Türkiyə rəsmi Helsinkidən yayda rədd etdiyi altı ekstradisiya tələbinə yenidən baxmağı xahiş edib. Bundan başqa, avqustda Türkiyə Finlandiyaya ekstradisiya haqqında yeni sorğu göndərib.
Modern.az xəbər verir ki, bu barədə Finlandiya Ədliyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, hazırda bütün sorğular baxılma mərhələsindədir və buna görə də onlara hələlik münasibət bildirilmir.
Qeyd edək ki, Finlandiya və İsveçin NATO üzvlüyü üçün müraciəti ilə əlaqədar Türkiyənin ekstradisiya tələbləri ön plana çıxıb. Ankara həmin ölkələrin alyansa daxil olmaq niyyətini dəfələrlə açıq tənqid edib. Prezident Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Finlandiya və İsveç terrorçulara sığınacaq verir.
Xatırladaq ki, mayın 18-də Finlandiya və İsveç NATO-ya daxil olmaq üçün müraciət edib, iyulun 5-də isə onların alyansa üzvlüyü barədə protokollar imzalanıb. Türkiyə əvvəlcə həmin ölkələrin NATO üzvlüyünə qarşı çıxıb və onları terrorçuları himayə etməkdə təqsirləndirib, alyansın Madrid sammitindən sonra isə ekstradisiya haqqında Helsinkiyə və Stokholma sorğular göndərib.
Ümumilikdə Ankaranın 2019-2022-ci illərdə Finlandiyaya bununla bağlı ümumilikdə 11 sorğu ünvanlandığı bildirilir.