra bərabər idi.
Türkiyənin əmin-amanlıq içində, barış mühitində öz müstəqilliyini, dövlətçilik prinsiplərini davam etdirməsi bütövlükdə dünya türklərinin, o cümlədən Azərbaycanın maraqlarına uyğundur.
Türk dövlətçiliyinə qarşı planlaşdırılan bu cür iyrənc əməllər qəbuledilməzdir”.
P.S. Müsahibə zamanı onu da öyrəndik ki, qiyamçılar CNN TURK TV-yə soxulublar. Görünür həmin qrupun digər yerlərdə qiyamçıaların zərərsizləşdirildiyindən xəbərsizdirlər.
P.P.S. Yeni məlumatları sizə təqdim edəcəyik.
Modern.az