Goranboy rayonunda fəaliyyət göstərən uşaq bağçaları ilə bağlı ilk müsabiqə keçirilib.
Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin “Rayonun məktəbəqədər təhsil müəssisələrində uşaqların intellektual, fiziki və psixoloji inkişafının öyrənilməsi məqsədi ilə müsabiqələrin keçirilməsi və bununla bağlı münsiflər heyətinin yaradılması”na dair sərəncamına uyğun olaraq, 26 noyabr 2019- cu il tarixdə rayonun Heydər Əliyev Mərkəzində ilk tədbir keçirilib.
Tədbirdə uşaq bağçalarında uşaqlarla aparılmış intellektual, fiziki və psixoloji təlim-tərbiyə işi ilə bağlı əyani kompozisiyalar nümayiş etdirilib və münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Münsiflər heyəti və digər tədbir iştirakçıları, belə tədbirlərin keçirilməsinin rayonun ictimai-mədəni həyatında yenilik olduğunu təqdirəlayiq hal kimi qiymətləndirərək uşaq bağçalarının fəaliyyətlərində müsbət istiqamətdə dəyişiliklər yaradacağını vurğulayıblar.