“Yaxın zamanlarda təbii mühitdə yetişən balıq və balıq məhsullarından istifadə azaldılacaq və süni su hövzələrində yetişdirilən balıq məhsullarından istifadə genişlənəcək”.
Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji resursların tədqiqatı mərkəzinin direktoru Mehman Axundov məlumat verib. Onun fikrincə, yetişdirilən balıqlardan istifadə ilə təbii mühitə təsir azalacaq, balıq populyasiyasının qorunmasına müsbət təsir göstəriləcək:
“Balıq ovu tək Azərbaycanda deyil, bütün dünyada azalır. Amma balıq ehtiyatlarının azalmasına tək ovçuluq deyil, ekosistemin son 20 il ərzində tarazlaşmasının pozulması da təsir edib. Xəzər dənizinin dibində çoxlu vulkanik püskürmələr var və kimyəvi maddələr suya daxil olur”.