Modern.az

Müxalifət və iqtidarın Qarabağ birliyi: Öncə dövlət maraqları... 

Müxalifət və iqtidarın Qarabağ birliyi: Öncə dövlət maraqları... 

Aktual

10 Oktyabr 2021, 13:51

Artıq birinci ildönümünü qeyd etdiyimiz 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik var, hər kəs ictimai və dövlət maraqlarının müdafiəsi naminə yumruq kimi birləşməyi özünə borc bilir.

 

Müharibə dövründə bütün vətəndaşlarımız həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, istənilən maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyalar siyasi baxışlarını bir kənara qoyaraq milli birlik nümayiş etdirdilər. Göstərdilər ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq Vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün şəxsi arzu və istəklərdən öndədir. Qətiyyətimizlə onu də göstərdik ki, biz birlikdəyik və güclüyük! Qələbəmizin qazanılmasında, Zəfər əldə etməyimizdə birliyimizin rolu əvəzsizdir.

 

Vətən müharibəsinin birinci ildönümündə də siyasi partiyalar Qarabağ naminə dövlət maraqlarının müdafiəsi istiqamətində həmrəyliyi davam etdirirlər. Elə bunun nəticəsi olaraq, oktyabr ayının 7-də siyasi partiyaların sədrləri və təmsilçiləri, politoloqlar və mətbuat nümayəndələri Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi altında Şuşa şəhərinə səfər ediblər. Səfərdə 43 siyasi partiyanın 55 nümayəndəsi iştirak edib. 

 

Səfər zamanı Ədalət Vəliyev partiya sədrlərinə müraciətlə prezident İlham Əliyevin onlara salamlarını çatdırıb. O, eyni zamanda Şuşa səfərinin, ictimai-siyasi təşkilatların Qarabağ savaşı dönəmində, ondan sonra verdiyi dəstək bəyanatlarının əhəmiyyətindən danışıb: “Azərbaycan nəinki siyasi, hərbi, iqtisadi sahədə, milli-siyasi birliyi ortaya qoymaqla özünün dünyaya birlik mesajlarını verdi. Müharibənin ilk günlərində siz də öz bəyanatlarınızla partiya rəhbərlərinin müharibəyə hazır olduğunu bəyan etdiniz. Müharibə başlayandan sonra da bəyanatla milli birlik ortaya qoyuldu. Enişli-yoxuşlu yollar gedirik. Azərbaycan bu yolda irəliləyərkən milli birliyini, sarsılmaz iradəsini hər zaman göstərib və göstərəcək”.

 

Ə.Vəliyev bildirib ki, iqtidar-müxalifət dialoqu Azərbaycan dövlətçiliyinin qorunması və inkişafı üçün, eləcə də Azərbaycanın timsalında regionun dayanıqlı inkişafını təmin edən bir vasitədir. Məhz bu dialoqun vasitəsilə siyasi partiyaların fəaliyyəti üçün hüquqi və təşkilati əsaslar yaradılıb. Ölkəmizdə mövcud siyasi partiyaların sayı bilavasitə Azərbaycanda yaşanan siyasi plüralizmdən xəbər verir. Azərbaycanda demokratik münasibətlərin inkişafı naminə partiyalara hökumət tərəfindən ayrılan diqqət artır və şaxələnir: 

 

“Siyasi həmrəyliyin təcəssümü olan siyasi dialoqun ölkəmizdə mövcudluğu eyni zamanda siyasi sabitliyi təmin edən əsas amillərdən biridir. Təqdirəlayiq haldır ki, hökumətin bu cür təşəbbüslərində alim, siyasi ekspert və şərhçilər də fəal iştirak edirlər. Bununla Azərbaycan hökuməti, əslində müxtəlif sahələrin potensialının səfərbər olunmasını təmin edir. Belə ki, Şuşa şəhərinə təşkil olunmuş səfərdə siyasi partiya nümayəndələri ilə yanaşı politoloq və siyasi şərhçilərin iştirakı heç də təsadüfi sayıla bilməz”.

 

Şuşadan Azərbaycan xalqına səslənən Vətəndaş İnkişaf Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı Şuşanın azad edilməsində canını ortaya qoyan əsgərlərimizə minnətdarlığını ifadə edib: 

 

“Mən bir anlıq yadıma saldım ki, bizim avtobusla, rahat şəkildə gəldiyimiz yolla bizim əsgərlərimiz necə əziyyət və zülmlə gəliblər. O əsgər Şuşanı almaq üçün Azərbaycanın müxtəlif guşələrindən gəlib, birgə bu torpaq üçün mübarizə aparıblar. Onlar canları bahasına o birliyi nümayiş etdiriblərsə, bu siyasi partiyalara nə düşüb ki, yan-yana, bir yerdə Qarabağa gələ bilməsinlər? Vətənin taleyi söhbəti gedəndə siyasi ayrı-seçkiliklər olmamalıdır”.

 

Şuşa səfərində iştirak edən Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Azərbaycanın bütün siyasi qüvvələrinin qələbədən sonra bir yerdə, həmrəylik içində bu gözəl yerləri ziyarət edib, quruculuq işləri ilə tanış olduğunu söyləyib: 

 

“Bura gələndə bir daha əmin olursan ki, Azərbaycan Ordusu hansı alınmaz qalanı ala bilib. Şuşa Qarabağın taleyidir. Azərbaycan bu qalanı fərh etməklə Qarabağı bütünlüklə fəth edib. Şuşa kimdədirsə, Qarabağ ondadır. Ötən il bu vaxt müharibə həyəcanı yaşayırdıq. İndi isə şəhidlərin, qazilərin sayəsində bu torpaqlara gələ bildik. Bir daha anladıq ki, hər zaman dövlətçilik yolunda hamı bir olmalıdır ki qarışıqlıq, təfriqə olmasın. Dövlət, dövlətin qorunması, vətənin taleyi məsələsində hamı bir yerdə olmalıdır. 30 il əvvəl yaşadıqlarımızı bir daha yaşamamaq üçün bura həm də ibrət olmalıdır”.

 

“Azəri Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə Şuşa səfərini çox önəmli ziyarət kimi qiymətləndirir. Müxtəlif siyasi görüşü olan insanların sevgi və  həyəcanla Şuşaya gəlməsi ciddi siyasi hadisədir: 

 

“Mən 30 il öncə Şuşaya gəlmişdim. Şuşaya girəndə ürəyimin çırpıntısını hiss etdim. Çünki Şuşa bu millətin mənəvi paytaxtıdır. Azərbaycan dövləti, türk dünyası üçün çox önəmlidi. Şuşanın girişindəki ”Şuşa, sən artıq azadsan" sözlərini oxumaq, azad Şuşanın abad olduğunu görmək bir başqa sevincdir. Daha gözəl olacaq Şuşamız".

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Şuşanı gördüyünə görə həddindən artıq sevinc hissi yaşadığını söyləyib: 

 

“Eləcə də Şuşanın simasını görəndə adam həddindən artıq qəmgin olur. Şuşa Sovet dövründə necə idisə, inkişaf baxımından elə qalıb. O zaman necə ki Azərbaycan kəndləri solğun, gözdən, diqqətdən uzaq idisə, Şuşa bir az da artıqdır. Azərbaycanın digər şəhərlərindən sanki 30-40 il geridədir.

Lakin işğaldan azad olunmuş digər şəhərlərə baxanda Şuşanın bəxti gətirib. Çünki o biri şəhərlərimizi tamamilə yerlə-yeksan ediblər. Şuşaya isə baxımsızlıq, ögey münasibət olub, dağıntılar o qədər də yoxdur.

