İyulun 18-də Azərbaycan Kooperasiya Universitetində universitetin Elmi şurasının 2015/2016-cı tədris ili üzrə yekun iclası keçirilib. Şuraya sədrlik edən universitetin rektoru, professor E.A.Quliyev ilkin olaraq ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışıb, Prezident İlham Əliyevin bu sahənin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamlar barədə məlumat verib. Qeyd edib ki, bu sahədə tədbirlər Azərbaycan Kooperasiya Universitetindən də yan keçməyib. Təhsil müəssisəsi öz işini müasir dövrün beynəlxalq tələblərinə uyğun qurmaqdadır. Universitetdə tələbələrin hərtərfli inkişafı, onların yüksək səviyyədə ali təhsil almaları üçün hər cür şərait yaradılıb.
“Universitetin maddi-texniki bazasının təkmilləşdirilməsi, tələbələrin müasir texnoloji yeniliklərlə tədris planlarını mənimsəməsi şübhəsiz ki, təqdirə layiq haldır. Tələbələrimiz həm təhsilləri, həm də ictimai-siyasi fəallıqları ilə respublika əhəmiyyətli tədbirlərdə, bilik olimpiadalarında, forumlarda, seminarlarda, idman yarışlarında iştirak edirlər. Bu da onların universitetdə aldıqları təhsildən əlavə olaraq fərdi inkişafları üçün çox zəruridir”.
Sonra isə universitetin tədris işləri üzrə prorektoru Fikrət Quliyev 2015/2016-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası və yekun dövlət attestasiyasının nəticələri, yay tədris və istehsalat təcrübələrinin keçirilməsi barədə məruzə ilə çıxış edib. Bildirib ki, Milli Məclisin deputatı, Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor Eldar Quliyev elm və təhsil sahəsində xidmətlərinə görə BMT-nin İctimai Mükafatlar üzrə Şurasının (UNCOPA) Beynəlxalq Mükafatlar Komitəsinin Avropa Xidməti Ordeni ilə təltif edilib.
“Bu mükafat ümumilikdə Azərbaycan elminə və Azərbaycan Kooperasiya Universitetinə verilən dəyərdir və bu münasibətlə kollektiv adından cənab Eldar Quliyevi ürəkdən təbrik edir, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq”.
İclas gündəlik proqram üzrə davam etdirilib. Qeyd edək ki, artıq bir neçə ildir ki, universitetdə il ərzində imtahan sessiyasına görə fərqlənən ilin dekanı, ilin kafedra müdiri, 1 müəllim və 2 nəfər ilin tələbəsi elmi şuranın qərarı ilə seçilir və rektorun xüsusi təqaüdünə layiq görülür. İclasda Elmi Şuranın 2016/2017-ci tədris ili üçün iş planı təsdiq olunub.
Sonda Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor E.A.Quliyev qarşıda duran məqsəd və vəzifələr haqqında danışıb. O bildirib ki, tədris ilinin yekunlarına görə yekun qiymətləndirməyə nəzər salsaq ümumilikdə mənimsəmə və keyfiyyət göstəriciləri müsbətə doğru irəliləyib.
“Bu isə bizim üçün yeni çağırışlar ortaya çıxarır ki, biz növbəti ildə işimizi daha möhkəm qurmalı, tələbələrlə birlikdə universitetimizin elmi-tədqiqat potensialını artırmalı, respublikada olan nüfuzunun inkişafı üçün bundan sonra da yüksək templə çalışmalıyıq”.
Modern.az