Sumı vilayətinin Trostyanets şəhərində Ukrayna Dövlət İstintaq Bürosunun müstəntiqləri Rusiyanın bütün ölkə ərazisini ələ keçirməyə hazırlaşdığını əks etdirən mühüm sənədlər tapıblar.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Axtarışlar zamanı ikisi uşaq olmaqla 23 nəfərin cəsədi, eyni zamanda önəmli sənədlər aşkar edilib.
Qeyd olunub ki, müstəntiqlər rus işğalçıları tərəfindən faktiki olaraq dağıdılmış şəhərin 2 min hektardan çox ərazisinə baxış keçirib. Təcavüzkarın döyüş hissələrinin yerləşdiyi yerlər və atəş mövqeləri müəyyən edilib. Əraziyə baxış zamanı Rusiya hərbçilərinin sənədləri və şəxsi əşyaları aşkar edilərək götürülüb.
Məlumata görə, Rusiya qoşunları tərəfindən şəhərin infrastrukturunun artilleriya və minaatanlardan atəşə tutulmasının nəticələrinin araşdırılması zamanı Trostyanets şəhərinin 322 yaşayış binası və mülki obyektinə zərər dəydiyi müəyyən edilib.
Dövlət İstintaq Bürosundan o da bildirilib ki, istintaq hərəkətləri zamanı işğalçıların mülki şəxslərə işgəncə verdiyi yerlər aşkar olunub. Mülki şəxslərin qanunsuz həbsi və işgəncələrə məruz qalması ilə bağlı ən azı 34 fakt qeydə alınıb. Hadisə yerindən dəyənəklər, qandalları, metal maşa və qan izləri olan paltarlar götürülüb.