Böyrəkdaşı böyrəklərin başqa patologiyaları ilə müqayisədə tez-tez təsadüf olunan xəstəlikdir. Bu, Yer kürəsində qeyri-bərabər yayılıb. Bu zaman böyrəklərdə və ya sidik xaric edən digər orqanlarda daşlar əmələ gəlir. Böyrəkdaşı xəstəliyinin çox yayıldığı ərazilər arasında Qafqaz və orta Asiya xüsusi yer tutur. Xəstəliyə kişilərdə qadınlara nisbətən çox təsadüf edilir. Daşlar həm kiçik (3 mm-dək), həm də iri (15 sm-dək) ölçülərdə ola bilər. Bəzi hallarda böyrək daşları özünü heç bir əlamətlə büruzə vermədən uzun müddət mövcud ola bilər. Bu halda onlar digər orqanların hər hansı bir xəstəliyinin müayinə edilməsi zamanı aşkar edilir. Əksər hallarda isə onlar ağrı tutmaları, sidik ifrazı zamanı olan pozğunluqlar və digər əlamətlərlə müşayiət olunurlar. Böyrək daşı xəstəliyini mütləq müalicə etmək lazımdır. Müalicə edilmədiyi halda onun fonunda pielonefrit xəstəliyi də inkişaf edə bilər.
Etiologiyası
Böyrəklərdə və sidik yollarında daşların əmələ gəlməsi mürəkkəb fiziki-kimyəvi proses olub, əsasında böyrək parenximasında gedən zəif dəyişikliklər və orqanizmin toxumalarında kolloid müvazinətin pozğunluğu durur. Daşların əmələ gəlməsində sidik yollarının anadangəlmə və qazanılma qüsurları nəticəsində meydana çıxan sidiyin dinamikasının pozğunluğu və sidik yollarının infeksiyaları rol oynayır.
D və A vitaminlərinin hipervitaminozu (vitaminin normadan artıqlığı) böyrəkdə daşların çökməsi üçün şərait yaradır. Qaraciyərin, həzm sisteminin funksiyasının pozğunluqları (hepatitlər, qastritlər, kolitlər), bədəndə uzun müddətli hərəkətsizlik törədən parez və hemiparezlər, iri sınıqlar, sümük-oynaq xəstəlikləri sidik yollarında daşların olması ilə müşayiət olunur. Çoxlu maye itkisi və sidiyin qatılığının artmasını törədən isti və quru iqlim şəraiti minerallarla qatılaşmış suların fasiləsiz işlədilməsi böyrəkdaşı törədən amillərdir.
Yaranma səbəbləri
Daşların əmələgəlmə mexanizmi və səbəbləri müasir urologiyanın çətin problemlərindən biridir. Mövcud olan bir çox nəzəriyyələrin heç biri suala tam cavab vermir. Eləcə də daşların əmələ gəlməsində sidiyin özündə gedən proseslər tam öyrənilməyib.
Böyrəklərdə əmələ gələn müxtəlif tərkibli daşların yaranmasının eyni qanunauyğunluğa tabe olması da təsdiq olunmub. Belə ki, son illərdə bir çox tədqiqatçıların səyi nəticəsində daş əmələgəlmə prosesində xüsusi əhəmiyyətə malik bir neçə faktorun həlledici rolu olduğu öyrənilib.
Kimyəvi tərkibinə görə, daşlar yekcins oksalat, urat, fosfat, karbonat, sistin, ksantin, xolesterin və qarışıq mənşəli ola bilər. Turş muhitli sidikdə sidik turşusu mənşəli daşlara – uratlara, qələvi mühitli sidikdə isə fosforatlara rast gəlinir. Oksalatlara isə sidiyin hər iki mühitində təsadüf olunur. Adətən 65-75% hallarda kalsium tərkibli daşlar, 5-15% urat tərkibli və təxminən 5% hallarda sistin, zülal, və xolesterin tərkibli daşlara rast gəlinir. Ölçulərinə görə isə daşlar ən xırda ölçüdən toyuq yumurtası böyüklüyünə qədər olur. Daşlar tək-tək və çoxlu ola bilər. Daşların böyrəklərdə yerləşməsi orada üzvi dəyişikliklər törədir. Bu zaman daşın həcmi, yerləşməsi, hərəkətliliyi, urodinamikaya mane törətməyi və mövcudolma müddəti əhəmiyyət kəsb edir. Böyrəkdaşı zamanı böyrəklərdə gedən patoloji anatomik dəyişikliklər kalkulez pielonefrit, pionefroz və bəzən də perinefrit xarakteri daşıya bilər.
