Modern.az

Füzulilərə müraciət: “Hərəniz bir şəkil göndərin” - “Füzuli rayonu”nun YARADICISI

Füzulilərə müraciət: “Hərəniz bir şəkil göndərin” - “Füzuli rayonu”nun YARADICISI

Aktual

18 İyul 2016, 10:18

Bugünkü cəmiyyət elə bir vəziyyətə gəlib ki, hər zaman yeni xəbər axtarışındadırlar. Bu xəbərləri də müasir dövrün “hədiyyəsi” olan internetdən əldə etməyə çalışırlar.

Modern.az saytı işğal olunmuş bölgələrimizlə bağlı sosial şəbəkələrdə səhifələr yaradan, bir sözlə, həmin bölgələri yaşadanlarla bağlı rubrikaya davam edir.

“Qarabağı yaşadanlar”ın növbəti müsahibi “Füzuli rayonu” səhifəsinin qurucusu Orxan Əliyevdir.

 - Orxan bəy, sizi necə tanıyaq?

- Mən Orxan Əliyev (sosial şəbəkələrdə Orxan Behbid)  1990-cı ildə Füzuli rayonunun Yuxarı Yağlıvənd (rəsmi Yağlıvənd getsə də, el arasında Yuxarı Yağlıvənd adlanır) kəndində anadan olmuşam. 1993-cü  ildən məcburi köçkün kimi İsmayıllı rayonunda məskunlaşmışdım. 2008-ci ildən isə təhsil və işlə əlaqədar Bakıda yaşayıram.

“Füzuli rayonu” səhifəsi haqqında məlumat verərdinizmi…

- Bu səhifə, sadəcə, rayonumuzu bir az da yaxından tanımaq, Milli Qəhrəmanlarımızı unutmamaq ( örtük şəklimizdə də əksini tapıb), tanınmış şəxslərimizi özümüzə və digərlərinə tanıtmaq üçün istifadə olunur. Qeyd edim ki, rayonumuzun instagram səhifəsində də paylaşımlar gedir. (instagram.com/füzuli_rayonu). Səhifə heç bir rəsmi dövlət qurumu ilə əlaqəli deyil.

- Bu səhifəni açmaqda məqsədiniz nə idi?

- Bu səhifəni yaradanda hələ tam olaraq Bakı şəhərində məskunlaşmamışdıq. İsmayıllı rayonunda yaşasaq da, mən təhsillə əlaqədar Bakıda olurdum. Facebook-da bir neçə rayonun səhifələrin görəndən sonra düşündüm ki, niyə axı Füzuli rayonunun belə aktiv səhifəsi yoxdur ki, qiyabi də olsa rayonumuzu tanıyaq.  Bundan sonra səhifəni yaratdım. Öncə şəkilləri yalnız internetdən axtarıb paylaşırdım. Paylaşımlar etdikcə, hiss edirdim ki, hər kəs darıxıb o torpaqlar üçün. Ən çox sevindiyim isə rəy bölməsində nisbətən yaşlı insanların maraqlı yazıları olurdu. Daha sonra isə sağ olsun hər kəs artıq həm mesajla, həm də lövhə vasitəsilə şəkillər göndərməyə başladı.  Beləliklə də, virtual “Füzuli rayonu” qurulmuş oldu.

Təsiliniz səhifəni idarə etməyə mane olub yəqin…

- Təbii ki, olurdu. Əvvəl təhsil, daha sonra hərbi xidmət (bu zaman səhifənin yaxın insanlar idarə etdi. Onlar da çox sağ olsunlar). Elə indi də işim. Ancaq göndərilən şəkilləri həmişə paylaşıram. Şəxsi şəkillərdən başqa.

Səhifəniz zamanla böyüyüb, rayonun tanınmış adamlarının sizə dəstəyi olurmu?

- Açığın desəm, yox. Əslində heç dəstəyə ehtiyacımız da yoxdur. Səhifənin məqsədi bəllidir. Rayonumuzu tanımaq və tanıtdırmaq. Bunun üçün də ancaq sizlərə (rayonumuzun sakinlərinə) ehtiyacımız var.

Səhifə ilə bağlı çətinlikləriniz olurmu?

- Bəzən görürsən ki şəkillər göndərilmir. Bu zaman adam həqiqətən pis olur. Düşünürsən ki, yəni küçəyə, hətta ən pis halda həyətə çıxıb şəkil çəkmək bu qədərmi çətindir? Bu zaman da bəzən rayon haqqında şeirlər yazıb paylaşıram. Bəlkə də, çoxu bəyənmir, onu daha dəqiq bilmirəm. İçimdən gələni edirəm əsası. Ən pisi kənddə oturub həmin kəndin şəklinin paylaşılmadığına etiraz edənlərdi. Deyirəm ki, "Qardaş, göndər, paylaşaq da. Sən göndərmə, o göndərməsin, hardan alaq? Şəxsi fotoqrafımız yoxdur ki. Sağ olsun göndərirlər, paylaşırıq".

- Fikrinizcə, səhifəniz hansı önəmli işlərə imza atıb?

- Gördüyümüz işləri, açığı sizlər daha yaxşı qiymətləndirə bilərsiniz. Ancaq, deyim ki əlimdən gələni həmişə etməyə çalışmışam.

Səhifənin işini əngəlləyən, işinə mane olan  kənar güclər olubmu?

- Xeyr.

Səhifə izləyicilərinizlə görüşlər təşkil edirsinizmi?

- Yox. Sadəcə, həmişə rayonumuzla bağlı tədbirləri paylaşıb daha da ictimailəşdirib, daha da çoxunun görməsini təmin etmişəm.

İzləyiciləriniz razısınınzmı? Onlarda bəyənmədiyiniz məqamlar nədir?

- 50-50-yə. Bir neçə izləyicilərimiz var ki, sag olsunlar həmişə maraqlı şəkillər göndərirlər. Onlardan çox razıyam. Paylaşılan şəkillərin çoxu da məhz onların göndərdiyidi. Bəyənmədiyimə gəldikdə isə, yuxarıda qeyd etdiyim ki, şəkil göndərməyib sadəcə etiraz edənlər bir də, rəylərdə tanışlığa cəhd edənlərdi.

İzləyicilər sizə müraciət edir? Əsasən hansı mövzu ilə bağlı?

- Ən çox gələn sual "sən Füzulidənsənmi"dir. Əlbəttə, yoxsa 3 yaşından çıxdığım rayonum haqqında səhifə idarə etməzdim. Tanışlarını axtaranlar, tədbir paylaşmaq istəyənlər daha çox müraciət edir. Bəzən reklamla bağlı da olur. Yenə də deyirəm, reklam bu səhifənin təyinatına uyğun deyil.

Necə düşünürsünüz, izləyiciləriniz tərəfindəndən sevilirsinizmi?

- Bu sual da izləyicilərin cavablandıracağı sualdı. Ancaq az da olsa yəqin ki, sevən də olar.
Əlavə olaraq bütün füzulilərə müraciət edirəm, mümkünsə hərəniz bir şəkil çəkib göndərin. Əminəm ki, bundan sonra bəzi kəndlərdən şəkil paylaşılmır deyə etiraz bitəcək. Bu qədər.

 

Qafar Ağayev

p.s. Azərbaycan  Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən  “Sosial mediada etik normalar və milli-mənəvi dəyərlərin qorunmasında medianın rolunun artırılması” layihəsi çərçivəsində dərc olunur. 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı