Modern.az

Azərbaycandakı partiyaların Türkiyədəki hadisələrə REAKSİYASI...

Azərbaycandakı partiyaların Türkiyədəki hadisələrə REAKSİYASI...

Aktual

18 İyul 2016, 14:42

 

İyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd baş verib. Hadisə nəticəsində 290 nəfər ölüb, 1400 nəfər isə yaralanıb. Həlak olanlardan 190 nəfəri mülki şəxs və təhlükəsizlik qüvvələrinin əməkdaşı olub. Dövlət çevrilişinə cəhd edənlərdən isə 100 nəfər həlak olub.

 

Modern.az saytı siyasi partiyaların Türkiyədəki hadisələrlə bağlı mövqeyini təqdim edir:

 

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında deyib ki, Türkiyə ordusunun daxilində bir qrup hərbçi təhrik edilərək belə bir addım atıb.

 

"Baş verən hadisələrdə ordunun rolundan söhbət belə gedə bilməz. Türk ordusu, türk xalqı, Türkiyə dövləti ilə bir yerdə oldu. Keçmişdə Türkiyə Konstitusiyasında belə bir norma var idi ki, ölkədə hərc-mərclik, iqtisadi tənəzzül olsa, yaxud da dövlətçilik təhlükə altında qalsa ordu hakimiyyətə müdaxilə etmək hüququna malikdir.

 

Lakin bu norma Konstitusiyadan çıxarıldı. Bu anti-demokratik bir norma idi. Çünki dövlətin taleyini xalq müəyyənləşdirir. Xalq da seçim yolu ilə bunu müəyyən edib. Hər hansı bir digər qüvvənin buna qarışmaq ixtiyarı yoxdur. İkinci bir tərəfdən də Türkiyədə bu gün iqtisadi tənəzzül, hərc-mərclik yaşanmır. Bu gün Türkiyə anti-terror əməliyyatları aparır. Türkiyə inkişaf edir. Türkiyə enerji daşıyıcılarının təmin olunması və dünyaya çatdırılmasında xüsusi bir rol oynayır və Türkiyə regionun ən aparıcı dövlətlərindən biridir”.

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (AXCP) Əli Kərimli facebook hesabında belə yazıb: “Türkiyə qalib gəldi! Xalqın ən böyük güc olduğu növbəti dəfə sübut olundu. Demokratiyasına sahib çıxan əliyalın, mübariz xalq Türkiyə bayraqları ilə tankların üstünə çıxdı, azad mətbuatın, yetkin, oturuşmuş siyasi partiyaların, konstitusiyaya sadiq qalan dövlət qurumlarının da gücü ilə dövlət çevrilişinə cəhdin qarşısını ala bildi. Türkiyə hakimiyyəti qərarlı və tədbirli davrandı, dövlət qurumları və xalqı, iqtidarı və müxalifətilə bu demokratiya sınağından da uğurla çıxdı. Hazırda yenidən qalib olan Türkiyə iqtidarı da vacib mesaj aldı. Ən çətin məqamda dövlətinə sahib çıxan azad mətbuatı, azad interneti, siyasi müxalifəti, demokratik təsisatları sıxışdırmaq olmaz. Ən çətin sınaq məqamında həmin demokratik təsisatlar xalqın, demokratiyanın, iqtidarın yanında oldu”.

 

Azərbaycan Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xalqa müraciəti artıq öz effektini verdi. Ərdoğan əsil dövlət adamı olduğunu bir daha təsdiqlədi. İlk andanca emosiyalarla yox, olduqca təmkinlə və soyuqqanlılıqla hadisələrə yanaşdı. O, qan tökülməməsi üçün qiyamı yatırmağa hazır və qadir qurumlara yox, ilk növbədə, səsini, dəstəyini aldığı Türkiyə xalqına üz tutdu və bu da öz nəticəsini verdi. Artıq xalq meydanlara axşır və bu xalqın iradəsini də, hansı səviyyədə dəstəklənməsindən asılı olmayaraq, heç bir qüvvə dayandıra, durdura bilməz. Bu hadisə həm də Ərdoğanın, AKP hökumətinin xalq arasında hansı səviyyədə dəstəkləndiyini ortaya çıxardı.Türkiyənin əsas müxalifət qüvvələrinin, xüsusən də Dövlət Baxçalının və Kılıcdaroğlunun açıqlamaları olduqca yerində atılmış addımlar oldu. Türkiyə müxalifəti də göstərdi ki, onlar üçün ən önəmlisi Türkiyənin dövlət, millət maraqlarıdır və üstəlik, onlar səmimi şəkildə Türkiyədəki mübarizənin demokratik müstəvidən kənara çıxmasını istəmirlər”.

 

Müsavat başqanı Arif Hacılı:  “Son zamanlar dünyanın hər yerindən sarsıntılı xəbərlər alırıq. Fransada terror qurbanlarının sayı hələ tam müəyyənləşməmiş, Atatürk Hava Alanında həlak olanların 40 mərasimi olmamış, indi də Türkiyədə qanlı hadisələr baş verir.

Hədəflərinin nə olmasından asılı olmayaraq 78 milyon əhalisi, türk və İslam dünyasının ən sivil dövləti olaraq diqqət mərkəzində olan Türkiyənin, İstanbulun, Ankaranın silahlı qarşıdurma vəziyyətinə gətirilməsi, günahsız adamların həlak olmasına, ölkənin çıxarlarına ciddi zərbə vuran toqquşmalara səbəb olan hərəkətlər pislənməli, zorakılıqla hakimiyyət dəyişikliyinin yolverizməliyi prinsipi birmənalı dəstəklənməlidir.

Türk xalqının dəyanətinə inanıram. Əminəm ki, Türkiyə xalqı bu sarsıntılardan çıxmağa, ölkədə demokratik, dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı