İyul ayının 14-də Azərbaycan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Gürcüstanın kənd təsərrüfatı nazirinin müavini İuri Nozadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşün məqsədi taxıl biçini ilə əlaqədar Gürcüstana Ölkəmizdən taxılyığan kombaynlarla kömək edilməsinin müzakirəsi olub.
Nazir müavini İlham Quliyev son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən institutsional islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar barədə geniş məlumat verib.
İlham Quliyev Azərbaycanın tarixən aqrar ölkə olduğunu, doqquz iqlim tipi olan coğrafi məkanda yerləşdiyini, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətli olduğunu qonaqların diqqətinə çatdırıb. Nazir müavini bildirib ki, Azərbaycanın aqrar sahədə ixrac potensialı yüksəkdir və ölkəmizdə istehsal olunan tərəvəz məhsulları Rusiya bazarlarında brend kimi tanınır və ixrac olunan məhsullara bu bazarlarda tələbat vardır.
Bildirib ki, ixracın stimullaşdırılması üçün subsidiyaların tətbiqi ilə əlaqədar dövlət tərəfindən geniş tədbirlər planı həyata keçirilir və son aylarda tərəvəz məhsullarının ixracı bir neçə dəfə artıb.
Nazir müavini qeyd edib ki, son üç ildə Azərbaycanın kənd təsərrüfatında böyük dönüş yaranıb. Artıq dövlət pambıqçılıq, tütünçülük, baramaçılıq və çayçılığın prioritet sahə kimi inkişafına dəstək verir. Xüsusilə bu il Azərbaycanda baramaçılın inkişafında böyük nailiyyətlər əldə edilib. Belə ki, 1254 ailəyə pulsuz olaraq barama toxumu verilərək 70 min tondan çox məhsul əldə olunub. Bu sahəni daha da inkişaf etdirmək üçün Nazirlik tərəfindən ölkəmizdə çəkil plantasiyalarının salınması planlaşdırılır.
İlham Quliyev Azərbaycanla Gürcüstanın ticarət əlaqələrinin genişlənməsinin hər iki ölkə arasında kənd təsərrüfatı sahəsində də əməkdaşlığa öz töhfəsini verəcəyinə əminliyini bildirib.
İuri Nozadze səmimi qəbula görə təşəkkürünü bildirərək Gürcüstan kənd təsərrüfatı nazirinin Kaxeti bölgəsində taxıl biçini kampaniyasına Azərbaycandan kombaynların səfərbər olunub Gürcüstan ərazisində dislokasiya olunmasına və biçinin vaxtında, itkisiz aparılmasına köməklik göstərilməsi haqqında məktubu nazir müavininə təqdim edib. O, Azərbaycanın bütün çətinliklərdə Gürcü xalqına dayaq olduğunu vurğulayıb, həmçinin ölkə üçün strateji məhsul olan taxıl biçini kampaniyasına Azərbaycan Hökumətinin və Kənd Təsərrüfatı Nazirliyinin dəstək verəcəyinə əminliyini bildirib.
Gürcüstanın nazir müavini İuri Nozadze ölkənin kənd təsərrüfatı sahəsində son üç ildə əldə olunmuş uğurlar barədə geniş məlumat verib.
Sonda İlham Quliyev dost Gürcü xalqına, ələlxüsus taxıl biçininə “Aqrolizinq” ASC-nin xətti ilə qanunvericiliyə uyğun olaraq hərtərəfli köməklik göstəriləcəyinə, kombaynların vaxtında Gürcüstan ərazisində dislokasiya olunmasına və tez bir zamanda biçinə cəlb olunmasına nazirlik tərəfindən dəstək veriləcəyini bildirib.
İyulun 17-də Qazax rayonunun “Qırmızı körpü” keçid məntəqəsindən 30-dan artıq “Klaas” və “New Holland” tipli kombaynlar Gürcüstana yola salınıb.
Mərasimdə Gürcüstan kənd təsərrüfatı nazirinin müavini Levan Qabutaşvili çıxış edərək, köməyə görə Azərbaycan Hökumətinə və Kənd Təsərrüfatı Nazirliyinə minnətdarlığını bildirib.
Kombaynlar 20-25 gün ərzində Gürcüstan fermerlərinə taxıl biçinində yardımçı olacaq.
Modern.az