Amma yenə də ermənilər Azərbaycan mədəniyyətinin bütün izlərini itirməyə çalışıblar. Xan qızı Natəvanın evini, Xan bulağını dağıdıblar. Şuşanın bağlarında, yaşıllıqlarında baxımsızlıq hökm sürüb. Necə ki bir uşaq yad adamın əlinə düşür, qeyri-insani rəftar görür, Şuşa da ermənilərin tapdağında elə qeyri-insani rəftar görüb.

 

Artıq orada sürətli işlər həyata keçirilir. Şuşa da Azərbaycanın digər şəhərləri kimi inkişaf edəcək. Siyasi partiya rəhbərlərinin Şuşaya səfəri həm də bir tarixi aktdır. İqtidarla birlikdə olmağımız dünyaya Qarabağla bağlı siyasətin birmənalı dəstəkləndiyini göstərən mesajdır”. 

 

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn vurğulayıb ki, yaşından, təcrübəsindən, mövqeyindən asılı olmayaraq, işğaldan sonra Şuşaya ilk dəfə gedən hər kəs xoş və qarışıq duyğular içərisində idi:

 

“Bu, bütövlükdə pozitiv duyğular idi. Şuşada indiyəqədərki və hazırda görülən işlərlə tanış olduq. Prezidentin xüsusi nümayəndəsi Şuşanın baş planı haqqında məlumat verdi. Şuşanın tarixi yerlərində, bərpa aparılan hissələrdə olduq. Şuşanın azad olunması böyük tarixi hadisə olsa da, bu şəhər hələ şuşalılarsızdır. Yekun fikrimiz o oldu ki, şuşalılar köçəndə bir daha gəlmək qismət olsun.

 

Əksəriyyətin fikri bu oldu ki, şəhərdə məskunlaşmanı sürətləndirmək lazımdır. Bu ümumxalq məsələyə çevrilməli, hər kəs üzərinə düşəni etməlidir”.

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev çox yüksək əhval-ruhiyyə ilə səfərə qatıldığını vurğulayıb:

“30 il həsrətini çəkdiyimiz Şuşanı görmək nəsib oldu. Şuşanın necə dağıdıldığı, necə baxımsız qaldığı ortaya çıxdı. Aydın görünürdü ki, ermənilər orada qalıcı olmadıqlarını dərk ediblər. Ona görə heç nə tikib, qurmayıblar.

Biz Azərbaycanın qeyrətli oğullarına, müzəffər ordumuza minnətdar olmalıyıq ki, Şuşanı Azərbaycana yenidən qaytardılar.

Şuşadan Xankəndiyə baxdıq. Azərbaycanın indiki iqtidar-müxalifət birliyinin gücü sayəsində biz Xankəndiyə də yaxın zamanda gedə biləcəyik. Bu bizim üçün çox önəmli məsələdir.

Əgər biz milli birliyimizi bu cür davam etdirsək, mən əminəm ki, yaxın zamanda Xankəndinin meri Hafiz Hacıyev qonaqları şəhərdə qarşılayacaq”.

 

Ağ Partiya sədri Tural Abbaslının fikrincə, azad olunmuş torpaqlara getmək fərqli hisslər yaşadır:

 

“Ən önəmlisi qürur və fəxr duyduq. Eyni zamanda bir minnətdarlıq, borcluluq duyğusu ilə ərazilərimizə ayaq basdıq. Mən hər qarışda şəhidlərimizi, qazilərimizi, veteranlarımızı, onların ailələrini xatırlayırdım. Bu qələbə bizə ucuz başa gəlməyib. Düşünürsən ki, bizim maşınla 4-5 saata getdiyimiz yolu igidlərimiz piyada qət ediblər. Yağışda, soyuqda, üzərlərində böyük yüklə sıldırım qayaları qalxıb, şəhəri azad ediblər. Bu çox böyük fədakarlıqdır.

 

Şuşada bu illər ərzində bir dənə bina da tikməyiblər. Zaman donmuş kimidir. Sanki 1989-90-cı illərdə şəhər necə idisə, indi də elə qalır. Şuşa sanki komaya düşmüşdü və bir ildir artıq nəfəs alır, yaşamağı öyrənir. Mistik bir ab-havası olan şəhərdir. İnsanların canından keçdiyi müqəddəs yerləri dünənə qədər bir-birinə düşmən olan siyasi partiyaların birlikdə səfər etməsi də Qarabağın bizi birləşdirən dəyər olduğuna mesajdır”.

Ümid Partiyasının rəhbəri İqbal Ağazadə isə duyğularını ifadə etməkdə çətinlik çəkib:

“Elə duyğular var, onları sözlə ifadə etmək mümkün deyil. Şuşa haqqında, ümumiyyətlə işğaldan azad edilmiş ərazilərimiz barəsində nə isə danışmaq çətindir. Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı, xalqımıza həmişə birlik, bərabərlik arzu edirəm ki, belə faciələr bir də başımıza gəlməsin.

Torpağım, ata-baba yurdum işğaldan azad olunub. Şuşanı işğaldan azad edən hər bir hərbçimizin şücaəti ilə qürur duydum. Şuşanın hər bir daşında belə güllə izləri var. Orada şəhid, qazi olanların haqqını bütün Azərbaycan bir ömür verə bilməz.

Duman Şuşanın gözəlliyini görməyə imkan verməsə də, orada olmağın əhval-ruhiyyəsi başqa idi. Şuşanın dumansız zamanında onun təkrarolunmaz peyzajı üzə çıxır. Onu görəndə sən dəhşətə gəlirsən ki, sıldırım qayaların üzərində bu qədər gözəl bir şəhəri düşməndən azad etməyin qəhrəmanlığı nə qədər ucadır”.

 

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov da Şuşada ilk dəfə olub:

 

“Çox böyük təəssüratlar yaşadım, ehtiraf edim ki, kövrəldim də. 30 il düşmən tapdağı altında olmuş, bu gün Ali Baş Komandanın rəhbərliyi və müzəffər ordumuzun rəşadəti ilə azad edilmiş torpaqları ziyarət etmək hər bir azərbaycanlı üçün böyük qürur hissi və baş ucalığıdır. Yol boyunca qarşılaşdığım mənzərələr mənim üçün erməni vəhşiliyinin, vandalizminin, barbarlığının bir daha əyani sübutu oldu. Düşmənlərin yaratmış olduqları bu xarabalıqlar üzərində yenidən abadlaşacaq gözəl bir məkanı gözlərim önündə canlandıraraq, daxilimdə rahatlıq tapırdım. Bu rahatlığın əsasını 44 günlük müharibədən sonra, qısa müddət ərzində görülmüş işlər təşkil edirdi. Zəfər yolu, yeni, modern tipli aeroport, müasir yarımötürücü elektrik stansiyaları və s. işlər məndə əminlik yaradır ki, Qarabağ müəyyən zaman kəsiyindən sonra yenidən cənnətə çevriləcək.

 

Siyasi partiya rəhbərlərinin, müstəqil politoqların, jurnalistlərin birlikdə Şuşaya səfəri bir daha xalqımızın birliyinin əyani göstəricisidir. Biz, mənsub olduğumuz ideologiyadan, apardığımız siyasi mübarizədən asılı olmayaraq, öncə azərbaycanlı olmağımızı unutmamalıyıq. Milli təəssübkeşlik, ərazi bütövlüyü, müstəqil - suveren hüquqlarımızın qorunması hər bir azərbaycanlının təməl prinsipi olmalıdır. Biz bir millət olaraq bütün dünyaya, lazım olan anda “dəmir yumruq” kimi birləşməyin mümkünlüyünü göstərə bildik. Milli mənafe uğrunda bu birlik əbədi və sarsılmazdır! Qarabağ Azərbaycandır!”.

Aysel Aslan

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda dərc olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı