Bir müddət öncə Qusarda qadın əri tərəfindən bıçaqlanıb. Hadisə 2020-ci il dekabr ayının 17-də axşam saat 19 radələrində rayonun Bədirqala kəndində qeydə alınıb. Kənd sakini, 31 yaşlı Vera Əliyeva həyat yoldaşı, 33 yaşlı Camal Əliyevin bıçaqlı zərbəsinə tuş gəlib. Kürək nahiyəsindən xəsarət alan qadın həmin vaxt Qusar rayon Mərkəzi Xəstəxanası COVID-19-a görə bağlandığından Quba Diaqnostika Mərkəzinə çatdırılıb.
Qadının xəsarət alması faktına görə həmin tarixdən Qusar rayon Polis şöbəsinin istintaq bölməsində araşdırma aparılıb və cinayət işinin başlanılması rədd edilib. Çünki bıçaq xəsarəti alan gənc qadın ifadəsində hadisənin mətbəxdə olarkən anidən baş verdiyini, orada alma soyan qayınatası Hacıbala Əliyevin əlindəki bıçağın təsadüfən onun kürəyinə batdığını deyib.
Bu səbəbdən rədd edilən istintaq materialı rayon prokurorluğunda prokuror nəzarəti qaydasında araşdırılıb. Qusar rayon prokurorluğundan verilən məlumata görə, işin motivi, mexanizmi prosessual qaydada araşdırılarkən hadisənin zərərçəkən Vera Əliyevanın həyat yoldaşı Camal Əliyevin törətməsi qənaətinə gəlinib və materiallar təkrarən Polis şöbəsinin istintaq bölməsinə göndərilib. 15 yanvar 2021-ci ildə Polis şöbəsinin istintaq bölməsində respublika CM-nin 128-ci (bıçaq xəsarətləri yetirmə) maddəsilə cinayət işi açılıb.
Rayon prokurorluğunun məlumatına görə, araşdırma zamanı aydın olub ki, Camal Əliyev həyat yoldaşını bıçaqlayarkən onların oğlu da evdə olub. Ailə başçısı, 66 yaşlı Hacıbala Əliyevin təklifilə hadisənin təfərrüatları barədə polisə düzgün məlumat verilməyib. Guya anidən müvazinətini itirib yıxılan gəlini Veranın kürəyinə onun əlindəki alma soyduğu bıçaq batıb. Hadisəni törədən ər isə məsuliyyətdən kənarda qalıb. Bu hal təəssüf doğurur. Qadının zorakılığa məruz qalması və cinayətin gizlədilməsi faktı... Ailəsini qorumaq üçün doğrunu yalana dəyişən Vera kimi müti qadınlar sonra beləcə, ömrü boyu daha böyük zorakılığa məruz qalırlar. Haqqını tələb etmək əvəzinə yalan danışan Vera Əliyeva ilk ifadəsindən polisə düzgün məlumat verə bilməzdi?.. Verə bilərdi. Zorakılığın müqabilində qadın susqunluğu öz nəzərlərində sədaqətin sübutudursa, həm də ömrü boyu davamlı olaraq ər zorakılığına məruz qalmaq deməkdir. Eyni zamanda cinayəti gizlətmək gələcəkdə daha böyük cinayətlərə də səbəb ola bilər .Sadəcə, yazdım. Sözü tutan tutsun.
Aytəkin Alxaslı