Fransa-Azərbaycan Universiteti tələbə qəbuluna başlayıb.
Bu barədə Modern.az-a Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından məlumat verilib.
Fransa-Azərbaycan Universiteti (UFAZ) Fransa və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə irəli sürülmüş layihədir.
2016-cı ildən başlayaraq, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Strasburq Universiteti tərəfindən birgə aparılacaq tədris aşağıdakı 4 ixtisas üzrə həyata keçiriləcək:
Geofizika mühəndisliyi;
Kimya mühəndisliyi;
Kompüter elmləri;
Neft-qaz mühəndisliyi.
Tədris Fransız proqramları əsasında aparılacaq və UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU) alacaqlar.
Bütün ixtisaslar üzrə tədris 4 il (1 il hazırlıq + 3 il əsas tədris) ərzində ingilis dilində ADNSU-da aparılacaq. İxtisaslar üzrə UFAZ-ın ən yaxşı tədris göstəricilərinə malik tələbələri II və ya III kursda 1 semestr müddətinə Fransa universitetlərinə mübadilə oluna bilərlər. Onlar üçün Fransada yay məktəblərinin təşkili də nəzərdə tutulur.
2016/2017-ci tədris ili üçün UFAZ-da hər bir ixtisas üzrə 30 dövlət sifarişli və 10 ödənişli əsaslarla, cəmi 160 tələbənin təhsil alması nəzərdə tutulur.
UFAZ-a qəbul qaydaları:
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali məktəblərə l-ci qrup üzrə keçirilən qəbul imtahanında 500 və daha çox bal toplayan hər bir abituriyent UFAZ-ın tələbəsi olmaq üçün ADNSU-da təşkil olunacaq imtahanda iştirak etməlidir.
Sənədlərin qeydiyyatı cari il 18 – 23 iyul tarixlərində onlayn rejimdə (ufaz.edu.az saytında) və ya birbaşa təqdim etməklə saat 1000-dan 1700-dək ADNSU-da (İKT Mərkəzi, əsas tədris binası, Azadlıq pr., 34) aparılacaqdır.
Qeydiyyatdan keçmiş abituriyentlər 27 iyul 2016-cı il tarixində saat 900-da ADNSU-nun əsas tədris binasında olmalıdırlar. Saat 1000-da başlayacaq və 2 saat davam edəcək imtahanda abituriyentlər tədris dillərinə uyğun (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən 10 test sualını cavablandırmalı və ingilis dilində hər biri 5 sətirdən az olmayan 2 esse yazmalıdırlar. Test sualına verilən hər bir düzgün cavab 2 balla, hər bir esse maksimum 10 balla qiymətləndiriləcək. Test bölməsində 2 yanlış cavab bir düz cavabı ləğv edir.
UFAZ müsabiqəsindən keçməyən abituriyentlər heç bir məhdudiyyət olmadan ADNSU və digər ali məktəblər üzrə DİM tərəfindən elan edilmiş müsabiqədə iştirak edə bilərlər.
Ağa AKİFOĞLU