Lənkəranda yol-nəqliyyat hadisəsi yaşayış massivini işıqsız qoyub.
Modern.az xəbər verir ki, qəza gecə saatlarında şəhərin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb.
"BMW" markalı minik avtomobili idarəetmədən çıxaraq işıq və elektrik dirəklərinə çırpılıb. Avtomobildə olan 2 şəxs - şəhər sakinləri, 1995-ci il təvəllüdlü Elnur Eldar oğlu Zeynallı və 1994-cü il təvəllüdlü İlkin Azər oğlu İsmayılzadə müxtəlif bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan İ.İsmayılzadənin vəziyyəti orta-ağır qiymətləndirilir.
Qəza nəticəsində hadisənin baş verdiyi ərazidə elektrik təchizatı dayandırılıb.
Faktla bağlı araşdırma aparılır (apa).