Modern.az

Daha bir şəhidimiz dəfn olundu - FOTO

Daha bir şəhidimiz dəfn olundu - FOTO

Aktual

31 Yanvar 2021, 20:15

Kürdəmirdə şəhid kapitan Ramil Taqət oğlu Babayevin dəfn mərasimi olub.

 

Modern.az xəbər verir ki, şəhid Ramil Babayev ötən il sentyabrın 27-dən başlanan Vətən müharibəsində ilk gündən quru qoşunlarda kəşfiyyatçı kimi döyüşə qatılmışdı. O, sentyabrın 29-da Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olaraq itkin düşmüşdü. Bu gün isə onun cənazəsi doğulduğu rayona gətirilərək ailəsinə təhvil verilib və Şəhidlər xiyabanında torpağa tapşırılıb.

 

Dəfn mərasimində rayon rəhbərləri, şəhidin komandirləri və döyüş yoldaşları, yaxınları, ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak ediblər. Şəhidin komandiri üç rəngli dövlət bayrağımızı atası Taqət Babayevə təqdim edib, Ramilin qısa, şərəfli döyüş yolundan danışıb, vətənpərvər, cəsur zabit kimi şəhidlik zirvəsinə ucaldığını söyləyib.

 

Qeyd edək ki, şəhid kapitan Ramil Babayev 1991-ci ildə Kürdəmirdə anadan olub. İlk təhsilini Kürdəmir şəhər 1 saylı orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra öz istəyi ilə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. Sonra təhsilini Ali Hərbi Akademiyada davam etdirib. Oranı bitirdikdən sonra zabit kimi Goranboy rayonunda xidmətə başlayıb. Ailədə üç uşağın ən kiçiyi olan Ramil onu tanıyanlar arasında igid, cəsur, vətənpərvər oğul kimi tanınıb. Şəhid zabit ailəli idi və indi onun bir oğlu, bir qız övladı yadigar qalıb. Ramil dünyamızı anadan yenicə doğulan oğlundan xəbərsiz tərk etdi. İndi ailəsi körpəyə şəhid atasının adını qoymaq niyyətindədir (Azərtac).

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV