Modern.az

“Paşinyanın müsahibəsi növbəti populist açıqlamadır” - Leyla Abdullayeva

“Paşinyanın müsahibəsi növbəti populist açıqlamadır” - Leyla Abdullayeva

Aktual

25 Noyabr 2019, 18:06

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan baş nazirinin İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində söylədiklərini şərh edib.

Leyla Abdullayeva Modern.az-a deyib ki, Ermənistan baş naziri N.Paşinyanın İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsini növbəti populist açıqlama kimi qiymətləndirmək olar.

 

“Paşinyan müsahibəsində “ermənifobiya” fenominindən danışaraq həqiqətlə heç bir əlaqəsi olmayan və yalan nümunələr sadalayır. Belə ki, o, UEFA-nın Avropa Liqasının Bakıda keçirilmiş final oyununda guya ki, Henrix Mxitaryanın erməni olduğu üçün iştirak edə bilmədiyini bildirir. Xatırlatmaq istərdik ki, Azərbaycan tərəfindən bu ilin 29 may tarixində UEFA-nın Avropa Liqasının Bakıda keçirilmiş final oyununda iştirak edən bütün oyunçuların, o cümlədən Arsenal futbol klubunun oyunçusu Henrix Mxitaryanın, eləcə də bütün pərəstişkarların təhlükəsizliyinin tam şəkildə təmin olunacağı barədə məlumat verilmişdir. Azərbaycan tərəfindən zəmanət verildiyi halda Avropa Liqasının Bakıdakı final oyununda Henrix Mxitaryan şəxsi qərarı əsasında iştirak etmədi. Onu da qeyd etmək istərdik ki, bu günə kimi Azərbaycanda keçirilən çoxsaylı idman yarışlarında erməni əsilli idmançılar iştirak ediblər. Hətta dövlət başçısı Avropa oyunları vaxtı erməni mənşəli oyunçunu şəxsən özü mükafatlandırmışdı.

 

Ermənistan hökumət başçısı, başqa bir uydurma ilə çıxış edərək, guya ki, paytaxtımızda erməni musiqisinə qulaq asan sürücünün həbs olunmasına dair növbəti yalan “nümunə” ilə söylədiyi əsassız fikirlərə bəraət qazandırmağa çalışır.

 

Nikol Paşinyanın müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərinə gədikdə isə bildirmək istərdik ki, Azərbaycan Respublikasının Prezidenti cari ilin 3 oktyabr tarixində Soçidə keçirilmiş “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında çıxışı zamanı münaqişənin həlli kontekstində fikirlərini birmənalı şəkildə səsləndirmiş və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalı olduğunu bildirmişdir. Münaqişənin məhz bu əsaslarda həlli bölgəmizə dayanıqlı sülh, sabitlik və tərəqqi gətirəcəkdir”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı