Modern.az

QHT-lərlə dövlət qurumları arasında əməkdaşlığa dair yeni imkanlar və perspektivlər  

QHT-lərlə dövlət qurumları arasında əməkdaşlığa dair yeni imkanlar və perspektivlər  

Aktual

28 Noyabr 2019, 10:46

 “QHT-lərlə dövlət qurumları arasında əməkdaşlığa  dair yeni  imkanlar və perspektivlər” deyəndə , bu istiqamətdə  ən  yeni və uğurlu  layihə  kimi  ilk növbədə “SƏLİS” yada düşür. Ona görə də “SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsi üçün  bu brend layihədən yazmaq qərarına gəldim.İstəyim başadüşüləndir. Çünki, son aylarda sosial şəbəkələrdə, yazılı və internet mediada “SƏLİS” haqqında çox yazılır,fikir və rəylər bölüşdürülür, bu layihənin vətəndaş cəmiyyəti üçün  açdığı imkanlar yüksək dəyərləndirilir,vətəndaş məmnunluğu ifadə edilir. Bütün yazılanları və deyilənləri ümumləşdirən  bir əsas məqam isə cəmiyyətin  “SƏLİS”ə  olan  ümidi, etimadı,gözləntisidir.Cəmiyyət “ASAN xidmət” kimi  “SƏLİS”i də dəstəkləyir və inanır!

 

Bu ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkil etdiyi “SƏLİS” - Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin yaradılmasını vaxtında düşünülmüş layihə, zamanında atılmış uğurlu addım kimi dəyərləndirmək olar. “ASAN” kimi  “SƏLİS”  də həm adı,həm də  vətəndaşlara təklif etdiyi xidmət növlərinə görə diqqət çəkən, maraq cəlb edən lazımlı  layihədir və eyni zamanda, yeni sosial təkliflərin meydana çıxmasına,icrasına dəstək baxımından  QHT-lərə böyük dəstəkdir. Fəaliyyətinin ilk aylarının yekunları göstərir ki, “SƏLİS” vətəndaş cəmiyyətinin inkişafında yeni keyfiyyət mərhələsinin əsasını qoyub, innovativ tətbiq baxımından  QHT-lərə geniş imkanlar yaradıb, canlı təması minimuma endirməklə Şuranın elektron xidmətlərindən rahat və sürətli istifadəyə təminat verib və regionda çalışıb işləyənlər üçün böyük imkanlar açıb.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Prezident İlham Əliyevin elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı, həmçinin dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı fərman və sərəncamları rəhbər tutaraq, göstərdiyi xidmətləri tam elektronlaşdırmaq və keyfiyyətini yaxşılaşdırmaq, istifadəçilər üçün daha rahat və əlçatan etmək məqsədilə təkcə  2019-cu ildə 20 yeni elektron xidməti istifadəyə verib və elektron hökumətə keçidi tam olaraq başa çatdırıb. Bu xidmətlərin “SƏLİS” - Sürətli Əlaqələndirmə və Layihələri  İdarəetmə Sistemi adı altında vahid elektron bazada birləşdirilməsi  isə bu xidmətlərdən  istifadəni asanlaşdırmaqla yüksək keyfiyyətə təminat yaradır.

 

Bəli, “SƏLİS” zamanın tələbindən yaranıb və vətəndaşlara xidmətdə zaman itkisini minimuma endirmək,vətəndaş məmnunluğunu təmin etmək baxımından olduqca səmərəlidir. Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin müasir dövrün tələblərinə uyğun şəkildə təşkili, QHT- Dövlət münasibətlərində yeni əməkdaşlıq modelinin formalaşdırması, Şuranın fəaliyyətində şəffaflığın, hesabatlığın və səmərəliliyin daha da artırılması, mümkün neqativ halların və subyektiv amillərin sıfıra endirilməsi,  ictimai nəzarətin və qərar qəbulu prosesində vətəndaş iştirakçılığının təmin edilməsi “SƏLİS”in yaradılmasının əsas səbəbləridir.

 

Şuranın fəaliyyətinin tamlıqla elektronlaşdırılması şəffaflığın təmin olunmasına, sui-istifadə hallarının aradan qaldırılmasına,vəsaitdən səmərəli istifadəyə,süründürməşilik hallarının minimuma endirilməsinə imkan verdiyinə görə “SƏLİS” təkcə QHT-lər  üçün deyil,sıravi vətəndaşlar üçün də maraqlıdır.Layihə ilə bağlı maarifləndirmə işləri operativ və səmərəli təşkil olunduğundan çox az adam tapılar ki, bu gün  bu barədə məlumatsız olsun.  Sosial şəbəkələrdə, SƏLİS-in elektron və  fecebook səhifəsində layihənin icrası ilə bağlı  gündəlik informasiyalar dərc olunur, mütəmadi paylaşımlar edilir.Paytaxtda və bölgələrdə, ali təhsil ocaqlarında,gəncliyin daha çox olduğu məkanlarda vaxtaşırı tədbirlərin keçirilməsi,videoçarxların,filmlərin nümayişi ,buklet və braşuraların,kitabçaların nəşri maarifləndirmə tədbirlərinin kompleks təşkilindən xəbər verir və effektivliyinə şərait yaradır.

 

Əlbətdə ki, hər bir layihənin uğuru  ilk növbədə vətəndaş məmnunluğudur.Bəs regionlarda fəaliyyət göstərən QHT –lər  “SƏLİS” haqqında nə fikirdədir? Lənkəranda rəsmi dövlət qeydiyyatından keçən ilk  QHT-“Hüquqi Yardım” İctimai Birliyinin hüquqşünası İlqar Qasımov sorğumuzu belə cavablandırdı: “2004-cü ildən bu qurumda fəaliyyət göstərirəm. Bizim  “Hüquqi Yardım” İctimai Birliyi cənub bölgəsində 15 ildir ki, əhalinin hüquqi cəhətdən maarifləndirilməsi istiqamətində iş aparır.Etiraf edim ki, işimiz heç vaxt belə səmərəli,keyfiyyətli, həm də asan olmamışdı. “SƏLİS”i biz QHT-çilərin əlindən tutan əsl dost adlandırardım.O, doğrudan, sözün həqiqi mənasında brend layihədir.Burda insan faktoru, subyektivlik yoxdur.Layihənin təstiqi,icra mexanizmi tam elektronlaşdırılıb.Əvvəlki illərdə layihəni yazıb özümüz Bakıya gətirməli olurduq.Son illərdə bizə poçtla göndərmək imkanı da yaradılmışdı.İndi isə heç yana getmək lazım deyil.Evində oturub layihəni təqdim edirsən, elektron qaydada təstiqini görürsən, icrasının hesabatını verirsən.Heç bir maliyyə və vaxt itkisi yaşamadan,kimsə ilə üz-göz olmadan. Bu, əsl inqilabdır! “ASAN imza” ilə proqrama daxil olub bütün lazımi məlumatları əldə edirsən.Kənar müdaxilə tam mümkünsüzdür.Kimlərinsə “bığının altından keçmək”, “əl əli yuyar, əl də üzü” tendensiyası  ilə kimlərəsə “şirinlik” vermək, ya da “Həsən ağanın qohumuyam” deyib layihə udmaq mümkün deyil.Bu amillər həm də layihə rəhbəri kimi  məsuliyyətimizi artırır. “SƏLİS”in  ən yaxşı cəhəti odur ki, burda tam şəffaflıqlıqdır,bacarıq, qabiliyyət əsas amildir. Əvvəlki illərdə əksər dövlət qurumları ancaq özlərinə yaxın olan QHT-lərlə işləyir, onların layihələrinə dəstək verirdilər.Bir də görürdün bir QHT birdəfəlik 5 layihə udub.Ortada isə bir alababat iş olardı, ya olmazdı.İndi isə bütün neqativ hallar “SƏLİS”in sayəsində aradan qaldırılıb.Bir birlik ancaq bir layihə uda bilər.Həm də ki, indi elektron qaydada bütün qurumların elan etdiyi müsabiqələri, onların şərtlərini görüb dəyərləndirmək imkanımız  var.Bu, çox böyük irəliləyişdir”.

 

Deməli, yerdəki vətəndaş “SƏLİS” in fəaliyyətindən tam razıdır və BMT-nin Rezident Əlaqələndiricisi Qulam İshaqzainin layihənin təqdimat mərasimində dediyi "SƏLİS”  tezliklə BMT-nin mükafatını alacaq" sözləri də təsadüfi, gəlişi gözəl sözlər deyil,  bu layihənin təkcə Azərbaycan üçün deyil,dünya üçün əhəmiyyətli ola biləcəyinin göstəricisidir . ABŞ-ın Azərbaycandakı səfirliyinin müavini Maykl Dikersonun “SƏLİS” sistemi sürətlidir,faydalıdır və şəffaflıq üçün lazımdır” sözləri   bir vətəndaş kimi hamımızı qürurlandırmalıdır.Çünki, bu brend layihə  bizim Azərbaycanda yaradılıb,fəaliyyətə başlayıb və ilkin nəticələri gözlənildiyindən də ürəkaçandır.Bəli, Azərbaycanda  korrupsiyasız,rüşvətsiz,tam şəffaf cəmiyyət quruculuğu üçün bu cür layihələrin icrası çox vacibdir və onların fəaliyyətinə bütün cəmiyyət-hamımız dəstək olmalıyıq.

 

Azərbaycan Dillər Universitetində (ADU)  “SƏLİS”-in e-vətəndaş proqramının təqdimatına həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin dediyi: ”Dövlət sizi dəvət edir ki, cəmiyyətin inkişafında sizi, ictimaiyyəti maraqlandıran problemlərin həllində iştirak etsin. Dövlət vətəndaşa şərait yaradır ki, bizim gördüyümüz işlərdən başqa nəyi daha yaxşı etmək istəyirsinizsə, təkliflərinizi verin” sözləri bütün cəmiyyətə çağırışdır. Azay Quliyevin qeyd etdiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilk dəfə olaraq 2019-cu il dördüncü qrant müsabiqəsi çərçivəsində ölkənin bütün vətəndaşlarını QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı qiymətləndirməyə dəvət edib. Bu məqsədlə Şuranın yeni brendi “SƏLİS”-ə daxil olan e-vətəndaş proqramı ictimaiyyətə təqdim olunub. “SƏLİS Xidmət”ə daxil olan e-vətəndaş xidməti, vətəndaşların istifadə qaydaları, verəcəyi səmərə barədə hazırlanmış təlimat xarakterli video-çarxlar hazırlanıb.

 

 “SƏLİS”in üstün cəhətləri çevik və sürətli idarəetmə,xidmətlərdə rahat və əlçatanlığın təmin olunması, vaxt itkisinin aradan qaldırılması, şəffaflıq və aşkarlığın təmin olunması,QHT-lər və Şura üçün vahid məlumat bazasının formalaşması,hər hansı subyektiv amillərin aradan qaldırılması,bildirişlərin e-mail və SMS vasitəsi ilə təqdim olunmasıdır.

 

Qeyd edək ki, Şurada  “etimad telefonu" fəaliyyət göstərir. 1672 saylı "qaynar xətt" günün bütün saatlarında vətəndaşların zənglərini qəbul edir. “Qaynar xətt”in yaradılması istifadəçi məmnunluğuna,xidmətlərdən səmərəli istifadəyə hesablanıb.Belə ki, elektron xidmətdən istifadə zamanı hər hansı çətinlik yaranarsa, istifadəçi Şuranın “qaynar xətti”nə zəng edib istədiyi məlumatı ala bilir.

 

 Sevindirici haldır ki, bu yaxınlarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Avropa Birliyinin təşkilatçılığı ilə keçirilən “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” Forumunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  öz stendi ilə iştirak etdi, elektron xidmətlərini təqdim etdi və bu təqdimatı olduqca maraqlı keçdi, beynəlxalq ekspertlərin diqqətini cəlb edə bildi. BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai   Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinin inkişafı üçün adtığı addımların BMT tərəfindən də  alqışlandığını bildirdi: "SƏLİS və bu tipli digər layihələrə dəstək verməyə hazırıq. Ümid edirik ki, SƏLİS qarşıdakı 1 il müddətində özünü doğruldacaq".

 

Biz də buna ümid edir, “SƏLİS”ə inanır və güvənirik!

 

Esmira İsmayılova

Müstəqil jurnalist

 

“Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  “SƏLİS Jurnalist” nominasiyası üzrə keçirdiyi   müsabiqəyə təqdim olunur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı