Bu günlərdə tanınmış vəkil, AR Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədovun "Qətlin sonu"romanını oxudum. Əvvəl fikirləşdim ki, bir-iki səhifəsini oxuyub kənara qoyaram. Bir də ayıldım ki, əsərin yarısından çoxunu oxumuşam.
Bədii ədəbiyyatda ən çətin janr romandır. A.Məmmədovun əsərində janrın bütün xüsusiyyətlərinə əməl edilib: proloq, fabula (kulminasiya), epiloq - hər şey yerli yerindədir.
Mövzu, obrazlar və personajlar müəllifin vəkillik fəaliyyətindəki real hadisələrdən götürülsə də. ustalıqla ümumiləşdirilib və bədii obraz vəziyyətinə salınıb. İlk qələm təcrübəsi olsa da, cəlbedici və oxunaqlıdır, süjet xətti elə qurulub ki, oxucu yorulmur, hüquqi-maarifləndirmə nöqteyi-nəzərindən də çox əhəmiyyətlidir, obrazlar canlıdır. Roman oxucu ilə danışa bilir.
Mən bu əsəri “Bir vəkilin manifesti” adlandırardım. Əsər boyu müəllifin öz obrazı oxucunu müşayiət etsə də, bu, bədii priyom olaraq ehtiyatla və lazımi dozada verilib.
Romanın redaktoru yazıçımız Kənan Hacıdır…
Gülhüseyn Kazımlı,
şair-publisist və tədqiqatçı