İyulun 15-dən 16-na keçən gecə Türkiyədə baş verən çevriliş cəhdi bəzi siyasi şərhçilər, tarixçilər, tərəfindən ciddi qarşılanmır. Dünyaya meydan oxuyan “Mehmetcik” ləkəli obrazda alçaldılmış görünür.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfdarlarının isə “Allahu-Əkbər” qışqıraraq səsini ətrafa duyurması daha çox diqqət çəkir.
Bəs bu cür mənzərə Türkiyədə dinin hakimiyyət eşalonuna ayaq açmasına gətirib çıxara bilərmi?
Politoloq Zərdüşt Əlizadə Modern.az-a açıqlamasında deyib ki, baş verənlər Türkiyədə İslam dövlətinin qurulacağına əsas vermir.
“Əvvəla, “Allahu-Əkbər” qışqırmaq cinayət deyil. Sadiq insan “Allahu-Əkbər” qışqıraraq xeyirli iş də görə bilər, ziyanlı iş də. Bu dəqiqə Ərdoğan Türkiyədə İslam dövləti qurmur. Buna Türkiyə cəmiyyəti imkan da verməz. Təbii ki, İslam amilindən istifadə edərək öz şəxsi istintaq qurğusunu yaratmağa çalışır. İslam, sadəcə, bir vasitədir.
Ərdoğan siyasi İslamın nümayəndəsidir. Artıq neçə vaxtdır ki, Türkiyənin bir nömrəli şəxsidir. O, hakimiyyətdədir. Sadəcə, hakimiyyətdə dini təmayülün güclənməsindən söhbət gedir. Şübhəsiz ki, “Allahu-Əkbər” qışqıran adamlar öz beyinlərində demokratiyanı yox, saxladıqları islami dövləti qorumaq barədə düşünürlər. Həmin dövlətdə demokratiya düşünmürəm ki, əsas dəyərdir. Əsas dəyər Allahdır və insanın Allahın buyruğuna uyğun yaşamasıdır”.
Siyasi ekspert belə düşünür ki, artıq dünya şouya tamaşa etmək firkində deyil.
“Türkiyədə baş verənlər 2-3 gün dünyanın diqqətini cəlb etdi. Daha sonra dünya dedi ki, biz bu tamaşaya inanmırıq. Ortada ciddi dövlət çevrilişi yox idi.
Yadımdadır ki, 1991-ci ilin 19-21 avqust tarixlərində Qorbaçova qarşı edilmiş KQÇP qiyamı da eyni ssenari üzrə yazılıb. Bəlli oldu ki, əslində, bu, tamaşa idi. Çünki həmin qiyamın təşkil olunmasında əsas oyunçu Qorbaçovun özü idi. Məqsədi SSRİ-ni dağıtmaq idi.
İndi də Ərdoğanın məqsədi öz siyasi rəqiblərini, xüsusilə, məhkəmə, prokurorluq sistemindən, ordudan təmizləmək idi. Ordudan bir xətlə istifadə etdi. Zaman keçdikcə bir çox təfərrüatlar üzə çıxır. Çevriliş cəhdinin qurama olması hamıya bəlli olur.
Şərhçilər yazır ki, türk ordusu kimi ağıllı və güclü qurum heç vaxt bu cür səfeh çevriliş cəhdi etməzdi. Son 30 ildə 3 dəfə uğurlu çevriliş cəhdi olub. Bu dəfə isə səfeh bir çevriliş cəhdi baş verib. Nə hökumətin, nə də müxalifətin vecinə oldu. Dəniz Baykal da artıq bəyanat verib ki, baş verənlər tragikomediya idi. Bunun nəticəsində Ərdoğan təkrar seçki keçirib AKP-yə böyük səs üstünlüyü qazandırdı. Müxalifət partiyalarını sındırır, konstitutsiyada dəyişikliklər edərək sultan səlahiyyətli prezident vəzifəsinə yiyələnir. Ərdoğanın etdikləri və edəcəkləri heç də Türkiyənin bir dövlət kimi zamanına, çağırışına cavab vermək qabiliyyətini artırmır”.
Namidə BİNGÖL