Bu gün Ermənistanda istər ictimai-siyasi, istər iqtisadi vəziyyət çox ağır durumdadır. Ölkə iqtisadiyyatı tamamilə çökmüş vəziyyətdədir. Ölkə əhalisi kütləvi şəkildə Ermənistanı tərk edib xaricə üz tutur.
Hakimiyyətdə olan Paşinyan və onun komandası, eləcə də ona müxalif olan qüvvələr ölkə əhalisini öz tərəfində saxlamaq üçün Qarabağ məsələsini gündəmdə saxlamağa çalışırlar. Ermənistan hakimiyyətinin guya Dağlıq Qarabağın statusunun bərpa olunması və orada Ermənistan silahlı qüvvələrinin saxlanılması barədə fikirləri ölkədəki qeyri stabilliyin qarşısının alınmasına yönəlmişdir. Halbuki istər 10 noyabr 2020-ci il, istərsə də 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyannamələrdə Dağlıq Qarabağın statusu ilə bağlı heç bir bənd nəzərdə tutulmamışdır. Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən 10 noyabr 2020-ci il tarixli bəyannamədə qeyd olunduğu kimi, Ermənistan silahlı qüvvələri tam şəkildə Dağlıq Qarabağdan çıxarılmalı və orada istər Ermənistana məxsus, istərsə də Dağlıq Qarabağ separatçılarına tabe olan bir nəfər də olsun hərbiçi qalmamalıdır. Bu məqsədlə razılaşmaya əsasən bəyannamədə qeyd olunan məsələlərin icrasına nəzarət etmək üçün bölgəyə Rusiya sülhməramlı hərbi qüvvələri yerləşdirildi və Türkiyə və Rusiya hərbçilərindən ibarət monitorinq mərkəzi yaradıldı.
Düzdür, Dağlıq Qarabağda stabilliyi pozmaq məqsədilə istər Ermənistanda, istərsə də xaricdə ermənipərəst qüvvələr mövcuddur. Onlar bölgədə yenidən silahlı münaqişə yaratmaq və Dağlıq Qarabağın statusu barədə cəfəng fikirlər irəli sürürlər. Bir müddət bundan əvvəl erməni silahlıları təxribata əl atdılar. Diversiya qrupu Azərbaycan hərbçilərinə hücum etdilər. Azərbaycan Ordusu onların bu silahlı təxribatının qarşısını aldı və diversiya qrupunun bir hissəsi məhv edildi, digər hissəsi isə əsir götürüldü. Azərbaycan tərəfi haqlı olaraq bütün dünyaya bu yaraqlıların hərbi əsir deyil, terrorçu olduqlarını bəyan etdi. Bu hadisə birbaşa olaraq regionda stabilliyi pozmağa cəhd edən qüvvələrin təxribatı idi.
Son vaxtlar Ermənistanda revanşist qüvvələr meydana çıxmaqdadır və Azərbaycana qarşı yeni müharibəyə başlamaq haqqında fikirlər formalaşdırırlar. All Baş Komandan cənab İlham Əliyev Ağdamda çıxışı zamanı onlara da xəbərdarlıq etdi və bildirdi ki, Ermənistan yenidən Azərbaycana qarşı hər hansı təxribat törədərsə onlar bundan da pis vəziyyətə salınacaq.
Prezident Ali Baş Komandan cənab İlham Əliyev bütün dünyaya, eləcə də Ermənistan rəhbərliyinə bəyan etdi ki, ermənilər bir dəfə öz müqəddəratlarını həll ediblər və Cənubi Qafqazda özlərinə dövlət qurublar. Əslində bu torpaqlar da keçmişdə Azərbaycanlılara məxsus olub. Həmçinin Azərbaycan ərazisində ikinci Ermənistan dövləti qurula bilməz və Dağlıq Qarabağın statusu barədə heç bir söhbət gedə bilməz deyə Prezident vurğulayıb.
Dağlıq Qarabağda yaşayan və qeydiyyatda olan ermənilərə gəldikdə isə Prezident cənab İlham Əliyev bütün çıxışlarında onların Azərbaycan Respublikasının vətəndaşları olduqlarını və digər vətəndaşlarımız kimi onların bütün hüquqlarının təmin olunacaqlarını qeyd etmişdir.
Ölkə başçısı dünya dövlətlərini sülh prosesinə dəstək verməyə, bölgədə sülhə və əmin-amanlığa mane olmamağa çağırdı.
Əgər Ermənistan rəhbərliyi 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyannamələrini tam şəkildə yerinə yetirərsə, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin bərpa olunmasına mane olmazsa, eləcə də Azərbaycanla dostluq və qonşuluq şəraitində yaşamağa üstünlük verərsə, Azərbaycan da öz növbəsində Ermənistanla bütün kommunikasiya xətlərini açar, regiondakı bütün beynəlxalq layihələrə Ermənistan da cəlb oluna bilər.
Azərbaycan dövləti və xalqı həmişə bu missiya ilə çıxış edib, sözdə deyil, əməldə də nəinki bölgədə, bütün dünyada əmin-amanlığın, sülhün, inkişafın tərəfində olduğunu bildirib.
Kamilə Əliyeva
Milli Məclisin deputatı