Əlamətləri
Sidik daşı xəsdəliyinə kişilərdə və qadınlarda eyni dərəcədə rast gəlinir.Orta və ahıl yaşlarda, əsasən 30-35 yaşlarda daha çox təsadüf olunur. Uşaqlarda və qocalarda daşlar əsasən sidik kisəsində təsadüf olunur. Bu onunla izah olunur ki, uşaqlarda və qocalarda sidik kisəsindən sidiyin normal ifrazı pozulmuş olur. Sidik yollarında daşa çox tez-tez təsadüf olunur.
Böyrəkdaşı xəsdəliyi əsasən uzun müddət simptompsuz inkişaf edir. Daş təsadüfi olaraq digər xəstəliklərə görə rentgenoloji müayinə zamanı tapılır. Bu zaman klinika adətən daşın həcmi ilə deyil, daşın lokalizasiyası, hərəkətliliyi və infeksiyanın olub-olmaması ilə əlaqədardır.
Böyrəkdaşı parenximasında iri daş varsa və əgər hərəkətsizdirsə, sidik ifrazı dinamikasını pozmursa və infeksiyalaşmayıbsa, belə xəstə uzun müddər şikayətsiz olduğu halda, ləyəndə yerləşən hərəkətli və sidik axarlarını tutan, sidiyin axmasına mane olan daş böyrəkdə dərin dəyişikliklər törətməklə, çox vaxt ağır klinik mənzərə yaradır.
Bel nahiyəsində olan ağrılar sidik yolları ilə sidiyin normal pasajının pozulması ilə əlaqədardır və onun intensivliyi sidik ifrazının pozulma dərəcəsi ilə ölçülür. Iri böyrək daşları (əsasən mərcan daşları) qeyri-kəskin, küt və əksinə xırda daşlar yuxarı sidik yollarında böyrək sancısını xatırladan kəskin ağrılar verir. Adətən böyrək sancısı bir neçə saat çəkir, bəzən sutkalarla davam edir. Ağrının keçməsi daşın vəziyyətinin dəyişməsi və sidik ifrazının bərpası ilə əlaqədardır.
Böyrək sancısına mexaniki olaraq ləyən və sidik axarlarının tıxanması və staz nəticəsində sidik ifrazının kəskin pozulması səbəb olur. Sidiyin ləngiməsi ləyənin kəskin genəlməsinə, böyrəklərdə durğunluq əlamətlərinin meydana çıxmasına, nəticədə böyrəyin fibroz kapsulasının genəlməsinə və zəngin sinir torunun qıcıqlanmasına səbəb olur.
Bəzən böyrək sancısı zamanı qarın boşluğu orqanlarının reflektor reaksiyaları (bağırsaq parezi, meteorizm, qarın divarının gərginləşməsi, qusma) ön plana keçir.
Böyrək sancısı kəskin, tipik, birdən-birə başlanan, sidik axarları və cinsi orqanlara irradiasiya olunan bel ağrıları ilə gedir. Ağrı o dərəcədə dözülməz olur ki, xəstələr ancaq narkotik maddələrin tətbiqi ilə sakitləşdirilir. Böyrək sancısı reflektor olaraq sidiyin ifrazının kəskin azalması və anuriya ilə nəticələnə bilir. Xəstədə qeyri-müəyyən tipli titrətmə müşahidə olunur. Temperaturun artması, leykositoz və digər böyrək sancısı əlamətləri ləyən-böyrək reflyuksu ilə əlaqədar olur və bu zaman müəyyən miqdarda sidik qana keçir.
Böyrək sancısı zamanı rast gəlinən daimi şikayətlərdən biri – bel nahiyəsində olan küt agrıdır. Ağrının hərəkət zamanı və fiziki iş nəticəsində kəskinləşməsi və sakitlik zamanı keçib getməsi xarakterik əlamətdir. Belə ağrı adətən irihəcmli hərəkətsiz daşlara aid olub, böyrəkdə baş verən durğunluq nəticəsində fibroz kapsula məxsus sinir uclarının qıcıqlanması ilə əlaqədardır.
Obyektiv müayinə zamanı bel nahiyəsində ağrı olur. Əlləmə zamanı böyrək və sidik axarı istiqamətində ağrı müəyyən olunur. Sidikdə sancıdan sonra və az hallarda sancı zamanı zülal, təzə eritrositlər və leykositlər tapılır. Nefrolitiaz (böyrək daşı xəstəliyi) zamanı əsas əlamətlərdən biri kimi sidiklə daşların ifrazı müşahidə olunur, xüsusilə tutmalardan sonra.
Sidik yollarının selikli qişasının, selikli qişaaltı xırda kapillyarların zədələnməsi hematuriya törədir. Hamar daşlar (fosfat) sidik yollarını az zədələyir və nadir hallarda hematuriya verir. Iti kənarlı konkrementlər isə (oksalatlar) selikli qişanı daha çox zədələyir, belə ki, daha tez-tez hematuriya törədir.
Böyrəklərdə və sidik yollarındakı prosesə infeksiyanın qoşulması piuriyaya gətirib çıxarır. Xəstələrin 13%-də nefrolitiaz simptomsuz gedişə malik olur. Böyrəkdə daşın olması müxtəlif rentgenoloji müayinələr, ultrasəs müayinəsi və sidiyin müayinəsi zamanı aşkar oluna bilər. Bu vaxt adətən böyrəklərdə kobud morfələji dəyişikliklər və aydın gözə çarpan pielonefrit əlamətləri müşahidə olunur.
Çox hallarda böyrək daşı xəstəliyi xoş gedişə malik olur. Bəzən daş xaric olunduqdan sonra uzun müddət residiv vermir. Böyrək daşı xəstəliyinin infeksiyalaşması xəstəliyin gedişini ağırlaşdırır, prosesi xronik gedişə çevirir.
Qalxanabənzər ətraf vəzilərin hiperparatireoz əlamətləri ilə gedən adenoması zamanı massiv, ikitərəfli böyrək daşı müşahidə olunur. Xəstəlik ağır gedişə malik olur və böyrək çatışmazlıgı ilə nəticələnir. İkitərəfli nefrolitiaz və sidik axarlarının daşla ikitərəfli okklyuziyası çox vaxt ekskretor anuriya törədir.
Risk faktorları
irsi meylliliyin olması;
mədə-bağırsaq (qastrit, kolit, xora xəstəliyi və s.) və sidik-cinsiyyət sisteminin (pielonefrit, prostatit, prostat vəzin adenoması, sistit və s.) xroniki xəstəlikləri;
qalxanvariyanı vəzin funksiyasının pozulması;
osteomielit, osteoporoz, sümüklərin digər xəstəlikləri və ya travmaları;
müxtəlif mənşəli zəhərlənmələr və ya infeksion xəstəliklər nəticəsində orqanizmin uzun müddət susuzlaşması;
orqanizmdə baş verən vitamin (xüsusən D qrupu) çatışmazlıqları;
sidiyin turşuluğunu artıran qida məhsullarının (kəskin, turş, duzlu qidalar) daimi şəkildə qəbul edilməsi;
tərkibində duzların yüksək səviyyədə olduğu suların qəbul edilməsi;
coğrafi faktor
İsti iqlim şəraitində yaşayan insanlarda böyrək daşı xəstəliyinin inkişaf etmə ehtimalı daha yüksək olur;
ultrabənövşəyi şuaların daimi olaraq çatışmazlığı.
Türkəçarə
Hərəsindən 1 çay qaşığı olmaqla adi yovşan otu, çöl qatırquyruğu otu, bostan şüyüdünün toxumu, hərəsindən 1 xörək qaşığı olmaqla ayıqulağı yarpağı və yerkökü toxumu götürün. Bu bitki hissələrini xırdalayıb qarışdırın. Qarışıqdan 2 xörək qaşığı götürüb üzərinə 400 ml (2 stəkan) qaynar su tökün. 12 saat dəmlədikdən sonra bir az qaynadıb süzün. Dəmləməni yarım stəkandan gündə 3-4 dəfə ilıq şəkildə yeməkdən sonra qəbul edin.
Cəfəri və razyana toxumunun hərəsindən 1 xörək qaşığı, tozağacı tumurcuğundan isə 5 xörək qaşığı götürüb xırdalayın. 1 çay qaşığı yığıntının üzərinə 200 ml (1 stəkan) qaynar su töküb 2 saat ərzində isti yerdə dəmləyin. 1/4 stəkandan gündə 3 dəfə daxilə qəbul edin.
Hərəsindən 1 xörək qaşığı olmaqla solmazçiçəyi, mərcangilə yarpağı, xəşənbül otu, boyaqotu kökü, damotu otunu xırdalayıb qarışdırın. Yığıntıdan 2 xörək qaşığı götürüb üzərinə 400 ml (2 stəkan) qaynar su töküb 12 saat termosda dəmləyin. Gündə 3 dəfə yarım stəkandan qəbul edin.
Azər SALEHLİ
Azərbaycan Tibb Universitetinin tələbəsi