Modern.az

"Arzum 999" medianı peşəkar standartlardan uzaqlaşdırdı - ARAŞDIRMA 

"Arzum 999" medianı peşəkar standartlardan uzaqlaşdırdı - ARAŞDIRMA 

Aktual

Bu gün, 10:26

Sosial şəbəkələrin virtual dünyası ilə real həyatın hüquqi müstəvisi arasındakı sərhədlər silindikcə, cəmiyyətdə yeni xaos dalğası baş qaldırır. Ötən gün "Arzum 999" ləqəbli tiktoker İlduzə Hacıyevanın məhkəmə prosesinin yekunlaşması və ona verilən 5 il 2 aylıq həbs cəzası təkcə bir cinayət işinin sonu olmadı. Bu hadisə həm medianın ciddilikdən uzaqlaşmasını, həm "TikTok" platformasında aparılan hüquqazidd mühakimələri, həm də sıravi izləyicilərin təhqir xarakterli davranışlarını yenidən gündəmə gətirdi.

Modern.az məsələ ilə bağlı araşdırmasını təqdim edir. 

Virtual dünyadan dəmir barmaqlıqlar arxasına: 814 min izləyicisi olan tiktoker niyə həbs olundu?

34 yaşlı İlduzə Hacıyeva uşaq yaşlarında Almaniyaya köçüb və ömrünün 25 ilini orada yaşayıb. Almaniya vətəndaşı Denis ilə ailə quran və 4 övlad anası olan İlduzə son illər "TikTok"da açdığı canlı yayımlarla məşhurlaşmışdı. Həyat yoldaşına Azərbaycan dilini öyrədən və onunla bərabər maraqlı videolar paylaşan cütlük qısa zamanda 818 min izləyici toplayaraq ölkənin populyar tiktokerlərinə çevrildilər.

Lakin ötən ilin iyun ayında istirahət üçün Azərbaycana gələn İlduzənin həyatı Mərdəkan qəsəbəsində törətdiyi ağır yol qəzasından sonra dəyişdi. Gecə yarısı idarə etdiyi "Changan" markalı avtomobillə sola dönmə manevri edərkən arxadan gələn "Mercedes"lə toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxaraq bir neçə dəfə aşan "Mercedes"in 29 yaşlı sürücüsü Amal Məlikov hadisə yerində dünyasını dəyişib, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edildi və məhkəmə zalındaca həbs olundu. Məhkəmədən sonra tiktokerin atasının halının pisləşməsi və qarşı tərəf barəsində işlətdiyi sərt, qisas mütənasibli ifadələr sosial şəbəkələrdə müzakirələri daha da alovlandırdı. 

Saytlar bu kimi hadisələr hesabına IP yığmağa çalışırlar

Baş verən hadisənin və məhkəmə prosesinin uzun müddət ölkə mətbuatının əsas gündəm mövzularından birinə çevrilməsi media mühitində prioritetlərin müəyyənləşdirilməsi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Uzun illərdir fəaliyyət göstərən peşəkar xəbər resurslarının da bu mövzuya geniş yer ayırmasını media eksperti Səbuhi Abbasov da tənqid edir:

"Sosial media inkişaf etmiş ölkələrdə artıq mühüm ictimai fenomenə çevrilib. Xüsusilə Avropa ölkələrində və qardaş Türkiyədə bu sahə ilə bağlı xüsusi qanunvericilik mexanizmləri tətbiq olunur, geniş maarifləndirmə layihələri həyata keçirilir. Təəssüf ki, bizdə bəzi media resursları sosial şəbəkələrə daha çox populyarlıq və baxış sayı qazanmaq vasitəsi kimi yanaşır, bu isə bəzən peşəkar jurnalistika prinsipləri ilə uzlaşmayan yanaşmaların ortaya çıxmasına səbəb olur".

Ekspertin sözlərinə görə, redaksiyaların "oxucu bunu istəyir" arqumentinə istinad etməsi əsaslı yanaşma hesab oluna bilməz:

"Dünya təcrübəsi göstərir ki, medianın təqdim etdiyi məzmun ictimai zövqün və informasiya tələbatının formalaşmasına ciddi təsir göstərir. Əgər media etik prinsiplərə sadiq qalaraq peşəkar və keyfiyyətli materiallar hazırlayarsa, auditoriya da zamanla bu məzmuna üstünlük verəcək. Hazırda isə bəzi media qurumları daha az resurs sərf etməklə geniş auditoriyaya çatmağa çalışırlar. Bu yanaşma ictimai rəyin manipulyasiyasına şərait yaradır və xüsusilə gənclər arasında yanlış informasiya vərdişlərinin formalaşmasına səbəb ola bilər. Media qurumlarının rəhbərləri üzərlərinə düşən məsuliyyəti dərk etməli, peşəkar standartları, milli-mənəvi dəyərləri və ictimai maraqları daim diqqətdə saxlamalıdırlar."

Sosial şəbəkələrdə emosional tərəfkeşliyin psixoloji səbəbləri

Sosial şəbəkələrdə, xüsusilə "TikTok" platformasında bu məhkəmə prosesinin geniş müzakirə olunması cəmiyyətin psixoloji davranış modelləri ilə bağlı müxtəlif suallar doğurur. Psixoloq Aytən Ələkbərova deyir ki, insanların başqalarının şəxsi həyatı ilə bağlı hadisələrə həddindən artıq maraq göstərməsinin arxasında fərqli sosial və psixoloji amillər dayanır:

"Bəzi hallarda insanlar öz gündəlik problemlərindən və emosional gərginliklərindən uzaqlaşmaq üçün başqalarının həyatında baş verən hadisələri yaxından izləyirlər. Bu zaman hadisələrə obyektiv yanaşmaq əvəzinə, şəxsi təcrübə və emosiyalar əsasında münasibət formalaşdırırlar. Nəticədə insanlar hadisənin hüquqi və ya faktiki tərəflərindən daha çox öz hissləri ilə hərəkət edərək tərəf tutmağa meyllənirlər".

Psixoloq hesab edir ki, sosial şəbəkələrdə aparılan emosional və aqressiv müzakirələr hadisənin iştirakçısı olan tərəflərə əlavə psixoloji təzyiq yarada bilər:

"Bu cür müzakirələr əksər hallarda problemin həllinə xidmət etmir, əksinə, qarşıdurmanı daha da dərinləşdirir. İnsanların emosional vəziyyətdə səsləndirdiyi fikirlərin və ya sərt ifadələrin davamlı şəkildə paylaşılması psixoloji yük yaradır. Hüquqi dövlətdə yekun qiyməti məhkəmə verir. Sosial şəbəkələrdə aparılan qızğın müzakirələr isə həm hadisədən zərər çəkən ailələrin, həm də prosesin digər iştirakçılarının yaşadığı psixoloji gərginliyi artıra bilər".

Anonim profillər hüquqi məsuliyyəti aradan qaldırmır

Bir çox sosial şəbəkə istifadəçisi hesab edir ki, canlı yayımlarda və ya şərh bölmələrində yazılan fikirlər heç bir hüquqi nəticə doğurmur. Lakin vəkil Elvin Əliyev bildirir ki, sosial şəbəkələrdə edilən paylaşımlar və rəylər də qanunvericilik çərçivəsində qiymətləndirilir və hüquqi məsuliyyət yarada bilər.

"Sosial şəbəkələrdə, o cümlədən "TikTok" platformasında davam edən məhkəmə prosesi ilə bağlı hüquqi əsası və etibarlı sübutları olmadan şəxslər haqqında ittiham xarakterli fikirlər səsləndirmək, onların şərəf və ləyaqətini alçaldan ifadələr işlətmək hüquqi məsuliyyət yarada bilər. Təhqir, böhtan və digər qanunazidd ifadələrdən istifadə edən şəxslər əməlin xarakterindən asılı olaraq mülki, inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Profilin anonim olması həmin şəxsi məsuliyyətdən azad etmir. Hüquq-mühafizə orqanları müasir texnoloji imkanlardan istifadə etməklə belə hesabların sahiblərini müəyyən edə bilirlər", - vəkil bildirib.

Elvin Əliyev ictimai rəylə məhkəmə proseslərinə təsir göstərmək cəhdlərinin də hüquqi dövlət prinsiplərinə uyğun olmadığını vurğulayıb:

"Azərbaycan Respublikasının Konstitusiyası təqsirsizlik prezumpsiyasını təmin edir. Şəxsin təqsiri yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilə bilər. Fikir azadlığı fundamental hüquq olsa da, bu hüquq digər şəxslərin şərəf və ləyaqətinə, şəxsi həyat toxunulmazlığına və ədalət mühakiməsinin normal həyata keçirilməsinə xələl gətirməməlidir".

Bir avtomobil qəzasına görə cəmiyyətdə qütbləşmə yaratmaq ağılsızlıqdır

Hüquqşünas Səməd Vəkilov da məsələnin hələ tam yekunlaşmadığını və tərəflərin apelyasiya instansiyasına müraciət hüququnun olduğunu xatırladaraq sosial şəbəkələrdə aparılan emosional müzakirələri tənqid edib:

"Qanuni qüvvəyə minməmiş məhkəmə hökmü əsasında sosial şəbəkələrdə kimisə birmənalı şəkildə "cani" və ya "günahsız" elan etmək təqsirsizlik prezumpsiyası prinsipinə ziddir. Apelyasiya instansiyası hökmü qüvvədə saxlamaq, dəyişdirmək, bəraət vermək və ya cəzanı ağırlaşdırmaq səlahiyyətinə malikdir.

Belə hallarda ictimai müzakirələrin hüquqi çərçivədən kənara çıxaraq emosional qarşıdurmaya çevrilməsi arzuolunan deyil. Cəmiyyətdə qütbləşməyə səbəb olan və hüquqi əsaslara söykənməyən mülahizələr nə ictimai əxlaqa, nə də hüquq mədəniyyətinə sığır", - deyə hüquqşünas bildirib.

DİN hüquqazidd əməlləri araşdırır

Sosial şəbəkələrdə yayılan təhqir xarakterli paylaşımlar və digər hüquqazidd hərəkətlərlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli qurumun mövqeyini açıqlayıb.

O bildirib ki, sosial şəbəkələrdə yayılan qanunazidd məzmunlarla bağlı daxil olan müraciətlər qanunvericiliyin tələblərinə uyğun qaydada araşdırılır.

"Sosial şəbəkələrdə yayılan açıq məzmunlar, o cümlədən təhqir halları və digər hüquqazidd əməllərlə bağlı daxil olan müraciətlər qanunvericiliyin tələblərinə uyğun olaraq tərəfimizdən araşdırılır. Konkret faktlar üzrə əməlin xarakterindən və hüquqi tərkibindən asılı olaraq qanunvericiliklə nəzərdə tutulan müvafiq tədbirlər görülür", – deyə Cəsarət Qənbərli bildirib.

"Arzum 999" hadisəsi bir daha göstərdi ki, blogerlərə və fenomenlərə tətbiq edilən hüquqi nəzarət mexanizmləri tezliklə virtual meydanlarda aqressiya püskürən sıravi izləyicilərə və klik arxasınca qaçan media quruluşlarına da şamil edilməlidir. Əks təqdirdə, "TikTok" canlı yayımları ədalət mühakiməsini kölgədə qoyan və cəmiyyəti mənəvi aşınmaya doğru aparan alternativ, lakin təhlükəli məhkəmə instansiyasına çevrilməkdə davam edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır