"Barselona" futbol komandasının kapitanı Lionel Messi müqaviləsinin sızdırılmasına görə klubun sabiq prezidenti Xosep Mariya Bartomeu, vitse-prezident Jordi Mestre, baş direktor Oskar Qrau, prezident vəzifəsini yerinə yetirən Karles Tuskets və hüquq departamentinin rəhbəri Roman Qomes Pontini məhkəməyə verəcək.
Modern.az xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.
Qeyd edək ki, Madirddə nəşr olunan "El Mundo" qəzeti Messinin "Barselona" klubu ilə 2017-ci ildə imzaladığı müqavilənin detallarını açıqlayıb.
Qəzet iddia edib ki, 4 illik müqavilə qarşılığında argentinalı hücumçuya 555 milyon avro məvacib ödənilib ki, bu da klubun büdcəsində ciddi kəsir yaranmasına səbəb olub.
İspaniya KİV-inə görə, Messi həm "Barselona"nı, həm də "El Mundo"nu məhkəməyə verəcək.
Yerli mətbuatın əldə etdiyi son məlumata görə, 2017-ci ildən etibarən "Barselona" Messi üçün 383 655 000 avro xərcləyib. Əvəzində isə bu müddətdə argentinalı hücumçu kluba 619 265 000 avro qazandırıb.
T.İSMAYIL