Türkiyənin Turizmin Tanıtımı və İnkişafı Agentliyinin (TGA) təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalist İstanbulda keçiriləcək Formula 1 Qran-pri yarışlarını izləyir.
Jurnalistlər arasında Modern.az-ın təmsilçisi də var.
TGA-nın dəstəyi ilə İstanbul Qran-prisini izləmək üçün dünyanın 20 ölkəsindən jurnalistlər Türkiyəyə dəvət olunub. Onların arasında Azərbaycanla yanaşı, Almaniya, İtaliya, Polşa, Rusiya, Bolqarıstan və digər ölkələrin KİV nümayəndələri, bloggerləri var.
Formula 1 ərəfəsində KİV təmsilçilərinə şəhərlə tanış olmaq, İstanbulun tarixi yerlərini gəzmək imkanı yaradılıb. Türkiyənin ilk və yeganə sənaye muzeyi olan Rahmi M.Koç muzeyinin ziyarəti xarici jurnalistlərin xüsusi marağına səbəb olub.
Tanınmış iş adamı Rahmi Koç tərəfindən yaradılan muzey İstanbulun Haliç bölgəsində, dəniz kənarında yerləşir. Muzeydə müxtəlif dövrlərə aid avtomobillər, qatarlar, gəmilər, velosiped və motosikletlər, təyyarələr, arabalar və digər nəqliyyat növlərinin əlilləri və maketləri yer alır. Burada Harri Potter filmində uçan maşın -1966-cı il istehsalı olan "Ford", ötən əsrin 60-90-cı illərinə məxsus Cadillac, Buick, Rolls Royce, Linkoln kimi nadir modellər var.
Muzeydə həm də Osmanlı imperiyasının son sultanının gəzdiyi tramvay, İstanbul küçələrində dolaşan atlı tramvay, Türkiyənin inşa etdiyi gəmilərin, ötən əsrin təyyarələrinin orijinalı yerləşir. Sahəsi 27 min kv.metr olan muzeydə Koç ailəsinə məxsus kolleksiyanın nümunələri də sərgilənir.
Jurnalistlər İstanbulun tarixi mərkəzi – məşhur SultanAhmet məscidini, yaxın keçmişdi məscidə çevrilən Aya Sofya məbədini ziyarət ediblər. Onların tarixi İppodrom meydanında Bizans imperiyasının qalıqlarını izləmək şəraiti də yaradılıb. Xarici media nümayəndələri müasir İstanbulun görməli yerlərini də gəziblər.
Qeyd edək ki, Formula 1 yarışları ilə əlaqədar İstanbulda turistlərin sayında kəskin artım müşahidə olunurdu. Hətta turizm şirkətləri otellərdə sıxlığın olduğunu vurğulayılrdılar. Yarışı izləmək üçün 100-dən çox xarici media orqanı akkreditasiyadan keçib.
F.Əli, məxsusi olaraq Modern.az üçün